Azərbaycan enerji sahəsində dünyaya açılan yeni pəncərədir
İQTİSADİYYAT

Azərbaycan enerji sahəsində dünyaya açılan yeni pəncərədir

Son dövrlər enerji təhlükəsizliyi məsələsində Azərbaycan dünya üçün yeni bir pəncərə rolunu oynayır. Ölkəmiz bərpaolunan enerji sahəsi üzrə də zəngin ehtiyatlara malikdir. Günəş, külək, dalğa, geotermal enerji, su və digər sahələrdən alınan alternativ enerji ətraf mühitin mühafizəsi üçün də olduqca vacibdir. Ekoloji cəhətdən təmiz bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında ABŞ, Kanada, Almaniya və digər inkişaf etmiş ölkələr qabaqcıl yerlərdədir. Son dövrlər isə bu sıraya Azərbaycan da qoşulmuşdur.

Ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Azərbaycanın iqtisadi baxımdan əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 26 940 MVt, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı üzrə isə 520 MVt həcmində qiymətləndirilir. Azərbaycanın enerji resursları ilə zəngin olması hər zaman dünyanın diqqət mərkəzində olub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Hələ 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul edilməsi ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə olunması məqsədilə atılan ilk addımlardandır. Bu vacib sahədə görülən işlərin davamı kimi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il sentyabrın 22-də 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmışdır.

2022-ci il dekabırın 17-də Rumıniyanın paytaxtı Buxarestdə “Yaşıl enerji” üzrə saziş imzalanıb. Sazişə əsasən, 4 ölkənin - Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın milli və regional enerji təhlükəsizliyi, Qara dəniz hövzəsində əlaqələrin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi, Xəzər regionunun bərpaolunan enerji potensialından istifadə və ölkələrin enerji istehlakında bərpaolunan enerjinin payının artırılması nəzərdə tutulur. Hazırda ölkəmiz neft və qaz ehtiyatlarından sonra enerji potensialına görə mühüm tərəfdaş kimi Avropanın diqqət mərkəzindədir. Enerji sahəsindəki zəngin potensial baxımından işğaldan azad olunmuş ərazilərimiz də mühüm əhəmiyyət kəsb edir. İlkin hesablamalara görə işğaldan azad olunmuş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-dək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə dağlıq rayonlar olan Laçın və Kəlbəcər rayonları zəngindir. Artıq Cəbrayıl rayonunda 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb. Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt-dək gücdə KES-in tikinti layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərində "Yaşıl enerji" zonasının yaradılması istiqamətində işlər aparılır. 2021-ci il 6 may tarixində Energetika Nazirliyi və Yaponiyanın TEPSCO şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiyası layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Beləliklə, ölkəmiz alternativ və bərpaolunan enerji mənbələri sahəsində yeni, etibarlı enerji təminatı yaradır. Bu baxımdan, Azərbaycan alternativ enerji mənbələrinə çıxış imkanlarını genişləndirməklə həm özünün enerji təhlükəsizliyini möhkəmləndirir, həmçinin qlobal dayanıqlı inkişaf məqsədlərinə öz töhfəsini verir. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe, iqlim xüsusiyyətləri alternativ enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə imkan verir.

Zəngəzur dəhlizi digər infrastruktur layihələr ilə bərabər, həm də enerji ixracı sahəsində də mühüm rol oynayacaq. Dəhliz vasitəsilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac ediləcək. İşğaldan azad edilmiş ərazidə "Cəbrayıl" enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvana, oradan isə Türkiyə və Avropa bazarlarına ötürülməsi ölkəmizin enerji potensialının güclənməsi və genişlənməsi sahəsində mühüm addımdır. Bu, həm də Avropa ölkələrində etibarlı tərəfdaş olmağımızın və yüksək iqtisadi inkişafımızın göstəricisidir.

Ramidə YAQUBQIZI,

"Respublika".