Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur
Siyasət

Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iclasında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə qərar layihəsi irəli sürüldü. Erməni lobbisinin təsiri altında olan almaniyalı deputat Frank Şvabe tərəfindən edilən bu təklif dəstəkləndi. Ümumiyyətlə, Qərbin kurasiyasında olan təşkilatlar vasitəsilə Azərbaycana qarşı hücumlar güclənir.

Onlar hər vəchlə müstəqil xarici siyasət yürüdən Azərbaycanı hədəfə almağa çalışırlar. Heç bir şübhə yoxdur ki, Fransanın dirijorluğu ilə bu layihə məhz Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti təzahürüdür. Bundan əvvəl də Fransa rəsmiləri, o cümlədən Avropa Parlamentinin bəzi üzvləri məhkəmə qərarlarını gözləyən və məsuliyyətə cəlb olunmuş separatçıları siyasi məhbus adlandırmaqdan çəkinməmişdilər. İndi həmin alman deputat da onların yolunu gedir və bu cür qərarın verilməsi məhz ermənipərəst qüvvələrin və erməni lobbisinin məhsuludur. Onu da nəzərə alaq ki, Azərbaycanın nümayəndə heyəti vaxtında və düzgün addım ataraq bu təşkilatla əlaqələri kəsmək niyyətində olduğu barədə bəyanat verdi. Bu, olduqca düzgün qərardır.

2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul olunanda işğal altında olan torpaqların qaytarılması, eyni zamanda bir milyona yaxın məcburi köçkünlərimizin və qaçqınlarımızın hüquqlarının bərpa olunması, işğal nəticəsində törədilmiş cinayətlərin tezliklə araşdırılması və günahkarların məsuliyyətə cəlb olunmasına ümid edirdi. Amma Azərbaycanın Avropa Şurasına üzvlüyü və Avropa Şurasının Parlament Assambleyasında iştirakı zamanı məlum oldu ki, bu təşkilatda ölkəmizə yalnız ikili standartlar müstəvisində münasibət bəslənilir və irqçilik, azərbaycanofobiya, türkofobiya, islamofobiya hökm sürür. Məlum oldu ki, Azərbaycana qarşı münasibət digər üzvlərlə müqayisədə tam fərqlidir.

Azərbaycan öz siyasətinə uyğun olaraq insan hüquqlarının etibarlı şəkildə təmin edilməsi, qanunun aliliyinin və demokratiyanın təşviq edilməsi yolunu tutub. Avropa Şurasının Azərbaycana qarşı siyasətində daxili işlərə qarışmaq, qərəzli əsaslarla ölkəmizə təzyiq göstərmək cəhdləri açıq şəkildə hiss olunur. Bu gün Azərbaycanın nə Avropa Şurasına, nə də Avropa Şurası Parlament Assambleyasına ehtiyacı var. Çünki əməkdaşlıq həyata keçirilirsə, hər iki tərəf bu əməkdaşlığın gücləndirilməsi, səmərəsinin artırılması istiqamətində addımlar atmalıdır. Dövlətimiz Avropa Şurasına qəbul olunduqda bir sıra öhdəlikləri öz üzərinə götürüb və onların hər birini yerinə yetirib. Ölkəmiz, həmçinin bu təşkilatın işinə çox böyük töhfələr verib. Azərbaycanın üzləşdiyi problemlər, xüsusilə də torpaqlarının işğalı və separatçılığın mövcudluğu məsələsinə gəldikdə isə AŞPA susur, Ermənistana sanksiya tətbiq etmək, bu cür hərəkətləri və cinayətləri mühakimə etmək və pisləmək əvəzinə, məhz Azərbaycana qarşı əsassız qərarlar və bəyanatlar səsləndirib. Azərbaycanın xarici siyasətində bu gün nə Avropa Şurasının, nə Avropa Şurasının Parlament Assambleyasının yeri yoxdur.                                                

Kamran BAYRAMOV,

Milli Məclisin deputatı.