Birliyin, qardaşlığın Vətəni
Digər xəbərlər

Birliyin, qardaşlığın Vətəni

Qarabağda və Şərqi Zəngəzurda qazanılan tarixi Qələbə və şanlı Zəfər Azərbaycanda yaşayan bütün millətlərin sarsılmaz birliyi, qardaşlığı, döyüş ruhu və düşmənə nifrət hissi ilə əldə edildi. Şanlı tarix yazan igidlərimizin qəhrəmanlığı, Silahlı Qüvvələrimizin rəşadəti, döyüş qabiliyyəti, milli ruhu və düşmənə qarşı qisas hissi birliyimizin sarsılmaz ifadəsinə çevrildi. Talış, ləzgi, tat, yəhudi, avar, saxur, kürd, ingloy, buduğ, rus, qrız qardaşlarımızla həmişə bu vətən üçün bir sevinib, bir kədərlənmişik. Vətən müharibəsi birliyimizin sarsılmaz olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.

Bu yaxınlarda işğaldan azad edilən torpaqlara səfər zamanı Abdulməcidlə tanış oldum. Vətən müharibəsi qazisi, cəsur döyüşçü Abdulməcid Qusar rayonunda anadan olub, savaşın ilk günlərindən könüllü olaraq cəbhəyə gedib, döyüş yolu demək olar ki, bütün Qarabağdan keçib. Qan tökərək azad etdikləri torpaqları ziyarətə gələn Abdulməcid danışır ki, Azərbaycan kökləri dərinliklərdə olan nəhəng bir ağaca bənzəyir, odlar yurdu hamımızın vətənidir, onun uğrunda qan tökmək hər birimizin borcudur. Çiyin-çiyinə döyüşdüyüm talış da, rus da, tat da, ingloy da, saxur da, türk də Azərbaycanın övladları olduqları üçün qürur hissi keçirir, yaralı yoldaşlarımızı kürəyimizdə daşıyır, onlara ilk yardım göstərirdik.

Qəhrəman döyüşçümüzün sinəsini döyüş medalları bəzəyir, "Şuşanın azad edilməsinə görə" medalını isə lap yuxarıdan asıb. Deyir ki, Şuşanı azad edərkən qardaş kimi kürək-kürəyə irəlilədik, sıldırım qayalara dırmaşaraq şəhərə daxil olduq, hətta bəzi yerlərdə düşmənlə əlbəyaxa döyüşərək onları məhv etdik. Döyüşçü qardaşımızın qeyd etdiyi kimi Azərbaycanda yaşayan xalqların birliyi, qardaşlığı çox dərin qatlardadır, dar günlərdə bir-birinə arxa, dayaq olublar, kafir ermənilər isə bizi həmişə kürəyimizdən vurublar.

Yaxın tariximizə və keçmişimizə nəzər salaq. Tarixi İpək Yolu üzərində, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu fərqli sivilizasiyaların bir araya gəldiyi, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların sülh, anlaşma və dialoq şəraitində yaşadığı məkan kimi tanınır. Bu gün dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma və dialoqdur. Bu dəyərlərin hamısı tarixən bu torpaqda, son tikəsini qonşusu, müsafiri ilə bölüşəcək qədər alicənab və xoşniyyətli Azərbaycan xalqının mənəviyyatında təşəkkül tapıb. Təsadüfi deyil ki, bu gün dünyanın dörd bir yanından tədqiqatçılar, siyasilər, dövlət adamları tolerantlıq mühitinin nümunəsini görmək, dialoq yollarını qovuşdurmaq, mədəniyyətləri paylaşmaq üçün bu torpaqda bir araya gəlir, dəyərli təcrübələri bölüşürlər. Əcnəbilər yaxşı bilirlər ki, tariximizdə zamanın sınağından keçmiş mənəviyyat qatı var. Ölkəmizdə mövcud olan multikulturalizm dəyərlərinin qaynağı da məhz bu qatdadır. Müstəqillik illərinin ilk günlərində Azərbaycanı bütün bəlalardan xilas edən ümummilli lider Heydər Əliyev müasir dövlətimizinn qurucusu, müstəqil respublikamızın dünya birliyinə inteqrasiyasının, yeni inkişaf strategiyasının banisi olmaqla bərabər, eyni zamanda, Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrilməsinin əsasını qoyub. Heydər Əliyev 1993-cü ilin 15 iyununda ölkə rəhbərliyinə qayıtdığı gün Milli Məclisdə etdiyi ilk çıxışında bu məqamı xüsusi vurğulayaraq, respublikamızdakı çoxmillətliliyi Azərbaycanın sərvəti adlandırmışdır: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".

Əlverişli coğrafi şəraiti, təbii imkanları, münbit və bərəkətli torpağı, ən əsası isə, Azərbaycan xalqının səmimiyyəti, xoşniyyətlik və mehribançılığı burada ayrı-ayrı etnosların birlikdə yaşamasına şərait yaradıb. Bu birgəlik tarixdən bu günümüzə qədər heç kimsənin milli-mənəvi baxımdan assimilyasiyası ilə nəticələnməyib, əksinə, dini və milli-etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs mövcud mədəni zənginlikdən bəhrələnib. Azərbaycandakı polietnik zənginliyi, mədəni müxtəlifliyi özündə ehtiva edən azərbaycançılıq ideologiyası şovinist, monoetnik Ermənistanla apardığımız informasiya savaşında güclü təbliğat silahımıza çevrilib. Ksenofobiya və özünütəcrid üzərində köklənən ermənilik ideologiyasının tam əksinə, azərbaycançılıq mütərəqqi bəşəri dəyərləri təcəssüm etdirən vətənpərvərlik məfkurəsidir. Onun kökündə başqa xalqlarla sülh içində yaşamaq fəlsəfəsi dayanır. Bu, ölkəmizdəki müxtəlifliyi, fərqlilikləri ayrılıq deyil, zənginlik olaraq görən, müasir dünyanı təhdid edən etnik, dini zəminli ayrı-seçkiliyə qarşı Azərbaycan nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq tribunalarda çıxışı zamanı bu barədə bildirib ki, Azərbaycan xalqları, sivilizasiyaları bir araya gətirməyə çalışır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Vətən müharibəsində talış, udin, ləzgi, tat, rus, ingloy, türk və s. xalqların milli birliyindən yaranan "Dəmir yumruq" xalqımızın güc simvoluna çevrildi. 44 günlük savaşda bütün ölkə vətəndaşları milliyyətindən asılı olmayaraq qarabağlı idi. Vətən müharibəsində şəhid olanlar arasında milliyyətcə iki rus şəhidimizin olması da düşmənlərimizə, dünyaya bir ismarıc idi ki, bu ölkədə Qarabağ üçün ölməyə, qan tökməyə xalqın hər bir üzvü hazırdır. Şuşanın sıldırım qayalarına dırmanan və müqəddəs bayrağı Şuşa qalasına sancmaq üçün güllələrlə göz-gözə gələn oğullarımızın biri yıxılsa da, yaralansa da, can vermərəm ölümə deyərək hayqırırdı. Çünki ruhuna, iliyinə "Mən Azərbaycanlıyam!" kəlməsi hopmuş hər bir azərbaycanlı - rus, ləzgi, talış, udin, yəhudi, tat, ingloy və daha neçə-neçə Vətən sevdalıları torpağı azad etmək üçün çiyin-çiyinə dayanaraq düşmənə sarsıdıcı zərbələr vurdu. Arxada isə məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycan əsgərinə, zabitinə dualar edirdilər. Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafik Danakarının işğaldan azad edilən Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfəri zamanı dediyi səmimi sözlər birliyimizin ən yaxşı nümunəsi kimi dəyərlidir: Talış kəndində və Suqovuşan qəsəbəsində olan məbədləri ziyarət etməyə gəlmişik. Zabitlərimizi, əsgərlərimizi təbrik edirik. Arzu edirik ki, Azərbaycan torpaqlarında bir daha müharibə olmasın. Biz sülhsevən xalqıq, qonaqpərvər xalqıq. Bu gün də gəlmişik şəhidlərin ruhuna dualar edək, şamlar yandıraq, qazilərə Allahdan şəfa diləyək.

Öz talelərinə sahib çıxa bilməyən Qarabağ erməniləri başqa dövlətlərin əllərində əsl oyuncağa çevriliblər. Halbuki, onlar Azərbaycanda həmişə sülh şəraitində və dini ayrı-seçkilik olmadan yaşayıblar, yurdumuzun ən dilbər guşələrində məskunlaşıblar. Ötən əsrin 90-cı illərində şeytana uyan və yolunu azan Qarabağ erməni icması ötüb keçən illər ərzində yalnız səfalət içində, problemlər məngənəsində çabalayıb. Çürük xəyallar onlara bədbəxtlik gətirib, öz müqəddəratını təyinetmə xülyası sadə ermənilərə göz yaşlarından başqa heç bir şey verməyib, əksinə, övladlarını itiriblər. Görəsən, ermənilərə səfalət və göz yaşları bəs etmədimi?! Çoxmillətli Azərbaycanda heç bir diskriminasiya olmadığını görən Qarabağ erməniləri də anlamalıdırlar ki, bizimlə birgə sakit həyatlarını yaşaya bilərlər. Faktiki İrəvanda bir azərbaycanlı belə yaşamadığı halda, Bakıda 30 mindən artıq erməninin illərdir heç bir təzyiqlə üzləşmədən yaşaması göz qabağındadır. Azdığınız yola, itirdiyiniz səmtə qayıtmağın vaxtı çatıb, bu tarixi fürsətdən istifadə etməklə xoşbəxt həyata və günlərə qayıdacaqsınız. Əks halda, bu torpaqlarda yaşamaq haqqını itirəcəksiniz...

Salman ALIOĞLU,

"Respublika".