Azərbaycan vətəndaşının səsi Qarabağın hər tərəfindən gələcək
Siyasət

Azərbaycan vətəndaşının səsi Qarabağın hər tərəfindən gələcək

Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 il müstəqil dövlətimizin dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, regionda söz sahibinə çevrilməsi ilə xarakterizə edilir. Modernləşmə, tərəqqi dövrü olan bu illərdə həyata keçirilən sosial-iqtisadi siyasət bütün sahələrdə əsaslı dönüş yaratmış, regionun strateji və qlobal problemlərinin həllində mövqeyi nəzərə alınan ölkəmiz beynəlxalq, irimiqyaslı layihələrin təşəbbüskarı, həm də fəal icraçısı olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın etibarlı tərəfdaşa, dost ölkəyə çevrilmişdir. Dövlət başçısının inkişaf strategiyası respublikada ictimai-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişafa nail olunması və hərtərəfli tərəqqini əhatə etmişdir.

2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri xalqın istəyinin ifadəsidir

Müdrik liderin uğurlu xarici siyasəti dünya ölkələri ilə əlaqələri şaxələndirməyə, qarşılıqlı faydalı əməkdaşlığı möhkəmləndirməyə imkan yaradıb. Neft ölkəsindən təbii qaz ixrac edən ölkəyə çevrilən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Respublikamızın böyük həcmdə yaşıl enerji potensialına malik olması və ölkə başçımızın Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji zonası" elan etməsi bir çox ölkələrin maraq dairəsindədir. Həm neft-qaz ixracatçısı, həm də özünəməxsus, zəngin mədəniyyəti, adət və ənənələri olan Azərbaycan dünya ölkələri ilə elmi-texniki, iqtisadi və mədəni əlaqələrini günbəgün daha da genişləndirir.

İlham Əliyevin 20 illik prezidentlik dövrünün möhtəşəm səhifəsini isə 30 il işğal altında qalan tarixi torpaqlarımızın düşmən əsarətindən azad olunması, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası təşkil edir. Təcavüzkar düşmənin zəbt etdiyi tarixi torpaqlarımız 3 ildən artıqdır ki, azadlığına qovuşub, dövlətimiz suverenliyini təmin edib. İşğaldan azad olunmuş ərazilərdə üçrəngli bayrağımız qürurla dalğalanır. Yenidən qurulan, bərpa olunan şəhər və kəndlərimizdə soydaşlarımızın rahat, təhlükəsiz yaşamaları üçün hər cür şərait yaradılıb. İllərdir məcburi köçkün statusu daşıyan soydaşlarımız artıq bu yerlərin əsl sahibləri olaraq geri dönürlər. Bəli, bu yerlərin əsl sahiblərinin bütün hüquqları təmin olunur: rahat, təhlükəsiz, firavan yaşamaq, doğma məktəblərində təhsil almaq, işləmək… və öz istəyi, arzusu, iradəsi ilə öz prezidentini seçmək...

Bu il dekabrın 7-də ölkə başçımızın respublikamızda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncam imzalaması şanlı Zəfərimizdən sonra ard-arda qeyd etdiyimiz növbəti möhtəşəm tarixi prosesdir. Belə ki, müstəqil dövlətimizdə ilk dəfə prezident seçkiləri bütöv, suveren Azərbaycan ərazisində keçiriləcək. Tarixin müxtəlif dönəmlərində, mürəkkəb proseslərində birləşən, həmrəy olan məğrur xalqımız bu dəfə bütöv Azərbaycanda öz liderini seçəcək. Əvvəlki illərdən fərqli olaraq, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə keçmiş məcburi köçkünlərin bir hissəsi artıq doğma yurd yerlərində səs verəcəklər. Azərbaycan vətəndaşının səsi Qarabağın hər tərəfindən gələcək...

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu günlərdə keçirilən iclasında 30 il boyu torpaqlarımızın 20 faizdən çox hissəsinin düşmən əsarətində olması, soydaşlarımızın məcburi köçkün kimi respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşması barədə danışaraq bildirib ki, işğal dövründə məcburi köçkünlərin səsverməsi ilə bağlı yaranan problemlər haqqında beynəlxalq təşkilatları məlumatlandırsaq da heç bir reaksiya verilmirdi. Seçki Komissiyasının sədri gələn il keçiriləcək növbədənkənar prezident seçkilərində ilk dəfə azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişə əlavə bəndin salınmasının qanunvericiliyin tələbinə tam uyğun olduğunu qeyd edib, həmçinin Şuşada, Xankəndidə səs vermək istəyənlərin artıq Seçki Komissiyasına müraciət etdiklərini də diqqətə çatdırıb.

Bəli, hər millətin, dövlətin lideri xalqın özünü təsdiqində, dünyada tanınmasında mühüm rol oynayır. Düşünülmüş siyasət yürüdən dövlət başçısı xalqdan güc alaraq onu irəliyə, xoş gələcəyə aparır. Tarixin bütün keşməkeşlərində isə xalq öz liderinə güvənir, ona etimad edir. İkinci Qarabağ müharibəsində bir yumruğa dönüb Ali Baş Komandanın ətrafında birləşən, onun siyasətini dəstəkləyən uzaqgörən Azərbaycan xalqı bu tarixi proseslərdə hər zaman qətiyyət nümayiş etdirib, öz rəhbərini seçməkdə yanılmayıb. Qarşıdan gələn növbədənkənar seçkilərdə bütöv Azərbaycanın qalib vətəndaşlarının seçimi yenə də müstəqilliyə, xoş sabahlara ünvanlanacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".