Anaxronist yanaşma – Paşinyan tarixi təhrif edir
Siyasət

Anaxronist yanaşma – Paşinyan tarixi təhrif edir

44 günlük Vətən müharibəsindən sonra Ermənistanla sülh müqaviləsinin imzalanması əsas prioritetlərdən biridir. Rəsmi Bakı bu təşəbbüslə sülhə maraqlı tərəf kimi çıxış etsə də, Ermənistanın sülhdən boyun qaçırması prosesi ləngidir. Ancaq Nikol Paşinyanın son açıqlamaları yenilikdən xəbər verir.

Paşinyan Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsipin razılaşdırıldığını bildirib. O, birinci prinsip kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasını göstərib. Baş nazirin sözlərinə görə, rəsmi Bakı Ermənistanın, İrəvan isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Paşinyan bildirib ki, rəqəmlər 1977-ci il sovet ensiklopediyasından götürülüb.

Paşinyanın sözlərinə əsasən, ikinci prinsip olaraq tərəflər Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər. Yəni hər iki ölkə sovet dövründə qeydə alınan inzibati sərhədləri dövlət sərhədləri kimi tanıyır.

Ermənistan lideri üçüncü prinsip kimi tərəflərin bərabərlik və qarşılıqlı razılaşdırma əsasında regional kommunikasiyaların açılmasına dair razılıq barədə danışıb. Bildirib ki, sözügedən nəqliyyat yolları keçdikləri ölkələrin qanunları çərçivəsində fəaliyyət göstərməlidir. Eyni zamanda, Paşinyan tərəflərin bu prinsiplərə sadiq qalacaqları təqdirdə sənədin tezliklə imzalanacağını vurğulayıb.

Amma həmin prinsiplərlə bağlı Ermənistanın aydınlıq gətirməli olduğu mübahisəli məqamlar var. Əks halda, sülh sazişi barədə Paşinyanın dedikləri növbəti siyasi manipulyasiya kimi tarixə düşəcək. Nikol Paşinyan yenə də rəqəm imitasiyası ilə məşğuldur.

Azərbaycan Prezidenti İlham Əliyev isə qəti olaraq Ermənistanın hələ də Azərbaycanın 8 kəndini işğal altında saxladığını bildirib. Çünki müharibədən üç il keçməsinə baxmayaraq, hələ də delimitasiya prosesi başlanılmamasının bütün məsuliyyəti rəsmi İrəvanın üzərinə düşür.

Bununla Ermənistanın baş naziri öz daxili auditoriyasını və beynəlxalq ictimaiyyəti çaşdıra biləcək müəyyən açıqlamalar verməklə ya fikir yayındırır, ya da diqqəti özünə cəlb etmək istəyir.

Xüsusi olaraq  qeyd etmək lazımdır ki, Almatı deklarasiyasında ümumi Bəyannamə imzalanıb. Sovet dövründə inzibati sərhədlərin əsas götürülməsi ilə bağlı müəyyən öhdəliklər olub və qarşılıqlı şəkildə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü məsələsi ən vacib detallar kimi bəyanata salınıb. Ancaq rəqəmlər barədə hələ sovet dövründə - 1975-ci ildən, daha doğrusu, 1970-ci ilin son kartoqrafiya işlərindən 1991-ci ilə qədər, yəni deklarasiya qəbul olunana qədər də bir çox sahələr, xüsusən də torpaq sahələri Ermənistana verilib. Daha dəqiq desək, uzunmüddətli icarə şəklində sovet hakimiyyəti tərəfindən haylara "ərməğan" olunub. Əlavə olaraq, 1975-ci ilə qədər də müəyyən dövrlərdə torpaqlar peşkəş şəklində və yaxud da kimlərinsə istəyi ilə Ermənistan tərəfinə verilib.

Bu gün baş nazir Paşinyan Azərbaycanın sülhə maraqlı olmasını tarixi fürsət bilib. Nikolun qeyd etdiyi Ermənistan ərazisinin içərisində anklav torpaqlar var. Azərbaycan bu anklavları geri qaytarmaq niyyətindədir. Həmçinin sovet dövründə qanunsuz olaraq yaylaq və otlaqların da haylara verilməsi faktları mövcuddur. Bu kimi məsələlər rəsmi İrəvan tərəfindən həll olunmadığı təqdirdə mümkün sülhün reallaşması çətin görünür. 2020-ci ildə Azərbaycan öz torpaqlarını güc yolu ilə işğaldan azad etdi. 30+3 ildir ki, Ermənistan diplomatiya dili ilə başa düşmür və Azərbaycan ərazilərinə əsassız iddialar irəli sürür. Nikol Paşinyan keçmişdə Ermənistanın Azərbaycanın torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə zorla öz ərazisinə birləşdiyini anaxronist (keçmişin təsvirində xronoloji dəqiqliyin bilmədən və ya bilərəkdən pozulması) düşüncə ilə inkar edərək, özünə yeni imitasiya yaratmaq istəyir. Lakin siyasətdə bu cür manipulyasiyalar cılız təfəkkür hesab edilir. Odur ki, Nikolun sadəcə sözdə qalan fikirləri Azərbaycan üçün heç bir maraq kəsb etmir.

Tacir SADIQOV,

"Respublika".