Latviya DSX-nin nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub
Digər xəbərlər

Latviya DSX-nin nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 iyun tarixlərində ölkəmizdə rəsmi səfərdə olub.

22 iyun DSX-nin Mətbuat Mərkəzinin məlumatında bildirilir ki, qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub, Ulu Öndərin ruhuna hörmət və ehtiramlarını bildiriblər. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad edilərək məzarları üzərinə güllər düzülüb.

Dövlət Sərhəd Xidmətinin aparatında rəsmi qarşılanma mərasimi təşkil olunub, general Quntis Puyats fəxri qarovul dəstəsinin önündən keçib, “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Görüşün rəsmi hissəsində Azərbaycan sərhəd mühafizəsi sisteminə dair təqdimat keçirilib, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Müzakirələrdə ikitərəfli və beynəlxalq əməkdaşlıq çərçivəsində qurumlar arasında icra edilmiş birgə fəaliyyətlərə nəzər salınıb, ölkələrimizin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, sərhəd təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin  aparılmasına dair razılıq əldə olunub.

“Respublika”.