Bakı-Sumqayıt yoluna alternativ layihə təqdim olunub
Gündəm

Bakı-Sumqayıt yoluna alternativ layihə təqdim olunub

Nəqliyyat eksperti Aslan Əsədov Bakı-Sumqayıt-Bakı yoluna alternativ “Yeni yol” layihəsini təklif edib.

"Respublika" xəbər verir ki, layihə üç mərhələli olaraq Bakı, Binəqədi və Abşeron rayonu ərazilərini əhatə edir.

Aslan Əsədov layihə barədə geniş məlumat verib:

“1-ci mərhələdə Binəqədi rayonu 9 mikrorayon ərazisində tikintisi aparılacaq tunel və ya dolayı yol çəkilişi nəzərdə tutulub. Bu, Abşeron rayonunun Masazır, Saray qəsəbələrini, Binəqədi rayonunun Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcək. 2-ci mərhələ üzrə küçələrin genişləndirilməsi, ərazi üzrə yaşayış və qeyri-yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri-yaşayış sahələrinin təyin edilməsi və sökülməsi işləri planlaşdırılıb. 3-cü mərhələ isə yol və qovşaqların tikilməsi və təyini ilə bağlıdır. İlkin mərhələdə yolun 2 gediş, 2 gəliş olmaqla, 4 zolaqlı olması, perespektivdə isə 8 zolağadək genişləndirilməsi mümkün ola bilər. Layihənin icra müddəti 3 il planlaşdırılıb”.

A. Əsədov qeyd edib ki, təklif etdiyi “Yeni yol” layihəsi çərçivəsində həyata keçirilməsi planlaşdırılan məsələlərin əhali üçün bir sıra üstünlükləri olacaq:

“Yeni yol çəkilərsə, Biləcəri, Binəqədi, Novxanı və Masazır ərazilərindəki mənzil qiymətləri dəyişəcək, torpaq və yaşayış sahələrinin qiymətləri bahalaşacaq. Bundan əlavə, məşğulluq artacaq, yeni iş yerləri açılacaq, kanalizasiya, içməli su, internet və s. kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaq. Həmçinin layihə Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını təmin edəcək, kanat, funklyor inşası ilə ərazidə şəhər turizminin inkişafı və turizmin digər elementlərinə müsbət təsir göstərəcək. Yeni marşurut xətlərinin çəkilməsi həm də ərazidə sərnişindaşımanın rahatlılığına zəmin yaradacaq. Ərazidə yerləşən Biləcəri dəmiryolu stansiyasının əhəmiyyəti artacaq, digər şəhər və rayonlara gediş-gəlişi asanlaşdıracaq”.