Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3702 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1530) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. “5. 2022–2025-ci illər üzrə yenilənən Strategiya” hissəsi üzrə:

1.1. “Strateji məqsəd 1. Həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığını təmin etmək” hissəsinin ikinci abzasının birinci cümləsində “20” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin;

1.2. “Cədvəl 1. Dövlət borcu və dövlət borcuna xidmət xərcləri üzrə müəyyən edilmiş göstəricilər (ilin sonuna)” cədvəlinin “Göstərici” sütununun ikinci abzasında “Xarici borcun (birbaşa xarici dövlət borcu) ÜDM-ə nisbəti” sözləri “Birbaşa xarici dövlət borcunun yuxarı həddi” sözləri ilə, “Hədəf göstərici” sütununun birinci abzasında “20,0%” sözləri “30,0%-i üstələməməsi” sözləri ilə, ikinci abzasında “15,0%” sözləri “10,0 milyard ABŞ dollarını üstələməməsi” sözləri ilə əvəz edilsin;

1.3. “Prioritet tədbir 1. 2022–2025-ci illər üzrə dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 2025-ci ilin sonunadək 20 faizdən aşağı səviyyədə saxlanılması” hissəsinin birinci və ikinci abzaslarında “20 faizdən aşağı səviyyədə saxlanılması” sözləri “30 faizi üstələməməsi” sözləri ilə əvəz edilsin;

1.4. “Prioritet tədbir 2. Xarici dövlət borcunun ÜDM-ə nisbətinin 2025-ci ilin sonunadək 15 faizdən aşağı səviyyədə saxlanılması” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Prioritet tədbir 2. Xarici dövlət borcunun 2025-ci ilin sonunadək 10,0 milyard ABŞ dollarını üstələməməsi

Xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün 5,0 milyard ABŞ dollarınadək xarici borc cəlb edilə bilər. Xarici dövlət borcu üzrə yuxarı həddi təşkil edən həmin borcun ÜDM-ə nisbəti göstəricisi, xarici dövlət borcunun nominal ifadədə təsbit olunan yuxarı hədd göstəricisi ilə əvəz olunur.”;

1.5. “Yeni borcalmalar çərçivəsində dövlət borcunun proqnozlaşdırılan vəziyyəti” hissəsi üzrə:

1.5.1. ikinci və dördüncü abzaslarda “hədəflənir” sözü “gözlənilir” sözü ilə əvəz edilsin;

1.5.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“Xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 10,7 faizi həcmində olması gözlənilir (Qrafik 3). Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün xarici borc cəlb ediləcəyindən, bu göstəricilər dəyişə bilər.”.

2. “7. Yenilənən Strategiyanın həyata keçirilməsi ilə bağlı risklər” hissəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Yenilənən Strategiya ilə müəyyən olunan əsas hədəflər 2025-ci ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizdən aşağı səviyyədə saxlanılmasını və xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsini nəzərdə tutur. Bununla belə, xarici və daxili iqtisadi mühitdə baş verən kəskin dəyişikliklərin ÜDM-in nominal həcminə təsiri nəticəsində borcun ÜDM-ə nisbəti göstəricisi də dəyişə bilər ki, bu da yenilənən strateji məqsədin reallaşmasında çətinliklər yarada bilər.”.

3. “9. Tədbirlər Planı” hissəsi üzrə:

3.1. 1.1-ci bəndin “Tədbirin adı” sütununda “20 faizdən aşağı səviyyədə saxlanılması” sözləri “30 faizi üstələməməsi” sözləri ilə əvəz edilsin;

3.2. 1.2-ci bəndin “Tədbirin adı” sütununda “ÜDM-ə nisbətinin 2025-ci ilin sonunadək 15 faizdən aşağı səviyyədə saxlanılması” sözləri “yuxarı həddinin 2025-ci ilin sonunadək 10,0 milyard ABŞ dollarını üstələməməsi” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 avqust 2023-cü il.