Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Bu əməkdaşlıq, təkcə siyasi, iqtisadi, mədəni sahədə deyil, eyni zamanda təhsil sahələrində də artan templə davam edir. İldən-ilə təhsil əlaqələrinin daha da inkişaf etdiyi iki qardaş ölkə elmə də xüsusi yer ayırır.
"İslahatçı Gənclər" İctimai Birliyi və "Edu Time" Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə İstanbul şəhərində Azərbaycan-Türkiyə Təhsil İşçilərinin Peşə-Təcrübə Proqramı baş tutub. Proqramın ilk günündə iştirakçılar İstanbul Aydın Universitetini ziyarət ediblər. Ali təhsil ocağının rəhbərliyi Azərbaycandan gələn heyətə universitetdəki təhsil şəraiti və müasir texnologiyalar barədə ətraflı məlumat verib. Bildirilib ki, Universitet (İAU) Türkiyənin ən nüfuzlu universitetlərindəndir və hazırda 43 mindən çox tələbəsi var. Onlardan 6 mindən çoxu xarici vətəndaşdır, türk və xarici tələbələrin ən çox seçdiyi Vəqf universitetidir. Daha sonra azərbaycanlı müəllimlər "Təhsildə müasir texnologiyalar və sinifdaxili təhsil strategiyaları" mövzusunda təlimdə iştirak ediblər. Azərbaycandan gələn təhsil işçiləri təhsildəki son akademik yeniliklər barədə məlumatlandırılıb. Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda türkiyəli həmkarlarına məlumat veriblər. Təlimdə 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Əlihüseyn Məmmədovun anası Bakı şəhəri 226 saylı məktəbin direktoru Arzu Məmmədova da iştirak edib. O iştirak etdiyi bütün tədbirlərdə yüksək ehtiramla qarşılanıb.
Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib. Qeyd edək ki, Azərbaycan-Türkiyə Təhsil İşçilərinin Peşə-Təcrübə Proqramında Bakı, Sumqayıt və Naxçıvan Muxtar Respublikasından məktəb rəhbərləri və müəllimlər iştirak edib. Onlar, həmçinin Bil Okulları, İstanbul Yeni Yüzyıl Universiteti, İstanbul Qalata Universitetində də təcrübə mübadiləsi aparıblar.
Esmira Yazkan ASLANOVA,
''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.