Birgə işlər müzakirə olunub
Sosial həyat

Birgə işlər müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi ilə görüş olub. Görüş qadınlara qarşı zorakılıqla mübarizə üzrə BMT-nin Əhali Fondunun qlobal proqramı çərçivəsində birgə fəaliyyətlərə və görüləcək işlərə həsr olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Respublika”ya verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Nazirlik və BMT-nin Əhali Fondu arasında uğurlu əməkdaşlıq təcrübəsini, icra olunan birgə layihələrin  əhəmiyyətini qeyd edib.

Ölkəmizdə həssas qrupların, həmçinin gender əsaslı zorakılıq qurbanlarının sosial dəstəklə təmin olunması sahəsində aparılan işləri diqqətə çatdırıb.  BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev qadınlara qarşı zorakılıqla mübarizə üzrə qlobal proqramın önəmini və müvafiq sahədə görülən işlərə mühüm dəstək məqsədi daşıdığını bildirib.

Görüşdə gender əsaslı zorakılıq qurbanlarına dəstək göstərilməsi sahəsi üzrə kadr potensialının artırılması və mövcud sistemin təkmilləşdirilməsi yolu ilə zorakılıq qurbanlarının keyfiyyətli xidmətlərlə təmin edilməsi məqsədilə BMT-nin Əhali Fondunun qlobal proqramı çərçivəsində görüləcək birgə işlər müzakirə olunub.

“Respublika”