Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət

Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov fevralın 14-də Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib.

Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də postmünaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi üzrə təklifləri irəlilətməsinə baxmayaraq, Ermənistanın prosesə daim maneçilik törətdiyini qeyd edib. Nazir Ermənistanın sülh sazişi üzrə dekabrda keçirilməsi nəzərdə tutulan danışıqların növbəti raundunu boykot etdiyini xatırladıb.

Laçın yolundan üçtərəfli Bəyanatla nəzərdə tutulmayan təyinatdan kənar məqsədlər üçün istifadə edilməsi diqqətə çatdırılıb.

Nazir etirazçıların legitim tələblərinin hələ də yerinə yetirilmədiyini və Ermənistan tərəfinin bu vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə edərək məsələni yanlış məcraya yönəltdiyini vurğulayıb.

Görüşdə, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.