Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirir
Siyasət

Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirir

İndi dünyada hər kəs anlamaq məcburiyyətindədir ki, Qarabağın erməni azlığı ilə məsələ Azərbaycanın daxili işidir. Bakı bu məsələni birmənalı şəkildə Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin tələblərinə uyğun həll edəcək və başqalarının bu məsələyə müdaxiləsi yolverilməzdir.

"Azərbaycan Ordusunun 23-24 saatlıq lokal antiterror tədbirləri Qarabağda erməni separatçılarını ağ bayraq qaldırmağa və bütün şərtləri qəbul etməyə məcbur etdi. Bu əslində 10 noyabrdan sonra Ermənistanın ikinci dəfə ağ bayraq qaldırmasıdır". Bu, fikri açıqlamasında siyasi ekspert Volkan Aydemir deyib. O əlavə edib ki, belə bir antiterror tədbirlərini yalnız güclü siyasi lideri və ordusu olan bir dövlət edə bilərdi. Azərbaycan bunu etdi. Bu, 44 günlük Vətən müharibəsindən sonra qazanılan ən böyük uğurdur. Azərbaycan Cənubi Qafqazdakı gücünü dosta-düşmənə birdəfəlik göstərdi. Antiterror tədbirləri zamanı Azərbaycan ordusunun döyüş mövqelərini tərk edənlərə atəş açmaması da onun sülhün tərəfdarı olmasının və dinc şəraitdə yaşamaq istəməsinin əyani göstəricisidir. Ümid edirəm ki, bunu artıq erməni xalqı da başa düşür və bu dəfə sülh müqaviləsi bağlanacaq, erməni əsilli vətəndaşların cəmiyyətə reinteqrasiyasına nail olunacaq, bağlanmış sülh müqaviləsi ilə Cənubi Qafqazda uzun müddətdən sonra sabitlik yaranacaq.

Siyasi ekspert deyib ki, Paşinyan hakimiyyətinin hazırda olduqca ciddi ölkədaxili problemləri mövcuddur. Belə ki, Azərbaycanın Qarabağ üzərində öz suveren hüquqlarını tam bərpa etməsindən sonra Ermənistan cəmiyyətinin əsas qəzəbi məhz Paşinyan hakimiyyətini hədəfə alıb. İstefa verməkdən imtina edən erməni baş nazirə qarşı kütləvi etiraz aksiyalarında məhz Ermənistanın Rusiya ilə yaxınlaşmasına yönəlik çağırışlar ön planda yer alır.

Yevlaxda keçirilən görüşə münasibət bildirən V. Aydemir deyib ki, bir günün içərisində bütün məsələlərin həllinə nail olmaq mümkün deyil. Diqqət etsək görərik ki, artıq qərar verilib ki, Qarabağdakı vətəndaşların təminatını Azərbaycan dövləti həyata keçirsin. Bu da o deməkdir ki, ermənilər yeni reallıqları qəbul etməkdən başqa yol qalmadığını tam anlayıb və ehtiyaclarını dilə gətiriblər. Azərbaycan onların ərzaq, istiliklə bağlı problemlərinin həllində öz üzərinə düşənləri edəcək.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.