Bir millətin iki qızı
Siyasət

Bir millətin iki qızı

"Bir millət, iki dövlət" söyləmişdi ulu öndər, "Bir ağacın iki qolu, bir ananın iki oğlu", - deyib nəzmə çəkmişdi Bəxtiyar Vahabzadə Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını. Tarixin sınaqlarından çıxıb Atatürkün təbirincə desək, sevincini, kədərini, sevinci, kədəri bilib, çətin, xoş günlərdə bir-birinin yanında olmuşdu bu iki ulu xalq. Kökləri torpağın dərinliklərinə işləyən qocaman bir ağacın çətiri altında digər türk dövlətlərini də birləşdirib böyük Türk dünyasını qurmağın qürurunu da yaşadılar. Yurdda, cahanda sülh, barış istəyilə əl-ələ verib qurduqları bu dünyanı sıcaq, məhrəm hisslərlə bir az da doğmalaşdırıb. Azərbaycan Fatehinin dediyi kimi, bir ailəyə çevirdilər: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır...". Ailə bir cəmiyyətdir, onun gözəl təməl üzərində qurulması, möhkəmlənməsi, digərlərinə nümunə olması üçün bu kiçik cəmiyyətin hər bir üzvü məsuliyyət daşımalı, daşı-daş üstə qoyaraq möhtəşəm bir abidə ucaldılmasına öz töhfəsini verməlidir...

Türk dünyası. Təməli indi-indi qoyulan bir ailə. Qadınlar ailənin dirəyidir deyirlər. Əsrlərin sınağından çıxıb həyatda öz təsdiqini tapan bu ifadənin dərin mənası var. Bəli, ailə dəyərlərinin qorunub saxlanılmasında, onun sağlam bünövrə üstündə qurulmasında qadın ağlının, zəkasının nəyə qadir olduğunu çox yaxşı bilirik. Bu gün Türk dünyası adlı ailənin möhkəm gələcəyinin qurulmasında da qadınlar öz sözünü deyir. Söhbət xüsusən də birinci xanımlardan gedir. Türk Dövlətləri Təşkilatına daxil olan türk dövlətləri başçılarının həyat yoldaşları da yaxın silahdaş kimi Türk dünyasının inkişafına töhfələr verirlər. Azərbaycan-Türkiyə birinci xanımlarının dostluğu isə çoxlarına nümunədir.

Birinci xanım. Bu titul birinci dəfə XX əsrdə Amerikanın ilk prezidentinin həyat yoldaşı Marta Vaşinqtona şamil edilib və bundan sonra həmin ifadə həyata vəsiqə alıb. Birinci xanım missiyasının çətinliyi barədə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın həyat yoldaşı, zamanının tanınmış aktrisası Nensi Reyqan illər sonra öz xatirələrində yazırdı: "1981-ci ilin yanvarında Vaşinqtona köçəndə, həqiqətən elə düşünürdüm ki, ölkənin birinci xanımı olmağın bütün tələb və çətinliklərini yaxşı başa düşürəm... Amma elə ilk anlardan başa düşdüm ki, heç nə, heç bir həyat təcrübəsi adamı ölkənin birinci xanımı olmağa hazırlamaq iqtidarında deyil!..".

Birinci xanım missiyasının həyata keçirilməsi sayəsində zəngin ənənələri olan bir ölkənin birinci xanımının bu etirafı fonunda, bu sahədə təcrübəsi olmayan, əksinə, Şərq ənənələri ilə zəngin olan Azərbaycanda birinci xanım ictimai vəzifəsi ilə bağlı ənənələri formalaşdırmağın nə qədər çətin olduğunu təsəvvür etmək mümkündür. Bu məsələyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın isə öz yanaşması var. O, müsahibələrinin birində deyib: "Bu məsələdə hər bir ölkənin tarixi və mədəni xüsusiyyətləri rol oynayır. Elə cəmiyyətlər var ki, ənənəvi olaraq orada dövlət başçısının xanımı ictimai həyatda mühüm rol oynayır. Elə cəmiyyətlər də var ki, orada əksinə, ənənəyə görə belə hallar qəbuledilməzdir. Mənim fikrimcə, bu məsələ hər bir halda subyektiv şəkildə həll edilir. O, ölkənin liderinin xanımının öz seçiminin nəticəsidir... Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacib o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm...".

Bəli, artıq 30 ilə yaxındır ki, Mehriban xanım özünün də dediyi kimi, bu nəcib seçimi edib ölkəmizin mədəniyyətinin qorunması, onun dünyada tanıdılması istiqamətində uğurla fəaliyyət göstərir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti nəticəsində bu qurum həm Azərbaycanda, həm də ondan kənarda nüfuz qazanıb. Fondun prezidenti kimi irəli sürdüyü hər bir ideyanın məzmununda, mahiyyətində Azərbaycanın indisi və gələcəyi ilə bağlı arzuları ifadə olunur. Qloballaşan dünyamızda Azərbaycan vətəndaşları üçün ölkəmizdə təhsilin inkişafının vacibliyini nəzərə alıb bu sahədə fəaliyyəti əsas gətirən Fond təhsil sferasında genişmiqyaslı proqramlar reallaşdırıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli istiqamətində gördüyü işlərlə Mehriban xanım həm də əslində içimizdə, daxili dünyamızda olan qüvvəni həyəcanlandıraraq hərəkətə gətirməyə çalışır, o qüvvəni xeyirxah işlər görməyə istiqamətləndirir. Birinci xanımın səhiyyə sahəsində gördüyü işlər ağır bir mərəzdən qurtulan, ölümün astanasından geri dönənlərin çöhrəsindəki ilahi sevincdə ifadəsini tapır, onun xeyirxah əməlləri həyat verdiyi insanların dünyaya sığmayan sevincinin içində əriyib yox olur.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanılması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə "The Business Year" jurnalı tərəfindən 2014-cü ilin mayında "İlin Birinci xanımı" mükafatına layiq görülən Mehriban xanım bütün bunlarla yanaşı, qayğıkeş həyat yoldaşı, ana, sevimli nənədir. Ailə dəyərlərinə böyük hörmətlə yanaşan Mehriban xanım deyir: "Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm...".

Düşünürəm, Azərbaycan-Türkiyə liderlərinin birinci xanımlarını bir-birinə yaxınlaşdıran cəhətlərdən biri də elə budur: ailə dəyərlərinə hörmət, ailəyə bağlılıq. Azərbaycan-Türkiyə münasibətlərinin bu gün belə yüksək səviyyəyə yüksəldilməsində hər iki liderin dostluq, qardaşlıq əlaqələrinin rolu böyükdür. Elə birinci xanımların yaxınlaşmasında da onların rolu danılmazdır.

Türkiyənin birinci xanımı dörd uşaq anası olan Əminə Ərdoğan xeyriyyəçiliklə məşğuldur. Əminə xanım hələ gənclik illərindən ölkənin ictimai həyatında aktiv şəkildə fəaliyyət göstərmiş, "İdealist Qadınlar Birliyi"nin qurucularından biri olmuşdur. Qeyri-hökumət təşkilatlarında daha aktiv olan Əminə xanım "İdealist Qadınlar Birliyi"nin xəttilə keçirilən konfransların birində Rəcəb Tayyib Ərdoğanla tanış olmuş və onlar 1978-ci ildə ailə qurmuşlar. Könüllülük haqqında maarifləndirmə işini gücləndirmək məqsədilə "Cəmiyyətin İnkişafında Könül Elçiləri" layihəsinin əhəmiyyətini artıran müxtəlif istiqamətli kampaniyalara dəstək vermişdir.

Ölkəsində kifayət qədər nüfuz qazanan Ə.Ərdoğan beynəlxalq səviyyəli qadın təşkilatlarının tədbirlərində də fəal iştirak edir. Azərbaycana gəlməyi isə daha çox xoşlayır.

2023-cü il iyunun 13-də Türkiyədə prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Azərbaycana səfər etdi. Səfər çərçivəsində Mehriban Əliyeva və Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə oldular. Şəhərlə tanışlıq Qız qalasından başladı. İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaratdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Əminə xanımla bağlı paylaşım etmişdi: "Əziz bacım Əminə Ərdoğanı Bakıda görməyimə şadam! Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Bizim birliyimiz, bizim gücümüz məhz bundadır!".

Ənənəyə görə, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva isə növbədənkənar prezident seçkilərindən sonra Türkiyəyə səfər etdilər. Bununla bağlı Türkiyənin birinci xanımı Əminə Ərdoğan paylaşım edib. Paylaşımda deyilirdi: "Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban xanım Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim. Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq".

Türk qadını tarix boyu istər döyüş meydanında, istər diplomatiya sahəsində öz sözünü deyib və deyir. Bu gün "Türk dünyası" adlı bir ailənin böyüməsi, möhkəmlənməsində də bunun şahidi oluruq. Bir millətin iki qızı, iki qardaş ölkənin birinci xanımları xalqlarının haqq səsinin dünyaya çatdırılması, Türk dünyasının inkişafı istiqamətində yanaşı addımlayır.

Zümrüd QURBANQIZI,

"Respublika".