Azərbaycan manipulyasiyalardan uzaq sülh istəyir Ermənistanda isə sülhün nə olduğunu başa düşmürlər
Siyasət

Azərbaycan manipulyasiyalardan uzaq sülh istəyir Ermənistanda isə sülhün nə olduğunu başa düşmürlər

"Sülh ağacı". Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində qoyulan abidə məhz belə adlanır. Abidənin Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 2015-ci il mayın 17-də açılışı olub. Onun müəllifi UNESCO-nun "Sülh naminə incəsənət xadimi" Hedva Serdir. Sənətkarın böyük sevgi ilə yaratdığı abidənin quruluşunda təbiətdən ilham alan sevgi və ümid dolu səmaya ucalan əllər təsvir olunub. "Sülh ağacı" xalqlar arasında anlaşma rəmzi kimi qəbul edilir, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir.

Beynəlxalq ictimaiyyətin nəzəri dünyanın müxtəlif yerlərindəki müharibələrdə olmaqla yanaşı, həm də postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Ekspertlər qeyd edirlər ki, yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.

Azərbaycan siyasi-hüquqi öhdəliklərinə sadiq qalaraq bəyanatları və strateji fəaliyyəti ilə sülh quruculuğuna mühüm töhfələr verir. Bakının mövqeyi konkret, qəti və birmənalıdır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Xüsusilə də, ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsipləri əsas götürülməlidir. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.

Ermənistan isə Azərbaycanın və beynəlxalq birliyin Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığın təmin edilməsinə dair təşəbbüslərinə adekvat cavab vermir. Əksinə, rəsmi İrəvan bölgədə gərginliyin davam etməsində maraqlıdır. Bu gərginlik mühitini saxlamaqla, Ermənistan beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır.

Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalından azad etdi. Ermənistan ordusunu məğlubiyyətə uğratdı. Amma bu məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyilləri getdikcə gücləndi. Müharibədən sonra ermənilər ardıcıl şəkildə təxribatlar törədirdilər. Ötən ilin sentyabrında baş verən hadisələr bunun pik nöqtəsi idi. Ermənistana sentyabr məğlubiyyəti də dərs olmadı. İşğalçı ölkə destruktiv mövqe nümayiş etdirir, üçtərəfli Bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçırır, xüsusilə Azərbaycan ərazisində qanunsuz olaraq qalmış hərbçilərini və texnikanı çıxarmır, müxtəlif vasitələrlə Qarabağda hərbi mövcudluğunu qoruyub saxlamağa çalışırdı. Ermənistanın bu manipulyasiya, təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək və ya iflasa uğratmaqdır.

Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Əlbəttə, Cənubi Qafqaz regionunda sülh prosesinin diqqət mərkəzində olması isə təsadüfi deyil. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla bütöv bir regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırıb. Bakı müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqların müəllifi Azərbaycandır. Prezident İlham Əliyev deyib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq, qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Dövlət başçısı: "Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır", - deyə vurğulayıb.

Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan barəsində bunu demək mümkün deyil. Doğrudur, əvvəllər Ermənistanın baş naziri vasitəçilərin iştirakı ilə müxtəlif məkanlarda baş tutan görüşlərdə Azərbaycanın təqdim etdiyi beş bəndlik sənədin müddəalarını qəbul etdiyini bildirirdi. Sonralar isə qarşı tərəf verdiyi vədlərin üstündə dayanmadı. Belə ki, N.Paşinyan növbəti manipulyasiyaya əl ataraq, ölkəsinin sülh prosesinin irəliləməsi üçün hansısa sənəd hazırladığını iddia etdi. Ermənistan liderinin hökumətin iclaslarında və parlamentdə səsləndirdiyi açıqlamalardan bəlli olurdu ki, onun haqqında danışdığı "sənəd"də beynəlxalq prinsiplərlə bir araya sığmayan absurd müddəalar yer alıb. Əgər bir ölkə sülh istəyirsə, onda təhlükəli ritorikalardan əl çəkməlidir. Hələ Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və "Əl-Qaidə" ilə müqayisə də ediblər. Halbuki, bu qruplaşmalar kimi hərəkətlərə yol verən elə Ermənistanın özüdür.

Deyilənlərə yekun olaraq qeyd edirik ki, Azərbaycan manipulyasiyalardan uzaq sülh istəyir. Ermənistanın anlamında isə sülhün nə olduğunu başa düşmürlər...

Zümrüd QURBANQIZI,

"Respublika".