Ceyhun Bayramov: Beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi hərzamankından daha müstəsna əhəmiyyət kəsb edir
Digər xəbərlər

Ceyhun Bayramov: Beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi hərzamankından daha müstəsna əhəmiyyət kəsb edir

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün yaranmış tarixi imkanın itirilməməsi məqsədilə beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi hərzamankından daha müstəsna əhəmiyyət kəsb edir.

"Respublika" xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı deyib.

Nazir Ceyhun Bayramov münaqişənin bitməsinə baxmayaraq bölgədə dayanıqlı sülhün bərqərar edilməsinin qarşısında bir sıra çağırışların, o cümlədən Ermənistan tərəfindən hərbi-siyasi təxribatların, mina təhdidinin davam etdirilməsi, müharibə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə məlumatların bugünədək verilməməsi, 1987-1991-ci illər arasında indiki Ermənistan ərazilərində etnik təmizləmə siyasətinə məruz qalmış Azərbaycanlıların hüquqlarının inkar olunması, Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin manipulyasiya edilməsi ilə reinteqrasiya səylərinə zərbə vurulmasının dayandığını vurğulayıb. Sözügedən istiqamətlərin insan hüquqları sahəsi ilə üzvi bağlantısını nəzərə alaraq, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və digər ixtisaslaşdırılmış qurumların, o cümlədən xüsusi prosedurların müvafiq mandatlarının bu sahədə əməli addımlar atmasının vacibliyi diqqətə çatdırılıb.