Yurda qayıdışın sevinc payı
Sosial həyat

Yurda qayıdışın sevinc payı

Dekabrın 7-də sübh çağı üzü yurda sarı daha 25 ailə öz arzusunun arxasınca yola çıxdı. Bu yollar 27 il həsrətin, vüsalın ünvanı olub. Artıq bütün çətinliklər arxada qalıb. Kədərimizi, qüssəmizi sevinc göz yaşlarında yuyub aydınlığa, yeni həyata qovuşuruq. Daha gözəl gələcəyə, işıqlı sabahlara addımlayırıq. 44 günlük Vətən müharibəsi ilə bütün acılarımıza son qoyuldu.

Vaxtilə doğma şəhərlərini, kəndlərini məcburi tərk edən körpə uşaqlar  bu gün ata, ana kimi öz ailələri, övladları ilə yurd  yerlərinə  qayıdırlar. Xain qonşuların təcavüzündən məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın nisgilinə son qoyulur, yurd həsrətinin acısı unudulur. Fərəhli, qürurlu günlər tariximizin parlaq   səhifələrində öz əksini tapır.

Artıq bütün Qarabağ və Şərqi Zəngəzur üzrə işlər böyük sürətlə aparılır. İllər öncə Cocuq Mərcanlıya başlayan köç karvanları Vətən müharibəsində qələbəmizdən sonra Zəngilanın Ağalı kəndində reallaşdı. Beləcə, arzular həqiqət, ümidlər inam işığı ilə alovlandı. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Böyük Qayıdış planına uyğun olaraq köç prosesi Laçın, Ağalı, Talış, Füzuli və digər kənd və şəhərlərdə uğurla davam etdirilir.

Düşmənin 30 illik işğal dövründə xarabalığa çevirdiyi  torpaqlarımızda həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Görülən işlər onu deməyə əsas verir ki, yaxın zamanda  Qarabağ və Şərqi Zəngəzur dünyanın inkişaf etmiş, gözəl  guşələrindən  birinə çevriləcək. Zamanla köçkün həyatı yaşamağa məcbur olmuş soydaşlarımız mərhələli şəkildə həsrət qaldıqları  yurd-yuvalarına dönəcəklər. Yurda qayıdan köç karvanlarının növbəti ünvanı Füzuli şəhəridir.

Baş Plana uyğun olaraq, Füzuli şəhərində 2040-cı ilədək 50 min nəfərin məskunlaşması planlaşdırılır. Növbəti 20 ildə əhalinin sayı 1993-cü illə müqayisədə 2,5 dəfə artacaq və şəhər 1936 hektar əraziyə malik olacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər Parkı salınacaq. Şəhəri əhatə edən yüksəklikdə isə Bayraq Meydanı yaradılacaq, həmçinin 21 hektarlıq Mərkəzi Park da salınacaq. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çoxmərtəbəli binalarla yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək, həyətyanı bağ sahələri olan fərdi evlər tikiləcək. 2026-cı ilin sonuna kimi 10 kəndin bərpası da nəzərdə tutulur. Şəhər sakinlərinin işlə təminatı istiqamətində də işlər aparılır. Füzuli həm də sənaye şəhəri kimi formalaşır. Əhalinin əhəmiyyətli hissəsi şəhərdə nəzərdə tutulan sənaye müəssisələrində çalışacaq. Füzuli ölkəmizin əsas kənd təsərrüfatı rayonlarından biri kimi taxılçılıq, pambıqçılıq, üzümçülükdə böyük nailiyyətlər əldə edib. Bu sahədə böyük potensiala malik olan rayonda aqrar sənaye kompleksləri də yaradılacaq. Şəhərin əsasən nəqliyyat xətlərinin üzərində yerləşməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Füzuli Beynəlxalq Hava Limanının fəaliyyəti rayonun  hərtərəfli inkişafında mühüm rol oynayacaq. İnsanların rahat yaşayışı üçün şəhərdə bütün infrastruktur yaradılıb.

Füzulidə birinci şəhərsalma layihəsi icra edilir, şəhər tamamilə yenidən qurulur.  Cənab Prezident İlham Əliyevin cari ilin 17 oktyabr tarixində "Füzuli şəhəri günü"ndə sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, Böyük Qayıdış proqramı uğurla icra edilir. Proqramın birinci mərhələsinin sonunda - 2026-cı ildə Füzuli rayonunda 22 min, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə  yola salınıb. 25 ailədən ibarət 80 nəfər doğma yurd-yuvalarına qovuşub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən  rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib. Qeyd edək ki, bu vaxta kimi Füzuli şəhərinə 332 ailənin, yəni 1183 nəfərin daimi məskunlaşması təmin edilib.

Ramidə YAQUBQIZI,

"Respublika".