Belçika XİN-in qərəzli və ikili yanaşması
Siyasət

Belçika XİN-in qərəzli və ikili yanaşması

Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 24-də Azərbaycana səfər edib. Səfər çərçivəsində azərbaycanlı həmkarı  Ceyhun Bayramovla Ermənistan və Azərbaycan arasında postmüharibə dövründə münasibətlərin tənzimlənməsində ölkəsinin dəstək göstərə biləcəyini bildirən belçikalı nazirin fikirləri əslində başqa situasiya yaradır. Daha əvvəl, avqustun 22-də Ermənistana səfəri zamanı erməni XİN-in rəhbəri Ararat Mirzoyanla görüşündə sərgilədiyi ikili standartlar çərçivəsində "sülh göyərçini" olmaq istəyi şübhə doğurur. Belçika xarici işlər naziri Hadija Labibin İrəvanda olarkən Azərbaycan əleyhinə birtərəfli ittihamlar səsləndirməsi onun regional məsələləri dərindən bilmədiyini açıq-aşkar sərgilədi. Buna görə də Azərbaycan xalqının haqq işini görməzdən gəlmək, işğal dövründə Azərbaycana beynəlxalq arenada heç bir dəstəyin göstərilməməsi, indi erməni təəssübkeşliyi aurası yaradır.

Məsələ ilə bağlı siyasi ekspert Samir HümbƏtov öz fikirlərini bildirib: "Belçika xarici işlər nazirinin həm Ermənistana, həm də Azərbaycana səfəri zamanı sərgilədiyi ikili yanaşma əslində vəziyyətin başqa məcrada olduğunu göstərdi. Görüş xarici işlər nazirləri səviyyəsində keçirilirdi. "Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir" deyən nazirin əsl niyyət və məqsədi tamam fərqlidir. Erməni lobbisinin təsiri və regionda bir qüvvə kimi təsiretmə imkanına malik olmaq istəyi açıq-aşkardır. Ona görə də bu cür şəxslərin yanaşmasında ikili standartlar açıq şəkildə görünməkdədir. Bu cür yanaşma əslində həm də danışıqlar prosesinə təsir edən amillərdir. Çünki Ermənistanla Azərbaycan arasında gedən danışıqlar prosesində üçüncü tərəf kimi üç qüvvə iştirak edir. Daha dəqiq desək, bir tərəfdə Rusiyadır. Üçtərəfli Bəyanatın əsas iştirakçılarından biri olan Rusiya hazırkı dövrdə də bu sülhün əldə olunmasında ciddi işlər görür. İkinci bir tərəfdən mərkəzi Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Avropa  İttifaqı və ona sədrlik edən Şarl Mişel. Son zamanlarda onun sədrliyi ilə gözəçarpan aktivlik müşahidə olunur. Üçüncü tərəfdə isə Vaşinqton var. Təbii ki, Azərbaycan-Ermənistan münasibətlərinin fonunda Vaşinqton görüşlərinin də önəmini qeyd etmək lazımdır. Belə olan halda əgər Belçika xarici işlər naziri belə ikili yanaşma nümunəsini davamlı göstərəcəksə bu, artıq danışıqlar prosesində Avropa İttifaqını çətin vəziyyətdə qoya və məsələnin həllində vasitəçi kimi iştirakını sonlandıra bilər. Bu baxımdan hesab edirəm ki, Aİ fonunda Belçika XİN daha diqqətli olmalı və hazırkı vəziyyəti daha dəqiq analiz etdikdən sonra səfər etməliydi. Amma situasiyadan bəlli olur ki, belçikalı nazirin Qarabağ münaqişəsi haqqında məlumatlı olub-olmadığı şübhə altındadır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə brifinq keçirən Hadija Labibin jurnalistin suallarından yayınması diqqətdən qaçmayıb. Jurnalistin qısaca: "30 ildi harda idiniz, indi sülhə vasitəçilik istəyiniz altında hansı məqsədlər yatır?" sualına "gələcəyə baxmağı tövsiyə edirik" deməsi həqiqətən məsələdən məlumatsızlığını, ya da ikili standartların açıq təzahürü kimi erməni təəssübkeşliyini göstərir. Hər halda Azərbaycan tərəfi üçün ikili yanaşma mübahisə mövzusu ola bilməz. Azərbaycan aqressora layiqli cavab verib və öz torpaqlarını işğaldan azad edib. Azərbaycanın ərazi bütövlüyü və maraqları heç bir halda müzakirə predmenti ola bilməz", - deyə ekspert vurğulayıb.

Tacir SADIQOV,

"Respublika".