Aqrar sahə yeni çağırışlara uyğun inkişaf mərhələsində
İQTİSADİYYAT

Aqrar sahə yeni çağırışlara uyğun inkişaf mərhələsində

1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 9 oktyabr 2008-ci ildə imzaladığı Fərmanla hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur

Azərbaycan qədim əkinçilik ənənələrinə malik ölkələrdən biri kimi tanınır. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan keçmiş İttifaqın geridə qalmış respublikası səviyyəsindən çıxaraq kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalarından birinə çevrilmişdir. Həmin dövrdə Azərbaycanda kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Respublikamızın kənd təsərrüfatında taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq sahəsində yüksəliş əldə edilmişdi. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə hökm sürən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur da tamamilə dağıdılmışdır. Ulu öndərin siyasi iradəsi və gərgin əməyi ilə keçmiş sovetlər dönəmində olduğu kimi, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də aqrar sahədə ciddi islahatlar aparıldı, ölkəmizin resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olundu, bu sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradıldı. Həyata keçirilən aqrar islahatlar sayəsində azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan yeni sistemə uğurlu keçid təmin olundu.

Ulu öndərin strateji xəttini siyasi, iqtisadi, sosial sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, "hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır". Ölkədəki mövcud potensial bu strategiyanın reallaşdırılmasına tam təminat verir.

Əsası ümummilli lider tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı sahəsi xüsusi çəkiyə sahibdir. İnsanların zəruri ərzaq məhsulları ilə ehtiyaclarının ödənilməsi cəmiyyətin inkişafının ilkin mərhələsindən bu günədək əsas çağırışlardan biri olmaqda davam edir. Bu səbəbdən, hər bir ölkədə kənd təsərrüfatının inkişafı prioritet vəzifə kimi çıxış edir. Dünyada həyat səviyyəsi standartlarının yüksəlməsi trendinə uyğun olaraq ərzaq məhsulları istehsalının strukturunda sağlam və keyfiyyətli məhsullara tələbat da artmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", eləcə də digər proqramlar aqrar sahə mütəxəssislərinin qarşısında duran əsas vəzifələri müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafına və ərzaq təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsal və emalına xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.

2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı aqrar sahənin inkişafına diqqətin bariz nümunəsi olmuşdu. Qeyd edək ki, 2015-ci ildə BMT-nin qəbul etdiyi "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" sənədində aclığın ləğv edilməsi, qidalanmanın yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib. "Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunu videoformatda qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda ölkəmiz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindədir. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var.

Hazırda müasir çağırışlar fonunda dünyada kənd təsərrüfatı sahəsinin inkişafında yeni adekvat addımlar müşahidə olunmaqdadır. Onu da qeyd etmək lazımdır ki, ötən illər ərzində aparılan böyük həcmli kompleks işlər sayəsində Azərbaycan bu gün müasir inkişaf mərhələsinə daxil olub. Bu inkişafın əsasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müstəqilliyimizin, təhlükəsizliyimizin, tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təmin olunmasında müəyyən edilən siyasi kurs dayanır. Digər sahələr kimi, aqrar sahə də özünün dinamik inkişafı ilə bu çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələdə əvvəlki dövrdə olduğu uğurlu yüksəlişini davam etdirir.

Azərbaycanda iş yerlərinin çoxu kənd təsərrüfatı sahəsi ilə bağlıdır. Əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də, bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Bu sahə güclü potensiala malikdir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı işçilərinin böyük rolu var. Kənd təsərrüfatına dövlət dəstəyi proqramının icrası, bu yöndə qəbul olunan qərarlar, imzalanmış fərman və sərəncamlar, həmçinin fermerlərin texnika, gübrə və damazlıq heyvanlarla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlət tərəfindən kənd təsərrüfatına, kəndə və kəndli əməyinə verilən dəyəri göstərir. İqtisadiyyatın, o cümlədən aqrar sektorun inkişafına davamlı stimul yaradır. Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahatlar nəticəsində artıq bazarda tam liberallaşma mövcuddur. Qarşıya qoyulan əsas vəzifələrdən biri elektron kənd təsərrüfatının təşviqidir. Artıq subsidiyaların verilməsi tam elektron formatda həyata keçirilməkdədir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən olunması, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları yaradılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir.

Ölkəmizdə aparılan aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qayğı ilə yanaşır. Elə Kənd Təsərrüfatı İşçiləri Gününün təsis edilməsi də aqrar sahəyə göstərilən diqqətin əməli ifadəsidir.

Mustafa KAMAL,

"Respublika".