Bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər
Siyasət

Bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər

Qlobal güc mərkəzi olan Amerika Birləşmiş Ştatları 1991-ci ildən sonra Cənubi Qafqazda fəal xarici siyasət strategiyasını tətbiq edir. Məhz region ölkələrinin ikitərəfli və bərabərhüquqlu əməkdaşlıqda maraqlı olması ABŞ-la qurulan münasibətlərə müsbət təsir göstərir.

Qeyd edək ki, Azərbaycan-ABŞ diplomatik əlaqələri 1992-ci ildə qurulub və ABŞ Prezidenti Corc Buş həmin il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan edib və bu ölkənin Bakıdakı səfirliyi martın 16-da açılıb.

Müstəqilliyimizin bərpasından sonra ABŞ-la qurulan diplomatik münasibətlər bir çox sahələrə bölünüb. Siyasi, iqtisadi və sosial çərçivədə rəsmi Vaşinqtonla Bakı arasında qarşılıqlı münasibətlərin formalaşdırılması mümkün olub. Qeyd etmək lazımdır ki, təbii resurslarımızın zənginliyi, geosiyasi baxımdan əlverişli mövqeyə sahib olmağımız daim Ağ Evin diqqət mərkəzində dayanır. Bu baxımdan, ikitərəfli əməkdaşlıqda iqtisadi əlaqələrin ön plana çıxması heç də təsadüfi deyil. Lakin zaman-zaman bu əlaqələrdə qabarmalar müşahidə edilib ki, bu da regional və qlobal balansın itməsi ilə birbaşa bağlı idi. Bu kimi məqamlarda ulu öndər Heydər Əliyevin qarşılıqlı münasibətlərə verdiyi töhfə nəticəsində iki ölkənin maraqları daim mühafizə olunmuş, yeni inkişaf mərhələsinə keçmişdir. Şübhəsiz, gənc və müstəqil Azərbaycanın yürütdüyü azad və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan-ABŞ münasibətlərində açar rolunu oynayır.

Ulu öndər Heydər Əliyevin milli maraqlara xidmət edən neft strategiyası ABŞ-Azərbaycan əlaqələrinin inkişafında önəmli rol oynayıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan enerji sahəsindəki mühüm əməkdaşlıq sonrakı mərhələdə münasibətlərin daha da yaxınlaşmasına yol açdı. Bu, həm də ABŞ ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi əməkdaşlıqda əsaslı amilə çevrildi.

Qeyd edək ki, enerji sektoru əlaqələrin daha da möhkəmlənməsində əsaslı rol oynayır. ABŞ mütəmadi olaraq Azərbaycanın enerji siyasətinə öz rəğbətini ifadə etmiş, eləcə də Cənub Qaz Dəhlizi layihəsinə yüksək dəstək nümayiş etdirmişdir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir.

Bütün bunlar bir daha əminlik yaradır ki, ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir və bu işdə ölkəmizlə əməkdaşlığı gücləndirmək əzmindədir. Xatırladaq ki, 1995-ci il noyabr ayının 10-da "Qarabağ" yatağının istismarı ilə bağlı dörd xarici şirkətlə 25 il müddətinə müqavilə imzalandı. Bu müqavilədə ABŞ-ın Penzoyl şirkətinin payı 30% oldu. 1996-cı ilin dekabrında isə rəsmi Vaşinqton "Dan ulduzu" və "Əşrəfi" yataqlarının işlənilməsi ilə bağlı müqavilələrdə Amoko (30%), Yunokal (25.5%) şirkətləri ilə pay sahibi oldu. Vaşinqtonda ABŞ-ın Şevron, Fransanın Total və Azərbaycanın SOCAR şirkəti arasında 1997-ci ildə imzalanan "Abşeron" müqaviləsində isə Şevron 30 faiz pay sahibi oldu. 1999-cu il aprel ayının 17-də imzalanan Bakı-Supsa neft kəməri Qara dəniz sahilində Gürcüstanın Supsa ixrac terminalının işə düşməsinə yol açdı. Bu kəmərin işə salınması, daha sonra isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə dair müqavilənin imzalanması "Əsrin müqaviləsi" nəticəsində mümkün oldu. Elə həmin ilin noyabr ayında İstanbulda ATƏT-in sammitində Türkmənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Türkiyə və ABŞ BTC boru kəmərini dəstəklədiklərini bildirdilər. 2003-cü ildə isə boru kəmərinin çəkilişinə başlanıldı.

Ulu öndər Heydər Əliyevin 1997-ci il 27 iyul - 6 avqust tarixlərində ABŞ-a rəsmi səfəri iqtisadi əlaqələrin inkişafında növbəti mərhələnin əsasını qoydu. Qeyd edək ki, səfər zamanı Amerika-Azərbaycan münasibətləri haqqında Birgə Bəyanat, Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında müqavilə, Birləşmiş Ştatlarla Azərbaycan arasında müdafiə və hərbi sahələrdəki gələcək münasibətlər barədə Birgə Bəyanat, iki ölkə arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında bəyanat, Layihələrin təşviqinə dair Baş Saziş imzalandı.

Məlumdur ki, Azərbaycan beynəlxalq terrorizm və regional təhlükəsizlik istiqamətində ABŞ-la əməkdaşlıq edir. Azərbaycanın silahlı birləşmələri dünyanın müxtəlif münaqişə ocaqlarında sülhün və təhlükəsizliyin təmin edilməsində fəallıq nümayiş etdirir.

Nurlan ABDALOV,

"Respublika".