Avropa Parlamenti, yoxsa...
Siyasət

Avropa Parlamenti, yoxsa...

Siyasi oyuncağa çevrilən bu qurum"təşəbbüskar"lığı əldən vermir

2022-ci il yanvarın 18-də Avropa Parlamentinin qəbul etdiyi qətnamədə reallıqlardan tamam uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli bəndlər yer almışdı. Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokada"da olması kimi iddialarla yanaşı, artıq tarixin zibilliyində itib-batmış "Madrid prinsipləri"nə istinadlar edilmişdi.

Əlbəttə, əslində Avropa Parlamentində erməni lobbisinin girovluğunda olan bir qrup deputatın təşəbbüsü və canfəşanlığı ilə Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbul edilməsi heç nəyi dəyişmirdi. Əvvəla, belə kağız parçalarının heç bir hüquqi qüvvəsi və siyasi təsir mexanizmi yoxdur. İkincisi, bununla həqiqəti təhrif etmək, erməni vandalizmini və Ermənistanın hərbi-siyasi cinayətlərini gizlətmək, diqqəti bu məsələlərdən yayındırmaq mümkün deyil. Digər bir tərəfdən, beynəlxalq ictimaiyyət belə təşəbbüslərin haradan gəldiyini, "qətnamə" adlandırılan kağız parçalarının kimlərin dəstəyi ilə fəallığı ilə qəbul edildiyini yaxşı bilir. Onu da qeyd edək ki, sənədin müəlliflərindən biri Hollandiyadakı Xristian-Demokrat Partiyasının (Christen Unie, CU) funksioneri, Avropa Xalq Partiyasının rəhbərlərindən biri olan Piter van Dalen idi. Dalen parlamentaridən daha çox siyasi-ideoloji ekstremist təsiri bağışlayır. Onun hansı "əqidə-mənəviyyat" daşıyıcısı və hansı mövqe sahibi olduğunu bilmək üçün söylədiyi aşağıdakı fikirlərə diqqət yetirmək kifayətdir. Piter van Dalen deyir: "Avropada müsəlmanların sayının artması çox böyük təhlükədir. Türkiyənin Avropa İttifaqında yer almasını qətiyyən yolverilməz saydığım kimi, hesab edirəm ki, Avropa ölkələrindəki iqtisadi problemlərin əsas səbəblərindən biri sekulyarlaşmadır. Biz xristian dəyərlərini unuduruq, qloballaşırıq, hətta müsəlmanlarla yanaşı yaşamağın normal olduğunu deyirik. Halbuki dünyada intellektual və mədəniyyət, sivilizasiya və bacarıq baxımından güclü xalqlarla zəif xalqlar var". Bu, irqçi, nasist, islamofob və barbar yanaşmanın daha bir nümayişidir və onun Azərbaycan əleyhinə "qara piar" kampaniyası aparması heç də təəccüblü görünmür.

Avropa Parlamentində daim beynəlxalq hüquq normalarına riayət etməkdən danışırlar. Bəli, sadəcə danışlar. Belə olmasaydı, erməni vandalizmi nəticəsində mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsinin beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il konvensiyalarının kobud şəkildə pozulması olduğunu qətiyyətlə bəyan edər, faktları gözardı, reallıqları təhrif edərək qərəzli bir qətnamə qəbul etməzdilər.

Sadəcə qurum "təşəbbüskar"lığı əldən vermək istəmir. Belə ki, Avropa Parlamenti fevralın 28-də "Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi" ilə bağlı qəbul etdiyi illik hesabatda da qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız, laqeyd fikirlər öz əksini tapıb. Azərbaycan Milli Məclisi isə qurumun bu münasibətini haqlı olaraq pisləyib. Hesabatla bağlı açıqlamada bildirilir ki, uzun illər ərzində Avropa strukturlarının, xüsusən də Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinə, törədilmiş vandallıqlara, bir neçə gün əvvəl növbəti ildönümü qeyd olunmuş Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməkdən ardıcıl surətdə imtina etməsi də bu dairələrin selektiv və ikili standartlara əsaslanan yanaşması adi hala çevrilib. Belə görünür ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda baş verən hadisələrə özünün riyakar və ikiüzlü yanaşmalarında "yeni nailiyyətlər" qazanmaq əzmini davam etdirir.

Milli Məclis həmçinin Avropa Parlamentinin regionda sülh və sabitliyin təmin olunması istiqamətində göstərilən səylərə zərbə vurmaq niyyətini qəti şəkildə qınadığını, bu quruma cılız təxribatlarla deyil, Avropanı narahat edən ciddi və təxirəsalınmaz məsələlərlə məşğul olmağı tövsiyə edib. Avropa Parlamentinin isə bu mənada görəcəyi işlər çoxdur. Bu qurum ilk növbədə "qurumdaxili təmizləmə"dən keçməlidir...

Yunanıstandan olan keçmiş vitse-prezident Eva Kailinin milyonlarla dollarlıq korrupsiya skandalları ilə kifayət qədər nüfuzunu itirən Avropa Parlamenti irqçi, islamofob, azərbaycanofob, türkofob mövqeyindən əl çəkməlidir. Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası"ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət" verməyə isə heç bir mənəvi haqqı yoxdur. Üstəlik, XXI əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması da biabırçılıqdır.

2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-dən artıq vətəndaşımızın partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq Azərbaycanın qərb regionları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması nədənsə Avropa Parlamentinin yadına düşmür. Ermənistanı Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən geri çəkilməyə çağırmır. Bir sözlə, Avropa Parlamenti regionda müsbət proseslərin, sülhün deyil, problem yaratma, tərəfkeşlik tribunasına çevrilib. Bu qurum belə yanaşma ilə separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir. Avropa Parlamentinin qətnamələri, illik hesabatları Azərbaycanın iradəsinə təsir edə bilməz!.

Zümrüd QURBANQIZI,

"Respublika".