Azərbaycan-Rumıniya əməkdaşlığında yeni mərhələ
Digər xəbərlər

Azərbaycan-Rumıniya əməkdaşlığında yeni mərhələ

Azərbaycan-Rumıniya arasındakı iqtisadi-siyasi əməkdaşlıq uzun illərə dayanır. Hələ 1991-ci ildə Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra 1992-ci il iyunun 19-da iki ölkə arasında diplomatik əlaqələr qurulub. Qeyd edək ki, Rumıniya ölkəmizin müstəqilliyini tanıyan Türkiyədən sonra dünyada ikinci, Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Bundan sonra hər iki ölkədə səfirliklər açılıb.Rumıniya Avropanın sayılıb-seçilən, etibarlı ölkələrindən biridir. Həmçinin Azərbaycanın da beynəlxalq arenada artan nüfuzu və ölkəmizin etibarlı tərəfdaş olması hər iki ölkənin münasibətlərinə müsbət təsir göstərir. 2009-cu il sentyabrın 28-də iki ölkə arasında Buxarestdə imzalanmış "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə"nin təsiri və müsbət cəhətləri özünü siyasi arenada da büruzə verir. Bu Bəyannamə ölkəmizin Avropa Birliyinə üzv dövlətlərlə strateji tərəfdaşlığa dair imzaladığı ilk belə sənəddir. İki ölkə arasındakı iqtisadi münasibətlərin yüksələn xətlə davam etməsinin digər bir səbəbi də hazırda enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, mədəniyyət, turizm və s. sahələrdə qarşılıqlı əməkdaşlıqdır.

Hazırda "SOCAR" brendinin Rumıniyada 16 yanacaqdoldurma məntəqəsi var. Paytaxt Bakıda "Azərbaycan-Rumıniya dostluq cəmiyyəti", Buxarestdə isə "Rom-Azer" Rumıniya-Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. Bununla yanaşı, təhsil sahəsində də iki ölkə arasında uğurlu addımlar atılır. Azərbaycan Dillər Universitetində rumın dili və mədəniyyəti mərkəzləri yaradılıb.

Bu ilin fevral ayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Prezident İlham Əliyev Rumıniya ilə əlaqələri yüksək səviyyədə qiymətləndirib: "Təbii ki, dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib idi, çünki iki mühüm hadisə baş tutdu. Birincisi, biz Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur və biz, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq. Bir sözlə, bunlar vacib hadisələr idi".

Qeyd edək ki, bu ilin yanvar ayında da hər iki ölkə rəsmiləri arasında görüş olub. Azərbaycan tərəfindən Müştərək Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Rumıniya tərəfindən isə Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun videoformatda görüşü baş tutub. Görüş zamanı əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı görüləcək işlər haqqında müzakirələr aparılıb. Bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğu, irimiqyaslı layihə olan Orta Dəhliz layihəsinin mühüm logistika və tranzit üstünlükləri, təbii qaz nəqlinə və Rumıniyanın Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsində iştirakına dair fikir mübadiləsi edilib. Ələt Azad İqtisadi Zonasının əhəmiyyətindən, kənd təsərrüfatı, ticarət, investisiya, müasir texnologiyaların tətbiqi, təhsil, sosial, mədəni və s. sahələrdə gələcək əməkdaşlıqdan, həmçinin Beynəlxalq Dəniz Ticarət Limanı ilə Konstansa dəniz limanı arasında əməkdaşlığın genişləndirilməsinin logistika sahəsində ikitərəfli əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyi də vurğulanıb.

Görüşün sonunda Müştərək Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub.

Töhfə SƏMƏDOVA,

"Respublika".