Azərbaycanlılar faşizmlə mübarizədə fədakarlıq göstərib
Digər xəbərlər

Azərbaycanlılar faşizmlə mübarizədə fədakarlıq göstərib

Bu il bəşər tarixinin ən qanlı faciələrindən olan İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 78-ci ili tamam olur. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytelin təslim aktını imzalaması ilə faşizm üzərində qələbə bərqərar oldu. Tarixə 9 May - Qələbə Günü kimi düşən faşizm üzərində zəfəri postsovet ölkələri, o cümlədən bütün dünya qeyd edir.

1939-cu il sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücuma keçməsi ilə başlayan müharibəyə 2 gün sonra Fransa və İngiltərə qoşuldu. Əhatə dairəsinə görə, müharibə Avropa, Asiya, Afrika qitəsini, 110 milyon hərbçini, Atlantik və Sakit okeanlarını cənginə almış, 6 il davam etmişdir. Faşist Almaniyası Polşaya 57 diviziya, 2500 tank 2000 təyyarə yeridərək açıq-aşkar bu ölkənin sərhədlərini pozması nəticəsində uzun müddət davam edən soyuq müharibəni odlu-alovlu toqquşmaya gətirib çıxardı. Müharibənin başlanmasının bir neçə səbəbləri olub. Bunlardan birincisi Almaniya, İtaliya və Yaponiyanın şovinist siyasət yürütməsi idi. Digər səbəb isə Adolf Hitlerin alman xalqını ali millət adlandırması, əvvəlki ərazilərini bərpa etmək cəhdləri, harada alman yaşayırsa bizim vətənimizdir şüarları olub. Yaponiyaya gəlincə isə Versal sistemində Çində olan alman mülklərinin Yaponiyaya verilməsi razılaşdırılsa da Vaşinqton konfransında ABŞ bu qərarı ləğv edir. Və bundan sonra Yaponiya ABŞ-a qarşı revanşist meyillərini artırır. Faşizmin müttəfiqlərindən olan İtaliya Birinci Dünya müharibəsində “Üçlər ittifaqı” ilə birgə iştirak etsə də, 1915-ci ildə “Antanta”nın yanında yer alır. Lakin onlara verilən vədlərin heç biri yerinə yetirilmir. Bütün bunlar İkinci Dünya müharibəsinin əsasını qoyan amillərdir.

Adolf Hitler Polşaya hücum etməmişdən əvvəl 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında müqavilə imzalanır. Müqaviləyə əsasən, A.Hitler və İ.Stalin razılaşmaya gəlir ki, əgər müharibə başlayarsa, bu iki ölkə bir-birlərinə hücum etməyəcək. Lakin 1941-ci il iyunun 22-də faşist Almaniyası sovet-alman müqaviləsini xaincəsinə pozaraq SSRİ-yə hücum etdi. Almanlar Sovet İttifaqının sərhədlərinə 190 diviziya, on minlərlə tank və başqa hərbi texnika gətirmişdi. 1941-ci il iyunun 30-da İ.V.Stalinin əmri ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. Bununla da Azərbaycan xalqının digər xalqlar kimi İkinci Dünya müharibəsində iştirakı zəruri oldu. Böyük Vətən müharibəsi adı altında 100 minlərlə azərbaycanlı döyüşlərə cəlb olunmuşdu.

1941-ci ilin yayı üçün faşistlər artıq, demək olar ki, bütün Avropanı özlərinə tabe etmişdilər. Qarşıda duran ən çətin proseslərdən biri, SSRİ-nin işğalı dururdu. Sovet İttifaqı üzərinə hücum planı hələ 1940-cı ildə hazırlanaraq "Barbarossa" adı verilmişdi. Barbarossa planına əsasən, SSRİ 1941-ci ilin payızına qədər məğlub edilməli idi. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. Faşistlərin əsas məqsədi qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi. İldırım sürətilə həyata keçirilən planda almanlar birinci həftədə Leninqrad və Kiyevə yaxınlaşaraq Kiyevi işğal etdilər. Leninqrad uğrunda amansız müharibə başladı, amma bu şəhəri ələ keçirə bilmədilər.

Qafqaz uğrunda gedən döyüşlər müharibənin əsas məqamlarından biri olub. Bir sıra müdafiə və hücum əməliyyatını əhatə etmişdir. Cənubi Qafqazda yerləşən Azərbaycan coğrafi mövqeyinə və yeraltı sərvətlərinin zənginliyinə görə Adolf Hitlerin diqqətini cəlb edirdi. Buna görə də alman-faşist komandanlığının məqsədi Rostovun cənubunda, cənub-şərqində Cənub cəbhəsi qoşunlarını mühasirəyə alıb məhv etmək, Şimali Qafqazı ələ keçirmək idi. Daha sonra isə digər qrupla birgə Novorossiysk və Tuapseni, bir qrup isə Bakını və Qroznını tutmalı idi. A.Hitlerin bu planı da digərləri kimi suya düşür və Azərbaycanı işğal etmək planı alt-üst olur.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük qəhrəmanlıq salnaməsi yazaraq döyüş yolu keçmişdi. Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Soydaşlarımızdan 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə dünya hərb tarixinə adlarını qızıl hərflərlə yazdırıblar.

İkinci Dünya müharibəsində qazanılan qələbədə Bakı neftinin əvəzsiz rolu olub. Müharibə illərində SSRİ-nin istifadə etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi ölkəmizin payına düşüb. Berlinin alınması zamanı Almaniya səmasında hərəkət edən 7 min hərbi təyyarənin yanacaq ehtiyacının ödənilməsində də böyük rolu olub.

Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar haqqında şeirlər, kitablar yazılmış, kinolar çəkilmişdir. Müharibədə iştirak edən 600 mindən çox soydaşımızın təxminən yarısı geri qayıtmayıb.

Musa BAĞIRLI,

"Respublika".