Cəbrayılın əvvəlki şöhrəti özünə qaytarılacaq
Region

Cəbrayılın əvvəlki şöhrəti özünə qaytarılacaq

"Var idi" - bu gün də "Var" deyirik

Bu gün hamı sevinir, şadyanalıq edir, xoş əhvali-ruhiyyə ilə yaşayır. Buna səbəb işğaldan azad olunmuş torpaqlarımızdan eşidilən əsl canlanma, coşqun həyat ritminin bərpa olunması, Böyük Qayıdışın musiqi sədalarına bənzər xoş ritmi... 30 il düşmən tapdağı altında qalan rayonlarımız yenidən qurulur. Cəbrayıl rayonu respublikamızın iri kənd təsərrüfatı bölgələrindən biridir. Müsahibimiz, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Şahin Şirinov söhbət əsnasında işğaldan əvvəl rayonun aqrar sahədə qazandığı nailiyyətlərdən həvəslə söz açır:

- Rayonumuzda kənd təsərrüfatı üçün 58.585 hektar əkinəyararlı torpaq sahəsi var idi. Onun 20.426 hektarı əkin, 7206 hektarı çoxillik əkin yerləri idi. 30.379 hektar örüş yerlərimiz heyvandarlığın inkişafına köməklik edirdi. Bundan əlavə, dincə qoyulan 550 hektar, 24 hektar biçənək sahəsi rayonumuzun ərazisinə daxil idi. 12.509 hektar suvarılan sahədən yüksək məhsuldarlıq əldə olunurdu. Bu qədər sahənin 5751 hektarı əkin yeri, 5294 hektarı çoxillik əkin, 24 hektarı biçənək, 856 hektarı qış otlaq sahəsi, 590 hektarı həyətyanı sahədən ibarət idi. İşğaldan əvvəl rayonumuzda 280 ton barama, 64 min ton üzüm, 18 min ton taxıl istehsal olunurdu. İctimai təsərrüfatlarda 12 min baş, şəxsi təsərrüfatlarda isə 35 min baş iribuynuzlu, şəxsi və ictimai təsərrüfatlarda 210 baş davar bəslənirdi. Göründüyü kimi, aqrar sahədə rayonumuzun böyük imkanları olub.

Artıq Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. 30 illik həsrətimizə son qoyan bu möhtəşəm hadisə yurdumuzun hər yerində olduğu kimi, bizim rayonumuzda da iki ildir ki, böyük coşqu ilə qeyd olunur. Sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci, xoşbəxt anları bizə bəxş edən Ali Baş Komandanımıza, Müzəffər Ordumuzun igid əsgər və zabitlərinə dərin təşəkkürümüzü bildiririk.

Hər qarışı min cür nemət bitirən barlı-bəhərli münbit torpaqlarımız yolumuzu gözləyir. Artıq o torpaqlardan traktor, texnika səsi eşidilməkdədir. Uzun illər boyu taxılçılıq, üzümçülük, heyvandarlıq rayonu olan Cəbrayılın əvvəlki şöhrəti tezliklə özünə qaytarılacaq. Aqrar sahədə çalışan cəbrayıllıların əkin-biçin işində zəngin təcrübəsi var. Biz, köçkün həyatı yaşadığımız illərdə də torpaqdan ayrılmamışıq. 30 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa dəstəyi nəticəsində ölkənin aqrar sektorunda dayanıqlı və dinamik inkişaf təmin edilmiş, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşması üçün əlverişli mühit yaradılmışdır. Respublikamızın əldə etdiyi belə nailiyyətlərdə hər il olduğu kimi, bu il də Cəbrayıl rayonunun payı vardır. Hamıya məlumdur ki, 1993-cü ilin 23 avqustunda rayon ərazisi erməni hərbi birləşmələri tərəfindən işğal edildiyindən əhalimiz respublikamızın 50-dən çox şəhər və rayonunun ərazisində məskunlaşmaq məcburiyyətində qalmışdılar.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 may 2002-ci il tarixli Fərmanı ilə Biləsuvar rayonu ərazisində məskunlaşmış 2698 ailənin hər birinə bərabər qaydada olmaqla müvəqqəti istifadə üçün 0,59 hektar, 1858 ailənin hər birinə isə 0,40 hektar əkin üçün torpaq sahəsi verilmişdir. Bununla yanaşı, məcburi köçkünlərin şəxsi vəsaitləri hesabına ətraf ərazilərin əkinəyararlı hala salınması və uzunmüddətli icarəyə götürülmüş torpaqlar hesabına əkin sahələri xeyli genişləndirilmişdir.

Yola saldığımız ildə rayon üzrə bütün əkin sahələrində aqrotexniki tədbirlər uğurla həyata keçirilmiş, fermerlərə DAİM-in mütəxəssisləri və Nazirliyin rayon tabeli qurumları tərəfindən vaxtaşırı maarifləndirici seminarlar vasitəsilə dəstək göstərilmişdir.

- Əlbəttə, mən cari ildə təsərrüfatın bütün sahələrində əldə etdiyimiz nailiyyətlərdən misallar gətirə bilərəm. Lakin mən, işğaldan əvvəl rayonun kənd təsərrüfatı göstəriciləri barədə yığcam olsa da, məlumat vermək istəyirəm. 1992-ci ildə Cəbrayıl rayonunun kənd təsərrüfatında qazanılmış bir sıra göstəricilərini də yada salmaq istəyirəm. Həmin il rayon üzrə 64 min ton üzüm, 275 ton barama, 20,6 min ton taxıl, 2600 ton tərəvəz, digər məhsullar istehsal edilmişdi. Keçmiş dövrdən danışdığımızdan "Var idi" deyirik. Bu günsə açıq alın, qürur hissi ilə "Var" deyirik.

Tofiq HÜSEYN,

"Respublika".