Ölkəmizin xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması xüsusi yer tutur. Bu baxımdan, Azərbaycanın digər dövlətlərlə dostluq münasibətlərinin günbəgün inkişafı tətəqdir olunur. Ölkəmizə dost və tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir. İki ölkənin xalqları arasında dostluq əlaqələri qədim tarixə malikdir. Belə ki, Azərbaycan və İsrail daim bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmət bəsləyiblər.
Martın 29-da İsraildə Azərbaycan səfirliyinin açılışı olub. Bu, iki ölkə arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir. Açılış mərasimində iştirak etmiş 8 parlament nümayəndəsindən biri olan Arzu Nağıyev bunun ölkəmizin xarici siyasətində əlamətdar hadisə olduğunu qeyd edib: İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə, yeni strateji səviyyəyə çatdırılmasına mühüm töhfə verəcəkdir. İsrail, həmçinin Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk dövlətlərdən biri olmuşdur. 1992-ci ilin aprelində Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin əsası qoyulmuşdur. Hazırda respublikamızda, əsasən də Bakıda və Qubada 30 minə yaxın yəhudi yaşayır. Xatırladaq ki, İsrail səfirliyi də uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. İsrail bizim strateji tərəfdaşımızdır. İki ölkəni bir-birinə iqtisadi, o cümlədən enerji, hərbi əlaqələr bağlayır.
Danılmaz faktdır ki, bir çox məsələlərdə İsrail Azərbaycanı, Azərbaycan isə İsraili dəstəkləyir. Ölkəmiz regionda sabitliyin və təhlükəsizlik mühitinin formalaşması istiqamətində daim uğurlu addımlar atmışdır. İsraildə Azərbaycan səfirliyinin açılması da bu prosesə öz müsbət təsirini göstərəcəkdir. Bu baxımdan həmin səfirliyin fəaliyyəti yüksək dəyərləndirilir. Azərbaycan-İsrail əlaqələrinin uğurunun göstəricilərindən biri də mühüm strateji əməkdaşlığın artan xətt üzrə inkişafıdır. Əlaqələr sadəcə bunlarla da yekunlaşmır. Bundan başqa, iki ölkə arasında həm iqtisadi, həm də təhlükəsizlik sahəsində əməkdaşlıq da yüksək səviyyədə inkişaf etmişdir. Bütün bunlar bir daha İsraildə səfirliyimizin açılmasını zərurətə çevirmişdir.
Xatırladaq ki, martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrail Prezidenti İshak Hersoqla görüşdür. Görüş zamanı İ.Hersoq ölkəmizlə münasibətlərin strateji tərəfdaşlıq qismində inkişafına önəm verdiyini xüsusi vurğulayıb. Bundan başqa, Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə də məmnunluqla qeyd edilib. Görüş çərçivəsində respublikamızın İsraildə səfirliyinin açılmasının ikitərəfli münasibətlərin daha da inkişaf etməsində əhəmiyyətli rol oynayacağına əminlik hissi ifadə olunub.
N.BEYDİYEVA,
"Respublika".