Cənubi Qafqazda dayanıqlı sülhün, qarşılıqlı etimad mühitinin formalaşmasına əsas əngəl Fransadır
Siyasət

Cənubi Qafqazda dayanıqlı sülhün, qarşılıqlı etimad mühitinin formalaşmasına əsas əngəl Fransadır

Fevralın 21-də Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə mətbuat konfransında səslənən fikirlər bir daha sübut edir ki, Cənubi Qafqazda dayanıqlı sülhün, davamlı sabitlik perspektivlərinin xalqların birgəyaşayış və qarşılıqlı etimad mühitinin formalaşmasına əsas əngəl Fransadır. Baxmayaraq ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi BMT məqsədlərinin realizə olunmasında, o cümlədən beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərin, bu qəbildən dövlətlərin əməkdaşlığı prinsipinin təmin olunmasında qlobal öhdəliyə malikdir. Lakin görünən odur ki, bu gün Fransa faktiki olaraq ümumbəşəri dəyərləri özünün imperialist, təcavüzkar mahiyyətdə ehtiva olunan riyakar maraqlarına qurban verərək irticaçı subyekt kimi çıxış edir və onsuz da revanşist təfəkkürdən qurtulmamış İrəvanı da öz məqsədləri üçün yenidən alətə çevirir.

Məlumdur ki, Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində qazandığı qələbə bu gün Cənubi Qafqazda dayanıqlı sülh üçün tarixin heç bir dövründə olmadığı qədər münbit imkan yaradıb. Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə işğal və təcavüzə hərbi-siyasi yolla son qoyması artıq regional nizamı dəyişib, eyni zamanda nəhayət, Ermənistanın özü üçün də region dövlətləri ilə münasibətlərin normallaşması, regional layihələrin iştirakçısı olaraq dalan dövlət statusundan qurtulması üçün müstəsna imkan yaradıb. Belə bir məqamda Makronun erməni təəssübkeşi kimi davranaraq İrəvanı yenidən silahlandırmaq vədləri, fevralın 12-dəki sərhəd təxribatında haylara açıq dəstək verməsi anlaşılmazdır. Çünki əgər Fransa prezidenti, həqiqətən də Ermənistanın və erməni xalqının maraqlarını düşünsəydi, mövcud reallıqlara Ermənistan üçün yeni imkan kimi yanaşar, özünün və ölkəsinin təsir imkanlarından istifadə edərək mümkün qədər sülh və sabitliyin daha qısa müddətə reallaşmasına çalışardı. Amma Fransa Cənubi Qafqazda sülh və dayanıqlı sabitliyi özünün neoimperialist maraqlarının realizə olunmasına təhdid kimi baxır. Nəticə etibarilə də Fransa prezidenti artıq beynəlxalq ictimaiyyət qarşısında və media nümayəndələri üçün açıqlamalarında Ermənistanın revanşist niyyətlərinə açıq dəstək verməkdən və təcavüzkar niyyətlərə təşviq etməkdən çəkinmir. Bu isə ümumbəşəri dəyərləri hədəfə alan və qlobal təhlükəsizlik üçün təhdid əxz edən qəbuledilməz mövqedir və istər Fransa qanunvericiliyi, istər beynəlxalq hüquqla bəşəriyyət əleyhinə cinayətdir. Daha dəqiq desək, Afrika, Asiya və Okeaniyada müstəmləkə cinayətlərinin ardınca Paris artıq Cənubi Qafqazda sülh əleyhinə cinayətlərin təhrikçisi və təşkilatçısı kimi çıxış etməkdədir.

Təəssüf ki, 3 il ərzində iki dəfə kapitulyasiya imzalamağa məcbur olan Ermənistan da reallıqlardan dərs çıxarmayaraq Fransanın təhrikedici ritorikasının parçasına çevrilərək özünün dövlətçiliyini və milli təhlükəsizliyini yenidən təcavüzkar miflərə qurban verməkdədir.

Əlbəttə, biz Fransa və Ermənistan rəhbərləri tərəfindən dilə gətirilən ritorikanı diqqətlə izləyirik. Lakin heç kim unutmamalıdır ki, yeni dövrdə Azərbaycanın xarici siyasət kursunda Ermənistanla münasibətlər bizim üçün prioritet deyil. Möhtərəm Prezidentin andiçmə mərasimində dediyi kimi: "Azərbaycan artıq dünyanı narahat edən qlobal məsələlərlə məşğuldur". Yəni xarici siyasət kursumuzda Ermənistan kimi hansısa üçüncü dövlətlə münasibətləri nizamlamaq, yaxud Fransa kimi imperialist, əli qana batmış dövlətlə əlaqələri dərinləşdirmək kimi xüsusi hədəflərimiz yoxdur.

Konkret İrəvana gəlincə, cənab Prezidentin təbiri ilə desək, "indi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, sülh müqaviləsi imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək".

Biz ümumbəşəri dəyərləri rəhbər tutaraq bütün dünya xalqları ilə beynəlxalq hüquq normaları çərçivəsində mehriban əlaqələr qurmaq niyyətindəyik. Lakin bu, bərabərhüquqlu tərəfdaşlıq və bəynəlxalq hüquqa əsaslanan əməkdaşlıq formasında ola bilər. Makronun ritorikasından görünür ki, o, Cənubi Qafqazda bərabərhüquqlu tərəfdaşlıq yox, diktə etmək və imperialist niyyətlərini yeritmək üçün marionet subyekt axtarışındadır.

Azərbaycan isə özü hərbi-siyasi reallıq yaratmış, ərazi bütövlüyünü, suverenliyini öz gücü hesabına bərqərar etmiş qüdrətli və diktə edən beynəlxalq subyekt kimi, əlbəttə, Fransanın regionda qeyri-adekvat niyyətləri üçün alət ola bilməz. Əgər Paris bölgədə maraqlarını müdafiə etmək niyyətindədirsə, Azərbaycanın yaratdığı status-kvo ilə hesablaşmağa məcburdur. Bu mənada, Fransanın Ermənistanı yenidən silahlandırması, Makronun Paşinyanla birgə mətbuat konfransında yeni texnologiyalar vəd etməsi özlüyündə bölgədə heç nəyi dəyişə bilməz, əksinə, Ermənistanı əsassız olaraq inandıraraq yenidən münaqişəyə təşviq etməklə bu ölkədə dövlət böhranının, Ermənistanın "failed state" statusunun daha da dərinləşməsinə səbəb olacaq. Düşəcəyi daha çıxılmaz vəziyyətə görə isə möhtərəm Prezidentin 14 fevralda Milli Məclisdə də bəyan etdiyi kimi: "O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar və bölüşürlər".                 

Bəhruz MƏHƏRRƏMOV,

millət vəkili.