Azərbaycan təhsilinin flaqmanı
Elm və təhsil

Azərbaycan təhsilinin flaqmanı

Bu gün Bakı Dövlət Universitetində ilk dərs günündən 104 il ötür

1919-cu il sentyabrın 1-də gərgin müzakirələrdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında xüsusi əhəmiyyətə malik olacaq ilk universitetin açılması haqqında qanun qəbul edib.

Həmin il parlamentin sentyabrın 29-da keçirilən 79-cu iclasında isə Bakı Dövlət Universitetinin (BDU) idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə qəbul olunub.

Universitet Şurasının noyabrın 10-da baş tutan ilk iclasında professorların və digər akademik heyətin tərkibi təsdiqlənib. 1919-cu il noyabrın 15-də universitetdə birinci dərs günü elan edilib. BDU-nun ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub.

Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə BDU-nun inkişafında yeni mərhələ başladı. 1969-cu ildən etibarən Azərbaycan elminin və təhsilinin sütunu kimi dünyanın təhsil və elm ocaqları arasında böyük nüfuz qazandı. Heydər Əliyevin göstərişi ilə universitetin 50 illik yubileyinin keçirilməsi ulu öndərin bu ali təhsil müəssisəsinə hərtərəfli qayğısının təcəssümüdür. Yubiley tədbirində ümummilli liderin böyük cəsarət nümayiş etdirərək ana dilimizdə çıxış etməsi isə tarixdə bir ilk idi. Heydər Əliyev bunu tarixi hadisə kimi qiymətləndirirdi: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu - nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər".

O dövrdə hələ yenicə müstəqilliyini əldə etmiş ölkəmizin çoxsaylı problemlər, çətinliklərlə üzləşdiyi hər kəsə məlum idi. Siyasi cəhətdən bu cür mürəkkəb bir şəraitdə ümummilli liderimiz universitetin elmi potensialı və maddi-texniki bazasının zənginləşməsi üçün mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev həm BDU-nun dünyaşöhrətli məzunu, həm də bu ali təhsil müəssisəsinin hamisi olub.

Doğma universitetimizə son 20 ildə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət göstərilib. Ölkə başçımızın müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyinin təntənəli şəkildə ölkədə və xaricdə qeyd olunması da bunun əyani sübutudur. Prezident İlham Əliyevin universitetin 100 illik yubiley mərasimindəki proqram xarakterli çıxışı Azərbaycan təhsilində yeni yol xəritəsini cızdı. 

Xatırladaq ki, 104 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Bundan başqa, tədqiqat, inkişaf və innovasiyalar üzrə Mükəmməllik Mərkəzi, elmi-tədqiqat laboratoriyaları, 2 milyondan çox kitab fondu olan elmi kitabxana da Azərbaycan elminə öz töhfəsini verir. Bu gün Bakı Dövlət Universitetində ali təhsilin bütün səviyyələri üzrə 24 mindən çox tələbə təhsil alır. Ali təhsil müəssisəsində 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Azərbaycan təhsilinin flaqmanı olan universitetdə tədris tarixi ənənələrin və innovativ dünya təcrübəsinin vəhdəti şəklində həyata keçirilir. Elmi fəaliyyətin səmərəli təşkili istiqamətində müəyyənləşdirilən strateji xətt sayəsində son dövrlər aparılan elmi-tədqiqat işlərində yeniliklər tətbiq edilir.

Xüsusi vurğulamaq lazımdır ki, son illər BDU-da dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq çərçivəsində bir neçə ikili diplom proqramı həyata keçirilir. Bakı Dövlət Universiteti "Times Higher Education" beynəlxalq reytinqinə Azərbaycan üzrə daxil olan yeganə, "QS World University Rankings" beynəlxalq reytinqində isə ölkəmizi təmsil edən iki ali təhsil müəssisəsindən biridir. Azərbaycan üzrə "Web of Science" bazasında indekslənən jurnallarda dərc olunmuş məqalələrin 25 faizi də məhz BDU-da fəaliyyət göstərən alimlərə məxsusdur. Bundan əlavə, universitetin beynəlxalq əlaqələri də müxtəlif platformalarda genişlənməkdə və inkişaf etməkdədir. Bakı Dövlət Universitetinin Türkiyənin Bilkənt, Ankara, İstanbul, Kafkas və digər universitetləri, İzmir Yüksək Texnologiya İnstitutu, Fransanın Lion-2 Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Berlin Texniki Universiteti və s. aparıcı təhsil ocaqları ilə əməkdaşlıq etməsi də bunun əyani sübutudur.

Nəzrin ELDARQIZI,

"Respublika".