Bir türkün bir fransıza cavabı
Siyasət

Bir türkün bir fransıza cavabı

Yaz dostum...

Yaz dostum, yoksul görsen

besle kaymak bal ile

Yaz dostum, garipleri

giydir ipek şal ile

Yaz dostum, öksüz görsen

sar kanadın kolunu

Yaz dostum, kimse göçmez

bu dünyadan mal ile...

Bir həyat dərsi, bir həyat hekayəsi dinləyirsən sanki, haqlısının haqsızına qarışan dünyanın ağrısını, acısını anladır sənə. İçdən gələn bu misralarını notlara çevirib möhtəşəm bir sənət əsəri yaradır müəllif: "Yaz dostum!". Sözləri və musiqisi Barış Mançonundur. Türk mədəniyyətinin tanınmış simalarından biri. Həm də xeyriyyəçi idi Barış bəy. Onu təkcə Türkiyədə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da belə tanıyırdılar. 200-dən çox mahnı bəstələmiş və bu nəğmələr dünyanın bir çox dillərinə tərcümə olunmuşdu. "Barış Çelebi", "Barış Ağabəy", "Uzun saçlı dev adam" və s. ləqəblərlə tanınıb sevilən Barış Manço maraqlı televiziya proqramları ilə də həmişə diqqət mərkəzində idi. 1988-ci ildə efirə çıxan "7-dən 77-yə" adlı proqram TRT kanalında yayımlanırdı. Müxtəlif yaş qrupları üçün fərqli günlərdə, ayrı-ayrı adlarla efirə çıxan proqramın aparıcısı Barış Mançonu dünyanın bütün uşaqları sevirdi, çünki o, veriliş hazırlamaq üçün dünyanın 150-dən çox ölkəsində olmuş, uşaqlar arasında özünə çoxlu dost qazanmışdı. "Adam olacaq cocuq" adlanan bu uşaq verilişində Barış bəy yaşlıykən uşaqlaşa bilir, onları bir şəxsiyyət kimi görür, hətta qəlb sirdaşı da olurdu...

Bəli, Barış Manço sevilirdi, çünki o, Türkiyəni canı qədər sevir, onu böyük məhəbbətlə təbliğ edirdi. Tez-tez dünya turuna çıxan Barış Manço getdiyi ölkə ilə doğma Türkiyənin mədəni əlaqələrinin bir az da möhkəmlənməsinə çalışır, sanki dostluq körpüsü olurdu. Qastrolda olduğu ölkələrdə hökmən onu televiziya kanalları özünün qonağı edirdi. 80-ci illərdə Fransada olarkən onun müxtəlif şəhərlərində geniş konsert proqramı ilə çıxışı da mətbuatın aparıcı mövzusuna çevrilmişdi. Qonağı olduğu bir televiziya proqramında isə maraqlı hadisə yaşanmışdı...

Türklərə o qədər də rəğbət bəsləməyən aparıcı davamlı şəkildə türklərin barbar və savaşçı olduqlarından bəhs edirdi. Bu sözlər Barış bəyi narahat etsə də, bir söz demir, ona cavab vermək üçün məqam gözləyirdi. Aparıcının eyni təkəbbürlə verilişi davam etdirdiyi məqamda Barış Manço maraqlı bir sual verir: "Yanınızda heç pul varmı?". Aparıcı da daxil olmaqla verilişdə iştirak edənlərin heç biri bu sualın hansı məqsədlə verildiyini anlamır. Aparıcı donuq nəzərlərlə müsafirini süzür, əlini cibinə salıb bir topa pul çıxarır. Barış bəy həmin əskinasların arxa hissəsindəki rəsmlərin kimlərə aid olduğunu soruşur. Aparıcı: general, komandir, admiral kimi rütbəlilərdən başqa bir kimsənin adını çəkmir. Bu dəfə Barış Manço cibindən bir miqdar türk pulu çıxarıb anlatmağa başlayır: "Baxın bu pulun arxa üzündə şəklini gördüyünüz şəxs Mehmet Akif Ersoydur, özü böyük şairdir. Bu şəkildəki şəxs də Mövlanadır, önəmli bir mütəfəkkirdir. Bu puldakı şəxs Fatih Sultan Mehmetdir, ədalətin simvolu deyirik ona. Bax bu puldakı şəkil isə Atatürkə məxsusdur: "Yurdda barış, dünyada barış",-deyən öndərimizin şəklidir. Biz türklər incə ruhlu, mehriban, mədəni insanlar olduğumuz üçün pullarımızın arxa hissəsinə də şairlərimizin, mütəfəkkirlərimizin şəkillərini həkk etdirmişik. Əsl barbar siz fransızlar olduğunuz üçün pullarınızın arxasına həmişə savaşan, qan tökən, torpaqlar zəbt edən, işğalçılıq edən adamlarınızın şəkillərini həkk etdirmisiniz".

Barış Mançonun bu cavabından sonra canlı yayım kəsilir. Azacıq fasilədən sonra proqram başqa bir aparıcının müşayiətilə davam edir. Çünki bu, adi bir cavab deyil, diplomatik gediş, iki xalq arasındakı böyük fərqi ifadə etməyin ən gözəl nümunəsi idi. Bir mədəniyyət işçisinin, bir müğənninin, incə ruhlu şairin, bəstəçinin Türkiyə sevdalısının Vətən yanğısı duyulurdu o cavabda. Məhz həmin verilişdə də oxumuşdu Barış bəy yuxarıda misralarından nümunə gətirdiyimiz "Yaz dostum!" mahnısını, həm də türk və fransız dillərində. "Kimsə köçməz bu dünyadan mal ilə" deyən Barış Manço neçə əsrlərdən bəri torpaqlar işğal edib, xalqları əsarət altında saxlayan, onlara zülm yaşadan fransızlara kim olduqlarını anladırdı. O fransızlara ki, dini əqidəsinə görə milyonlarla insanı qətlə yetirib, sonra da onların kəllə sümüklərini muzey eksponatı kimi nümayiş etdirir. O fransızlara ki, işğalçıya dəstək olub onu silahlandırır, haqqın tərəfində durmur. Öz adını başqasına qoyub sülhsevərliyi, tolerantlığı ilə dünyaya nümunə olan bir xalqı "işlətmədiyi bir suça" görə ittiham edir. O fransızlara ki, bir xalqın faciəsinə sevinib minlərlə insanın təbii fəlakət nəticəsində bir anın içində torpağa gömülməsini məsxərəyə qoyur, altında: "tanklara ehtiyac qalmadı" şərhini yazıb jurnallarının ön səhifələrində şəkillər paylaşır. Əslində, bütün bunlar gözlənilməz, təəccüblü deyil, çünki özünü demokratiyanın beşiyi adlandıran Fransa Türkiyəyə, Azərbaycana qarşı beynəlxalq səviyyədə düşmənçilik siyasəti aparır. Bunu bütün dünya görür.

Bax bizim tanıdığımız və tanımadığımız Fransa budur. Daha çox torpaq, var-dövlət hərisi olan, özü də onu yalnız və yalnız işğallar yolu ilə əldə etməyə çalışan Fransanın hansı dinə xidmət etdiyini anlamaq da çətindir. Axı, bütün dinlər sülhü dəstəkləyir, insanları xeyirxahlığa səsləyir. Elə Barış Manço da öz mahnısında onları haqqı, ədaləti tapdalamamağa, qan tökməməyə çağırırdı. Çünki Sultan Süleymana qalmayan "bu dünyadan kimsə köçməz mal ilə...".

Zümrüd QURBANQIZI,

"Respublika".