Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı
Sosial həyat

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı

Həyata keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 36 ünvanında yerləşən “Taxta kafe”nin sudan qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Sahibkar su sayğacının quraşdırılmasından boyun qaçırmaqla yanaşı, əvvəlki dövrlərdən yaranmış borclarını da ödəmir. Üstəlik obyektə sayğacdankənar xətt çəkərək sudan qeyri-qanuni istifadəni davam etdirir. Sudan qanunsuz istifadə səbəbindən bir həftə əvvəl obyektin su təchizatı dayandırılsa da sahibkar yenidən su şəbəkəsinə qanunsuz qoşularaq suyu talamağa davam edib. Qanunsuz çəkilmiş xətt növbəti dəfə ləğv edilib və dəymiş ziyan aktı tərtib olunub.

Mirzəağa Əliyev 168 küçəsində yerləşən avtomobillərin icarəsi obyektində də sudan müqaviləsiz istifadə olunduğu aşkar edilib. Obyekt sahibi su təchizatından qanuni istifadə ilə bağlı müqavilə bağlamaqdan imtina edir. Dəfərlərlə xəbərdarlıq edilsə də obyekt sahibi buna məhəl qoymayıb.

Cavadxan küçəsində fəaliyyət göstərən “Zirvə” kafesində də sudan qanunsuz istifadəyə rast gəlinib. Obyektin sahibi texniki şərt almadan, müqavilə bağlamadan qanunsuz çəkilmiş xətt vasitəsilə suyu talayıb.

Aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında 7316, Nəsimi rayonunda  isə 31 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.