Azərbaycan beynəlxalq səviyyədə öz sözünü deyir
Siyasət

Azərbaycan beynəlxalq səviyyədə öz sözünü deyir

Bu, yeni dünya düzənində ölkəmizin yüksələn nüfuzunun təsdiqidir

Bir ölkənin beynəlxalq proseslərdə fəal iştirakı bilavasitə onun liderindən asılıdır. Xüsusilə, Cənubi Qafqaz kimi gərgin siyasi proseslərin baş verdiyi məkanda beynəlxalq aləmə qərəzsiz, dəqiq və yenilikçi mesajların verilməsi olduqca məsuliyyətlidir. Azərbaycanın bu baxımdan mövqeyi dünyada təqdir edilir, onun liderinin siyasi nüfuzu ölkəmizin qlobal əhəmiyyətini artırır.

Prezident İlham Əliyevin imperativləri qlobal məkanda qəbul edilir, onun siyasi kursu Azərbaycanın parlaq gələcəyinə gedən yol xəritəsini müəyyənləşdirir. Bu gün Azərbaycan və onun lideri beynəlxalq güc dairələri üçün örnəkdir. Məhz Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında qaldırdığı məsələlər bu gün müxtəlif platformalarda və fərqli vasitəçilər tərəfindən daha gur səsləndirilir. Bu, həm Azərbaycanın milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında önəmlidir. Bunu təmin etmək beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən dövlətlər tərəfindən təqdir olunmaqdadır. Dövlət başçısının qeyd etdiyi kimi: "Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var".

Xüsusi vurğulamaq lazımdır ki, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycanın regional və qlobal təhlükəsizliyə müstəsna töhfələr verməsi ölkəmizin sivilizasiyalararası dialoq məkanı olaraq seçilməsini şərtləndirib. Azərbaycan dünyada tərəfdaşlıq və əməkdaşlıq məkanı kimi tanınır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində ölkəmizi diqqət mərkəzinə gətirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən rəğbətlə qarşılanması bunun əyani təsdiqidir. Bu gün Azərbaycan düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və əsaslı addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi beynəlxalq inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan qlobal əhəmiyyətli problemlərə qarşı səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə səy göstərir.

Beynəlxalq ictimaiyyətlə kommunikasiyaların qurulması Azərbaycan kimi inkişaf dinamikasını daim diqqət mərkəzində saxlayan dövlət üçün olduqca önəmlidir. Ölkə başçısının bu çərçivədə qətiyyətli addımlar atması, beynəlxalq məkanda qlobal proseslərə adekvat yanaşma sərgiləməsi, onun şəxsi imicinin ölkəmizə qazandırdığı prestij və divindendlər Azərbaycanın parlaq gələcəyinin qarantıdır. Xüsusilə, Prezident İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundakı iştirakı hələ də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dünya mediasının aparıcı nümayəndələrinin ölkə başçımıza ünvanladığı suallar və bu çərçivədə praqmatik həll yollarının dilə gətirilməsi İlham Əliyevin bir lider kimi fərdi bacarıq və keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün özünün ən parlaq günlərini yaşayır. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf məkanına çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Azərbaycan Prezidenti hər zaman qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq mühüm ideyalar irəli sürür. Bütün bunlar ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərir, dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir.

Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri qeyd edilən qlobal proseslərdə aparıcı mövqedən çıxışetmə prinsipidir. Məhz bu xüsusda da, ölkə başçımızın səlis siyasi hərəkətliliyi Azərbaycanın dünya əhəmiyyətli dövlət olmasını şərtləndirmişdir. Buna görə də Azərbaycana olan rəğbət daim artır, ölkəmizə yüksək hörmət və etimad göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlar qazanan, regionda və dünyada nüfuzu artan Azərbaycanın inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Mübaliğəsiz deyə bilərik ki, bu gün Azərbaycanın günü-gündən artan uğuru, onun dünyadakı nüfuzu və bu çərçivədə əldə edilmiş nailiyyətləri, uğurlu ölkə statusu digər dövlətlər tərəfindən yaxından izlənilir, Serbiya Prezidenti Aleksandar Vuçiç qeyd edilənlərlə bağlı bildirmişdir: "Həqiqətən də çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan biri deyiləm".

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eləcə də 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Bununla yanaşı, 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Bu ilin iyun ayında keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Prezident İlham Əliyevin iştirakı və qlobal əhəmiyyətli məsələlər ətrafındakı çıxışı bütün dünyanın diqqət mərkəzində idi. Ölkə başçımızın vacib məsələlərə münasibət bildirməsi ilə yaddaqalan tədbir beynəlxalq problemlərə adekvat yanaşma sərgilədi. Bu cür yüksək beynəlxalq tribunadan dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəbləri açıq şəkildə dilə gətirən İlham Əliyev ədalətsizlik və beynəlxalq hüququn işləməməsi məsələlərini islamofobiya, yeni imperializm və neokolonizm kimi üç qrupda təsnifatlandırdı. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması bəhs edilən "bəşəri problemlərə adekvat yanaşma" müddəasının yerinə yetirildiyinin bariz sübutudur. Təsadüfi deyil ki, bu gün artıq Afrika ölkələri ölkə başçımızın dünyaya olan mesajlarını düzgün qiymətləndirərək Fransanın müstəmləkəçilik prosesinə qarşı çıxır. Bununla da deyə bilərik ki, Azərbaycanın müstəqil siyasət kursu bu gün bəzi qüvvələr qarşısında çıxış yolu tapa bilməyən ölkələr üçün əsaslı nümunədir və bunun nəticələri kimi, dünyada sülh və sabitliyin təmin edilməsi prosesi sürətlənir. Xüsusilə, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı kimi mötəbər bir platformadan həqiqətləri dilə gətirməsi Azərbaycanın siyasi çəkisinin nə səviyyədə olmasından xəbər verir.

Azərbaycanın bəşəri proseslərdəki bu cür fəallığı dünyanın diqqət mərkəzindədir. Afrika dövlətlərinin hüquq və azadlıqlarının kəskin şəkildə pozulduğu dövrdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın bu cür yanaşma sərgiləməsi təqdir edilir və fərqli platformalarda bunun əyani örnəkləri müşahidə olunur. Təsadüfi deyil ki, Sankt-Peterburqda keçirilən Afrika ölkələrinin liderlərinin iştirak etdiyi Rusiya-Afrika sammitində də qeyd edilən məqamlar xüsusilə qabardılmışdır.

Qeyd edək ki, XX əsrin ortalarında yaradılan BMT-nin fəaliyyəti artıq dövrün tələblərinə cavab vermir. Davamlı islahatların keçirilməməsi, dünyada baş verən hadisələrə birmənalı yanaşılmaması, qurumun nüfuzetmə gücünü itirməsi islahatların vacibliyinə işarə etsə də, vahid həll yolu hələ də seçilməmişdir. Bu istiqamətdə tədbirlərin görülməsi proqnoz olunsa da, mövcud vəziyyətdə təşkilatın passivliyi davam edir. Qurumun yeni üzvlərin seçilməsinə şərait yaratmaması, daxili maraqlar ətrafında fəaliyyətin davam etdirilməsi itirilən nüfuzun səbəblərindəndir. Belə ki, BMT Təhlükəsizlik Şurasına sadəcə 15 ölkə daxildir ki, onların da beşi - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa - daimi üzv statusuna və veto hüququna malikdirlər. Digər 10 qeyri-daimi üzv isə ikiillik müddətə seçilirlər. Bu çərçivədə, yeni daimi üzvlərin sayının artırılması olduqca vacibdir.

Xüsusilə, islamofobiyanın tüğyan etdiyi dövrdə BMT-nin bu cür yanaşmalarla ikili standart sərgiləməsi amili Azərbaycan tərəfindən də birmənalı qarşılanmır. Danılmaz faktdır ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn, BMT tərəfindən də təqdir edilən İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasının birgə əməkdaşlığının təzahürü olan "Bakı Prosesi" mədəniyyətlərarası dialoqa xüsusi töhfələr vermişdir. Dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artdığı bir dövrdə Azərbaycanın İƏT-lə birlikdə həmin tendensiyanın qarşısının alınması istiqamətində birgə fəaliyyəti yüksək səviyyədə təqdir olunur.

Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciət edərək demişdir: "Mən inanıram ki, mənim sona kimi başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları İlham Əliyev sizin dəstəyiniz və köməyinizlə axıra qədər başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu öndər əmin idi ki, onun siyasi davamçısı Azərbaycanı daha işıqlı sabahlara çıxaracaq. Nəticə isə göz qabağındadır. Azərbaycan xalqı bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında daha da sıx birləşəcək, yeni hədəf və nailiyyətlərə doğru yol alacaq.

Nurlan ABDALOV,

"Respublika".