Azərbaycanın güclü ordusu var
Siyasət

Azərbaycanın güclü ordusu var

Silahlı Qüvvələrimizin hərbi arsenalı müasir silahlarla zənginləşdirilir

Fevralın 9-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izləyiblər. Dövlət başçısı PUA-nın yerə enməsindən sonra uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib.

Ötən il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dövlət başçısı İlham Əliyev deyib: "...Ordumuzun gücləndirilməsi heç kimə sirr deyil... biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq".

Milli hiss, milli birlik, milli iftixar, Vətənə, torpağa bağlılıq... Azərbaycan əsgəri tarix boyu bu ruhda formalaşıb, bu ali duyğular onun əsas prinsiplərindən biri olub. İstər Azərbaycan Demokratik Respublikasının 23 aylıq hakimiyyəti dövründə, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonrakı illərdə bu hisslərə köklənən hər bir əsgər və zabitimiz Vətənə qırılmaz tellərlə bağlı olduğunu dəfələrlə sübuta yetirib. Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni bu gün dünyanın hərbi analitik mərkəzləri təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.

Ölkəmiz hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları ilə, beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və digər ölkələrlə də hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir. Təbii ki, hərbi sahədə də ən mühüm tərəfdaşımız qardaş Türkiyə Respublikasıdır.

Azərbaycan Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladıqdan sonra orduda müəyyən islahatların aparılması, birgə təlimlərin keçirilməsi istiqamətində mühüm işlər gördü. 2021-ci il ərzində hərbçilərimizin daha müasir döyüş taktikalarına yiyələnməsi və bu bacarıqlarının inkişaf etdirilməsi üçün Azərbaycan-Gürcüstan-Türkiyənin birgə hərbi təlimləri, Azərbaycan-Türkiyə-Pakistanın "Üç qardaş-2021" adlı beynəlxalq təlimi, çoxsaylı Azərbaycan-Türkiyə təlimləri keçirildi. Həmin il komando birliklərinin yaradılması da mühüm hadisələrdən oldu.

Azərbaycan ordusu 2022-ci ilə də uğurla qədəm qoydu, ölkəmizin müdafiə qüdrətinin güclənməsini təmin etdi. Həmin ildə də hərbi sahədə əməkdaşlığa böyük üstünlük verildi. Belə ki, oktyabrda Türkiyədə Azərbaycanın iştirakı ilə "Etenity-2022" kompüter dəstəkli komando-qərargah təlimi baş tutdu. Hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edildi.

İki ölkə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə əməkdaşlığının davamı kimi dekabr ayında daha bir hərbi təlim reallaşdırıldı. Azərbaycan ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiyası vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edirdi. "Qardaş yumruğu" adlanan birgə təlimdə Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetirdilər.

2023-cü ilin əvvəllərində isə Qarsda Azərbaycan və Türkiyə hərbçilərinin növbəti hərbi təlimləri reallaşdı. "Qış-2023" hərbi təlimində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman hərbçiləri uğurla iştirak etdilər.

Azərbaycan ordusunun modernləşdirilməsində ölkəmizdə müdafiə təyinatlı məmulatların sərgisinin təşkili, yaxud Azərbaycanın hərbi təyinatlı məmulatlarının beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdirilməsi də xüsusi rol oynayır. Bu il fevralın 4-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində ikinci dəfə "World Defence Show-2024" Beynəlxalq Müdafiə Sərgisi keçirilib. Sərgidə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkil etdiyi stenddə ölkəmizin istehsalı olan 107 adda müdafiə təyinatlı məlumatlar nümayiş etdirilib.

2020-ci il Vətən müharibəsi qələbəmizlə başa çatdıqdan sonra orduda müxtəlif təyinatlı hərbi hissələrin yaradılması, sursat arsenalının qısa zamanda gücləndirilməsi istiqamətində görülən işlər, texnologiyanın silahlı qüvvələrə sintezi ordumuzun gücünü tamamilə dəyişib. "Global Firepower" portalında Azərbaycan Ordusu 157 ölkənin ordusu arasında 57-ci pillədə göstərilir. 5-ci nəsil silahlarla zənginləşdirilən Azərbaycan Ordusu gündən-günə güclənir. Bir daha qeyd edirik ki, ölkəmizdə hərbi islahatların sürətləndirilməsində Türkiyənin xüsusi rolu var və hər iki ölkənin dövləti bu əməkdaşlığı daha yüksək səviyyələrə qaldırmaq əzmindədir. Bütün dünya görür ki, Türkiyə çox ciddi hərbi və müdafiə sənayesi potensialına malikdir. İkinci Qarabağ müharibəsində bütün dünya Türkiyə hərbi sənayesinin istehsalı olan pilotsuz uçuş aparatlarının gücünü gördü. İki ölkə arasında bu əməkdaşlıq həm də ölkəmizin müdafiə sənayesi sahəsində mövcud olan strukturlarında birgə istehsalın reallaşmasını təmin edir. Belə əməkdaşlıq, həmçinin Azərbaycan hərbi qüvvələrinin NATO standartlarına uyğunlaşması prosesində mühüm addım sayılır.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır".

Bəli, Azərbaycanın güclü ordusu var, lakin bu, son hədd deyil. Ölkəmiz öz hərbi qüdrətini daha da gücləndirir.

Zümrüd QURBANQIZI,

"Respublika".