Yer üzündə qəhrəmanlıq, mübarizlik, mərdlik kimi keyfiyyətlərə sahib olan xalqlarla yanaşı, xəbis, qorxaq, yaltaq, mənfur xislətli toplumlar da mövcuddur. Yüz illər boyu yaxın qonşumuz olan, torpaqlarımızda özünə dövlət quran və sonda ərazilərimizə göz dikib özününküləşdirmək istəyən mənfur ermənilər kimi.
Azərbaycana qarşı hər zaman düşmən münasibət bəsləyən, fürsət düşdükcə xalqımızın başına min bir müsibətlər gətirən bu toplum öz alçaq niyyətlərini həyata keçirmək üçün bütün yollara əl atmış, tarixin müxtəlif mərhələlərində soydaşlarımızı əzəli yurd yerlərindən deportasiya etmiş, soyqırımı, qanlı faciələr törətmişlər. Sözsüz ki, ermənilər bütün bunları öz havadarlarının dəstəyi ilə həyata keçirmişlər. Əks təqdirdə, qorxaq, yaltaq, mənəviyyatca kasıb olan bir xalq özündə bu cəsarəti haradan tapa bilərdi ki. Əgər onun işğalçılıq siyasətini dəstəkləyən, ona havadarlıq edən ermənipərəst ölkələr olmasaydı…
Ötən əsrin əvvəllərindən başlayaraq azərbaycanlıları soyqırımlarına, təxribatlara, təcavüzlərə məruz qoyan ermənilər 1980-ci illərin sonlarında Azərbaycana qarşı düşmənçilik siyasətinin növbəti mərhələsini reallaşdırdılar.
Ərazilərimizin 20 faizindən çoxunu işğal etməklə vaxtilə özlərinə dövlət qurduqları Azərbaycana məxsus torpaqlarda etnik təmizləmə siyasəti həyata keçirdilər. Yerli azərbaycanlıları havadarlarının dəstəyi ilə tarixi torpaqlarından deportasiya edərək "dənizdən-dənizə böyük Ermənistan" xülyasını gerçəkləşdirmək istədilər. Müəyyən zaman kəsiyində arzularını qismən həyata keçirsələr də, qəhrəman, mübariz, vətənpərvər Azərbaycan xalqının torpaqlarının işğalı ilə barışmayacağı ermənilərə məlum idi. Elə onların havadarlarına da...
30 il Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları işğal altında saxlayan Ermənistan 2020-ci il sentyabr ayının 27-də 100 il boyu etdiyi əməllərin layiqli cavabını aldı. Rəşadətli Azərbaycan Ordusu düşməni hərb meydanında məğlub etdi. Ərazi bütövlüyünü təmin edən Azərbaycan Qarabağ uğrunda ikinci müharibədə Zəfər qazandı. Qalib tərəf olmasına baxmayaraq, dövlətimiz regionda sabitliyin, əmin-amanlığın bərqərar olması, xalqların mehriban qonşuluq şəraitində yaşaması naminə düşmənə sülh təklif etdi. Lakin mənfur düşmənin işğalçılıq siyasətini dəstəkləyən qüvvələr münasibətlərin normallaşmasına, sülh müqaviləsinin bağlanmasına imkan vermir, hər vəchlə buna mane olurlar. Bəzi qərb ölkələri, erməni xislətli nüfuzlu dairələr Ermənistan ilə Azərbaycan arasında vəziyyəti sakitləşdirmək deyil, münaqişəni qızışdırmaq və bundan öz xeyirlərinə istifadə etmək məqsədi güdür. Bu səbəbdəndir ki, İkinci Qarabağ müharibəsindən 3 ilə yaxın bir müddət keçsə də, hələ də Ermənistan bu istiqamətdə heç bir əməli addım atmayıb. Belə ki, dəfələrlə Brüsseldə, Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərdə sülh sazişinin imzalanmasının reallaşdırılması qənaətinə gəlinmiş, bu istiqamətdə ilkin addımlar belə atılmışdır. Lakin hər görüşdən sonra Ermənistan baş nazirinin "səhvini" düzəldən müəyyən qüvvələr sülh sazişinin bağlanmasına müxtəlif bəhanələrlə mane olmuşlar.
Uzun illər ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın vaxtilə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmaması üçün ciddi səy göstərdiyi, anti-Azərbaycan siyasəti apardığı bütün dünyaya bəllidir. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ilə barışmayan Fransanı hər şeydən əvvəl, Ermənistan ilə həyata keçirdikləri işğalçılıq, müstəmləkəçilik siyasəti birləşdirir. Bu baxımdan, özgə torpaqlarını işğal etməkdə, günahsız insanları amansızcasına qətlə yetirməkdə, zəbt etdiyi əraziləri minalarla zəhərləməkdə böyük "təcrübəsi" olan Fransanın Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etməsini qəbul edə bilməməsi səbəbsiz deyil. Axı, istər Ermənistan, istərsə də Fransanın nə az, nə çox - düz 30 il müddətində sərf etdikləri "əmək" cəmi 44 gün ərzində hədər oldu. Keçmiş Minsk qrupunun tərkibində münaqişənin danışıqlar yolu ilə həll olunmaması üçün var gücü ilə çalışan Fransa bu gün Azərbaycan reallığını qəbul edə bilmir. "Məzlum", "köməksiz" bir xalqa himayə göstərərək onun hüquqlarını müdafiə edir. Haqqı, ədaləti bərpa edən, müstəqilliyini, suverenliyini qoruyan, erməni işğalçılarından ərazilərini təmizləyən Azərbaycanı işğalçılıqda günahlandırır. Saxta "erməni soyqırımı"nı tanıyıb, Azərbaycanın Ermənistana qarşı dəhşətli müharibə apardığı barədə əsassız ittihamlar irəli sürən Fransa bununla Azərbaycana qarşı ikiüzlü, riyakar və qərəzli münasibət nümayiş etdirir. Fransa Respublikası Senatının və Milli Assambleyasının ölkəmizin əleyhinə qərəzli, "Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsini, Fransa hökumətindən Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunmasını, Ermənistana humanitar yardımın artırılmasını" və s. bu kimi tələblərin irəli sürüldüyü qətnamə qəbul etməsi Fransa-Ermənistan "dostluğunun" bariz nümunəsidir.
Beynəlxalq Frankofoniya Təşkilatının 2022-ci il 19-20 noyabr tarixlərində Tunisin Cebra şəhərində keçirilən XVIII sammitində Ermənistanın haqsız, ədalətsiz mövqeyinin müdafiə olunması da onun havadarı Makronun "əməyidir". Vaxtilə işğal etdiyi ölkənin 10 milyondan çox əhalisinə muxtariyyət belə verməyən Fransanın bu gün Azərbaycan ərazisində yaşayan ermənilərə xüsusi status verilməsini tələb etməsi ara qarışdırmaqdan, Cənubi Qafqazda sülhü təhdid etməkdən başqa bir şey deyil. Ümumiyyətlə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına imkan verməməklə münaqişəni yenidən qızışdırmağa çalışan Fransa, İran kimi ermənipərəst ölkələrin bu siyasəti Ermənistana, ermənilərə olan rəğbətdən deyil, anti-Azərbaycan mövqelərini möhkəmləndirmək niyyətindən irəli gəlir. Sadəcə bunu kütbeyin ermənilərin vasitəsilə həyata keçirirlər. Bütün bunlara baxmayaraq, ölkə başçısı İlham Əliyev Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hər bir azərbaycanlı kimi hüquqlarının qorunacağını, təhlükəsizliyinin təmin olunacağını, azərbaycanlıların malik olduqları imtiyazlara sahib olacaqlarını dəfələrlə bildirmişdir.
Bu il mart ayının 1-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov Qarabağda yaşayan erməni sakinlərinin təmsilçiləri ilə görüşmüş və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr də aparılmışdır. Lakin martın 5-də erməni əsilli azərbaycanlılarla təmas qurulmasına mane olmaq üçün Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda təxribat törədilmiş, vəziyyətin gərginləşdirilməsinə xidmət edən növbəti addım atılmışdır. Erməni sakinlərinin Azərbaycana reinteqrasiyası fəaliyyətinə müdaxilə edən, əngəl törədən ölkələr - Avropa Parlamentinə üzv olan bəzi qərb ölkələri, xəbis niyyətli İran, Fransa, Hindistan və s. bilməlidirlər ki, günbəgün qüdrətlənən, güclənən Azərbaycanı təxribatlarla, müharibələrlə, münaqişələrlə zəiflətmək arzularını gerçəkləşdirə bilməyəcəklər və Qarabağda yaşayan etnik ermənilərin Azərbaycana reinteqrasiyadan başqa yolları yoxdur.
Mehparə ƏLİYEVA,
"Respublika".