Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından (bundan sonra - kredit təşkilatları) manatla aldıqları kreditlərə hesablanmış faizlər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə subsidiyalaşdırılsın.

2. "Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, subsidiya sahibkarlar tərəfindən 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faizlərin subsidiyalaşdırılmasını təşkil etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ödəniləcək faizlərin subsidiyalaşdırılmasını təmin etmək məqsədilə tələb olunan vəsaitin 2025-ci ildən başlayaraq dövlət büdcəsində nəzərdə tutulması üçün tədbirlər görsün.

7. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan təsdiqedici sənədin formasını və verilməsi qaydasını 10 (on) gün müddətində təsdiq etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 fevral 2024-cü il.