Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar var
İQTİSADİYYAT

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar var

Dünən Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib.

İclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih arasında görüş keçirilib. Samir Şərifov bildirib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlər güclü siyasi zəmin əsasında inkişaf edir və iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin 30-cu ildönümünün qeyd edildiyini bildirən nazir, Müştərək Komissiyanın iclasının iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaratdığını vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa prosesləri, Böyük Qayıdış proqramı barədə məlumat verən Samir Şərifov Azərbaycana qarşı işğalçılıq siyasətinə görə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmamasına görə dost ölkəyə minnətdarlığını bildirib.

Xalid bin Əbdüləziz Əl-Falih ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, xüsusilə iqtisadi, kommersiya və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb. Səudiyyə Ərəbistanının Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edən nazir Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrinin ölkəmizə müxtəlif sahələrdə investisiya qoymaq istəklərini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası öz işinə başlayıb. Komissiyanın 7-ci iclasının gündəliyinə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, ticarət və investisiya, enerji, rəqəmsal inkişaf və nəqliyyat, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, turizm, gənclər və idman, siyasi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayan Samir Şərifov iqtisadi və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən quruculuq işləri barədə məlumat verən Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığı nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərini, orada aparılan yenidənqurma işlərinə göstərdikləri marağı və Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrinin ölkəmizə investisiya qoymaq istəklərini yüksək qiymətləndirib. Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin də Qarabağın bərpa prosesində iştirakının nəzərdən keçirildiyini qeyd edən nazir işğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa və yenidənqurma prosesinə Səudiyyə Ərəbistanı İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrıla biləcəyini diqqətə çatdırıb.

Azərbaycanın maliyyə naziri, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib, səudiyyəli investorları sənaye zonalarına və aqroparklara sərmayə yatırmağa dəvət edib. Ticarət əlaqələrinin inkişafı istiqamətində daha böyük potensialın olduğunu diqqətə çatdıran nazir son 1 ildə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin dəyərinin 60 faizdən çox artdığını deyib. Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən də enerji sahəsində əməkdaşlıq imkanları olduğunu qeyd edən nazir, Səudiyyə Ərəbistanının digər şirkətlərinin də Azərbaycanla əməkdaşlıq etmək imkanlarını diqqətə çatdırıb. Bu il Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə Azərbaycanda 240 MVT-lıq külək enerjisi parkının qurulması ilə bağlı müqavilə imzalandığı qeyd olunub, bu kimi müqavilələrin müxtəlif sahələrdə imzalanmasının mümkünlüyünü vurğulayıb.

Səudiyyə Ərəbistanının Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edən Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük bərpa və yenidənqurma işlərinin Səudiyyə Ərəbistanı Krallığında böyük sevinclə izlənildiyini vurğulayıb. Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana gələn nümayəndə heyətinin tərkibində olan investorlar Azərbaycana, o cümlədən azad edilmiş ərazilərə sərmayə yatırmaqda maraqlıdırlar. O, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpaolunan enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq istəklərini ifadə edib. Müzakirələrin yekunu olaraq həmsədrlər Samir Şərifov və Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclasının Protokolunu imzalayıblar. Sənəddə siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya, energetika, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, İslam məsələləri, turizm, gənclər və idman və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Digər imzalanan sənəd isə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şurasının yaradılması ilə bağlı olub.

Günün ikinci yarısında Müştərək Komissiya öz işini investisiya forumu çərçivəsində davam etdirib, əməkdaşlıq imkanları müzakirə olunub, hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib.

Azərbaycan-Səudiyyə Ərəbistanı investisiya forumu çərçivəsində isə əməkdaşlığa dair 7 sənəd imzalanıb.

Ülvi QARAYEV,

“Respublika”.