Böyük Qayıdış: xəyaldan gerçəyə
Siyasət

Böyük Qayıdış: xəyaldan gerçəyə

Bu möhtəşəm missiyanın reallaşdırılmasına ayrılan vəsaitin miqdarı artırıldı

İkinci Qarabağ müharibəsi qələbəmizlə başa çatdı, 30 il düşmən tapdağı altında qalan torpaqlarımız azad edildi, rahat nəfəs aldı. Doğma insanlara həsrət qalan çaylarımız, bulaqlarımız indi azadlıq nəğməsi oxuyur. Torpaq barını-bərəkətini verməyə tələsir. İnsan əli dəydikcə Tanrının gözəllikdən yoğurub yapdığı o yerlər daha füsunkar olur.

İşğaldan azad olunmuş ərazilərimiz indi əvvəlkindən daha gözəl görkəm alır. O yerlərin əbədi sakinləri doğma evlərinə qayıtdıqca düşünürsən, çəkilən zəhmət hədər getmir. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də öz doğma yurdlarına qayıdan laçınlılarla görüşündə dediyi kimi: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

Bəli, bu gün dövlətimiz işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün geniş quruculuq işləri aparır, möhtəşəm layihələr reallaşdırılır. Bütün bu işlərin icrasına yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də cəlb edilir. Məqsəd "Böyük Qayıdış" proqramına ən qısa zamanda reallaşdırmaqdır.

Əlbəttə, bu, böyük və xeyirxah missiyadır. Bir anlığa düşünün, otuz ilə yaxın doğma yurd həsrəti ilə alışıb-yanan soydaşlarımızın öz evlərinə qayıtmalarını təmin etməkdən gözəl nə ola bilər?

Qarabağda yeni, modern infrastruktur yaradılır, burada yüksək idarəetmə modeli tətbiq olunacaq. 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanı, onun ardınca Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib. Laçın aeroportunun tikintisi davam edir. 1400 kilometrdən artıq uzunluqda yol çəkilib, habelə telekommunikasiya şəbəkələri qurulub, rabitə xidmətləri təşkil olunub. Elektrik enerjisinin təminatı ilə bağlı yarımstansiyalar yenidən qurulub və bərpa edilib, elektrik xətləri çəkilib. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb.

"Böyük Qayıdış"ın reallaşmasında minaların təmizlənməsi ilə bərabər, infrastrukturun bərpası əsasdır. Son vaxtlar bərpa və quruculuq işlərinin miqyasının genişliyi də minalardan təmizləmə işlərinin sürəti barədə aydın təsəvvür yaradır. Qarabağ və Şərqi Zəngəzuru əsas quruculuq meydanına çevirən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Tezliklə işlər sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Bunun üçün isə hələ çox iş görülməlidir, çünki işğal zamanı bütün fiziki və sosial infrastruktur tamamilə dağıdılıb. Çoxlu sayda minatəmizləmə işləri həyata keçirilməlidir. Eyni zamanda, beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi nəzərdə tutulur. Maliyyə naziri Samir Şərifov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, əmək və sosial siyasət komitələrinin birgə iclasında deyib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əlavə tədbirlərin maliyyələşdirilməsi qarşıya məqsəd kimi qoyulub. Nazir həmçinin bildirib: "Cari ilin ötən dövrü ərzində dövlət büdcəsi gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi, ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını, onların bölünməsini gündəmə gətirir".

Samir Şərifov həmçinin qeyd edib ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat (9,8 faiz) çoxdur. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 070 milyon manat təşkil edəcək. Artan xərclərin böyük bir hissəsi (2 milyard 260 milyon manat) işğaldan azad olunmuş Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlıdır. Qalan hissə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi dəstək mahiyyəti daşımalıdır.

İqtisadçı-alim, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək. Ümumiyyətlə, 2023-cü ildə bütövlükdə bu istiqamətdə 5 milyard 260 milyon manat vəsait ayrılacaq. Bu, "Böyük Qayıdış" prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək. Bununla həm də həmin ərazilər  Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunacaq. Qarabağ və Şərqi Zəngəzur isə cənnətə dönəcək...

Zümrüd QURBANQIZI,

"Respublika".