Azərbaycan-Almaniya: əlaqələrin çoxvektorlu inkişafı
Siyasət

Azərbaycan-Almaniya: əlaqələrin çoxvektorlu inkişafı

Qüdrətli Azərbaycan dövlətinin yaratdığı yeni reallıqlar regional və qlobal müstəvidə nüfuzumuzu artırır. Məlumdur ki, Azərbaycan iştirakçısı və təşkilatçısı olduğu meqalayihələrlə etibarlı tərəfdaş statusu qazanmışdır.

Bütün bunlar digər dövlətlərin ölkəmizlə əməkdaşlığını daha da gücləndirir. Digər tərəfdən rəsmi Bakının uğurlu siyasi xətti Cənubi Qafqazda strateji tərəfdaş kimi Azərbaycanı ön plana çıxarır. Xüsusilə Avropa dövlətlərinin ölkəmizlə olan iqtisadi əlaqələri gələcəkdə daha nəhəng layihələrin icrası üçün şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri baş tutub. Səfərin təfərrüatlarından öncə qeyd edilməlidir ki, cənab Prezidentin gözlənilən səfərinin Füzuli-Berlin marşrutu üzrə baş tutması azad olunmuş ərazilərimizin beynəlxalq arenada əhəmiyyətli yerə malik olduğunu göstərir. Sözügedən ərazilərin tam təhlükəsiz olması, suveren torpaqlarımızda sabitliyin təmin edilməsi ilə bir daha öz təsdiqini tapır. Bununla yanaşı, dövlət başçısının Füzulidən birbaşa Almaniyaya səfər etməsi məkrli dairələrə əsaslı mesajdır. Xüsusilə Fransa başda olmaqla suverenliyimizin bərpasını qəbul etməyən, hələ də regiondakı reallığı dəyişdirə biləcəklərinə ümid edən qüvvələr bu addımdan lazımi dərs çıxarmalıdırlar.

Qeyd edək ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts arasında təkbətək və geniş tərkibdə görüşlər keçirildi. Ardınca ölkə başçımız Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi. Xüsusi vurğulanmalıdır ki, COP29-un ev sahibi kimi Azərbaycanın belə mötəbər tədbirdə iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Petersberq İqlim Dialoqunda ölkə başçımızın çıxışı Bakının COP29-a hazır olduğunun göstəricisi, Azərbaycanın qlobal proseslərdəki rolunun bariz sübutudur: "COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq". Berlin dialoqunda baş tutan müzakirələr COP29 üçün önəmli sahələri əhatə edir. Məlumdur ki, müasir dövrümüzdə qlobal iqlim problemləri bəşəriyyət üçün başlıca təhlükədir. Məhz bu səbəbdən iqlim problemlərinin qarşısının alınması üçün "yaşıl enerji"yə keçid məsələsi daim gündəmdədir. Xüsusilə investorların bu qəbildən olan layihələrə kapital yatırması və təşviq edilməsi əsas hədəfə çevrilib. Azərbaycanın bərpa olunan enerji potensialı nəzərə alındıqda xarici maliyyə kapitalının ölkəyə cəlb edilməsi məsələsi də olduqca real görünür. Digər tərəfdən COP29-un ev sahibi kimi Azərbaycanın hədəfi azad olunmuş əraziləri "yaşıl enerji zonasına" çevirməkdir.

Mötəbər iqlim tədbirinə ölkəmizin dəvət edilməsi, Azərbaycan Liderinin Berlində xüsusi qarşılanması Almaniya-Azərbaycan əlaqələrinin yüksələn xəttlə inkişafına işarədir. Məlumdur ki, Almaniya Azərbaycanın Avropadakı siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Qlobal güclərdən biri kimi Almaniyanın məhz Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün atdığı addımlar razılıq doğurur. Qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyevin 1996-cı il iyulun 1-4-də Almaniyaya rəsmi səfəri və bu dövr ərzində Avropada rəsmi Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilməsi müasir dövrdə qurulan əlaqələrin sağlam platformalar üzərində inkişafına səbəb olub. Nəzərə almaq lazımdır ki, dövlət başçılarının müntəzəm səfərləri münasibətləri daha da gücləndirir. Digər tərəfdən Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına da rəsmi Berlin olduqca neytral yanaşır. Məhz Münxendə fevralın 17-də Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşünün keçirilməsi, iki ölkə arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələlərinin müzakirə edilməsi üçün olduqca müsbətdir. Xatırladaq ki, fevralın 28-də ölkə başçımızın Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi və xarici şirkət rəhbərlərinin iştirakı bir çox sahədə ölkəmizin daha əlverişli imkanlara malik olduğunu göstərir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Federativ Respublikanın xarici işlər naziri Annalena Berbokla görüşü baş tutub. Görüş çərçivəsində Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini bundan sonra da dəstəkləyəcəyi qeyd edilib. Xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüş ölkə başçımız tərəfindən bir daha diqqətə çatdırılıb.

Almaniya bədnam qonşuları Fransadan fərqli olaraq Cənubi Qafqazda ayırıcı xətlərin yaranmasına müsbət yanaşmır. Azərbaycanın regional lider dövlət kimi iqtisadi-siyasi potensialı Almaniyanın da diqqət mərkəzindədir. Digər tərəfdən Almaniya məhz regiondan müsbət dividendlər əldə etmək üçün rəsmi Bakının mövqeyini prioritet hesab edir. Təsadüfi deyil ki, bu gün qlobal güclər Azərbaycanla hesablaşır. Ölkəmiz beynəlxalq miqyaslı layihələrin aparıcı aktoru kimi çıxış edir. Respublikamız beynəlxalq hüquq çərçivəsində Cənubi Qafqazda sabitliyin yaranmasına xidmət edən konstruktiv mövqe sərgiləyir. Məhz Prezident İlham Əliyevin Berlin səfəri çərçivəsində bir sıra görüşlər keçirməsi, aparılan fikir mübadilələri, Azərbaycanın qlobal problemlərin həlli istiqamətindəki mövqeyi deyilənlərin əyani sübutudur. Xüsusilə Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü, COP29 ilə bağlı BƏƏ-nin Azərbaycana dəstəyinin ifadə olunması, bu istiqamətdə birgə işləməyə və əməkdaşlığa hazır olduqlarını bildirmələri qüdrətli dövlətimizin çoxvektorlu siyasi xəttinin bəhrəsidir.

Nurlan ABDALOV,

"Respublika".