Baş Prokurorluqda Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişinin 20-ci ildönümü qeyd edilib
Digər xəbərlər

Baş Prokurorluqda Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişinin 20-ci ildönümü qeyd edilib

Oktyabrın 14-də Baş Prokurorluqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Baş Prokurorluğun rəhbərliyi ilə yanaşı, Milli Məclis sədrinin müavini və deputatlar, Baş Prokurorluq, Hərbi Prokurorluq və tabe qurumların əməkdaşları, prokurorluğun veteranları, habelə prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət göstərən könüllülər və media nümayəndələri iştirak edib.

Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Dövlət Himni səsləndirilib.

Çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin canından çox sevdiyi xalqına sonuncu müraciətində "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərini bildirməsi bugünkü tarixi gerçəkliyimizin aydın mənzərəsinin tərənnümü olub.

Baş prokuror qeyd edib ki, görkəmli siyasi lider İlham Əliyev nəinki Ümummilli Liderin etimadını doğruldub, eləcə də bütün Azərbaycan xalqının növbəti onilliklər üçün əbədi inamını və sarsılmaz dəstəyini qazanıb.  20 illik fəaliyyəti ilə hər bir azərbaycanlının Zəfər və tərəqqi rəmzinə çevrilən Prezident İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkə rəhbəri seçilməsi ilə başlanan möhtəşəm qələbə yolu tarixin ən qüdrətli, ən xoşbəxt və ən qürurlu Azərbaycanını ərsəyə gətirib.

Bildirilib ki, prokurorluq orqanları daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Prokurorluqda hesabatlılığın və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi və s. istiqamətdə mütəmadi islahat tədbirləri həyata keçirilir.

Baş prokuror Kamran Əliyev həm "Heydər Əliyev İli", həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar məsuliyyətini dərindən dərk edən prokurorluq işçiləri tərəfindən ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun möhkəmləndirilməsi naminə lazımi tədbirlərin görüləcəyini vurğulayıb.

Tədbirdə, həmçinin, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, prokurorluğun veteranı Pənah Abbasov, prokurorluqda ictimai köməkçi qismində fəaliyyət göstərən könüllü Telman İsmayılov çıxış ediblər.

Daha sonra Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş "İlham" sənədli filmi nümayiş etdirilib.

“Respublika”.