Ali məqsədlərin daşıyıcısı
Sosial həyat

Ali məqsədlərin daşıyıcısı

Heydər Əliyev Fondu 2004-cü ilin 10 may tarixində təsis olunub. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə ötürən ulu öndər Heydər Əliyevin adını daşıyan fond elmin, təhsilin, milli-mənəvi dəyərlərin hamisi olub. Məhz 20 ili əhatə edən məqsədyönlü fəaliyyəti ilə Fond bu amala sadiqliyini nümayiş etdirib. Əldə olunan çoxşaxəli uğurlarda respublikanın Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Heydər Əliyev Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahəsində müxtəlif layihələrə dəstək verməklə həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Bu layihələr xeyirxahlığı, humanistliyi və mənəvi zənginliyi əhatə edir.

Heydər Əliyev Fondunun qarşıya qoyduğu ən böyük vəzifələrdən biri heç şübhəsiz ki, mədəniyyətimizin inkişafı, milli-mədəni irsimizin bütün dünyada tanıdılmasıdır. Bu məqsədlə Fondun təşəbbüsü ilə ötən 20 il ərzində Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət binaları inşa olunub. 2020-ci ildə mədəniyyətimizin incisi Şuşa şəhəri işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri və "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı yenidən keçirilməyə başlanılıb. Fond tərəfindən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini də uğurla həyata keçirilib. Layihənin məqsədi ölkəmizin sərhədlərindən kənarda müqəddəs abidələrin bərpa olunmasıdır. Bu amalla Almaniyada Berlin qəsrinin, Bolqarıstanda "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun, Vatikanda katakombaların, Romanın Kapitolini muzeyi və digər tarixi abidələrin bərpası və təmiri, Versal Sarayının parkı, Strasburq Kafedral kilsəsi və Fransada 20-dək kilsənin bərpası birbaşa Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond olduqca fəal iştirak edir. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Aşağı Gövhərağa məscidi, Yuxarı Gövhərağa məscidi, Xan qızı bulağı, Şirin su hamamı, tarzən Sadıqcanın evi və digər tarixi binaların və abidələrin bərpasına göstərilən dəstək Heydər Əliyev Fondunun milli-mədəni irsimizə verdiyi dəyərin bariz nümunəsidir.

Fond ölkədə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinə də böyük dəstək verir. Paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım edilir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələrinin icrasına başlanılıb. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 14 yaşınadək pasiyentlər hər il dərman preparatı ilə təmin edilir. 2015 və 2020-ci illərdə həyata keçirilmiş "Koxlear implantasiya" proqramından 200-dən çox şəxs faydalanıb. Fondun təşəbbüsü ilə Bakıda Talassemiya Mərkəzi tikilib, daun sindromlu şəxslərin reabilitasiya mərkəzi inşa olunub. Heydər Əliyev Fondu COVID-19 pandemiyası ilə mübarizəyə də önəmli töhfələr verib. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq 2020-ci ildə Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, müxtəlif ölkələrdən gətirilən tibbi ləvazimatlar müvafiq tibb müəssisələrinə təqdim olunub. 2004-cü ildən bu günə qədər Azərbaycan səhiyyəsinin inkişafında da Heydər Əliyev Fondunun əvəzsiz töhfələri var. Fondun bilavasitə dəstəyi və köməyi ilə minlərcə insanın ən mürəkkəb anadangəlmə ürək qüsurundan cərrahi əməliyyatı həyata keçirilib. Bu əməliyyatlarda Azərbaycan həkimləri ilə birlikdə dünyanın aparıcı ölkələrinin mütəxəssisləri, Almaniyanın, İtaliyanın Milan Universiteti ilə birgə əməkdaşlıq edilir, dünyada ən mürəkkəb xəstəliklərin uzun illərdən sonra öz həllini tapması Azərbaycan səhiyyəsinə olan inamın qaytarılmasında böyük rol oynayır. Fondun göstərişi ilə Vətən müharibəsi iştirakçıları və keçmiş məcburi köçkünlər üçün mütəmadi olaraq pulsuz tibbi müayinələr və yardımlar həyata keçirilir.

Fond idmanın inkişafına da böyük töhfələr verib. 2004-cü ildən etibarən ölkədə bir çox idman kompleksləri istifadəyə verilib. Orta məktəb və məktəbəqədər müəssisələrdə idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələrin yaradılması Heydər Əliyev Fondunun idmana olan qayğısının təzahürüdür. Bundan əlavə, Fond ölkəmizdə indiyə qədər keçirilən qlobal əhəmiyyətli idman tədbirlərinin keçirilməsinə də öz töhfəsini verib. "Bakı-2015" I Avropa oyunları zamanı Heydər Əliyev Fondu tərəfindən dünyanın bir çox ölkələrində tədbirin təqdimat mərasimləri baş tutub. 2016-cı ildən bəri məhz Heydər Əliyev Fondunun imzası ilə "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu" keçirilib.

"Təhsilə dəstək" layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq yeni dərs ilinin əvvəlində keçmiş qaçqın və məcburi köçkünlərin ailəsindən olan birinci sinif şagirdlərinə dərs ləvazimatlarının paylanması ənənəyə çevrilib. Fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq və cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir. Bu çərçivədə 100 mindən çox şagirdin təhsil aldığı 500-ə yaxın məktəb binası inşa edilib və yenidən qurulub.

Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan, saf ideallarının, ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilib, qarşıya qoyduğu vəzifəni lazımınca yerinə yetirmək iqtidarında olduğunu sübut edib. Ötən illər ərzində qazanılan uğurlara diqqət yetirsək, Fondun ulu öndərin prinsiplərinə sadiqliyini görərik. Məhz Fondun misilsiz xidmətləri nəticəsində Azərbaycan həqiqətləri bu gün dünyanın hər yerinə çatdırılır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir.

Tacir SADIQOV,

"Respublika".