AHİK-in növbədənkənar VI Qurultayı
Siyasət

AHİK-in növbədənkənar VI Qurultayı

Dekabrın 20-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI Qurultayı keçirilib.

AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və qurultayı açıq elan edib. Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Reqlamentə uyğun olaraq, qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.

Qurultayın gündəliyinə "İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi", "AHİK-in Bəyanatı haqqında", "AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti", "Təftiş komissiyasının hesabatı" və "AHİK sədrinin seçilməsi" barədə məsələlər daxil edilib.

Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra gündəliyə salınan birinci məsələ - "İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi" ilə bağlı AHİK sədri Səttar Möhbalıyev çıxış edib. Bildirib ki, həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifə işçilərin sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsi və onların maraqlarının qorunmasıdır. Bu işlərin səmərəli həyata keçirilməsi ölkədəki stabilliklə, hakimiyyətdə demokratik və peşəkar qüvvələrin təmsil olunması ilə sıx bağlıdır: "Konfederasiya yarandığı vaxtlar hakimiyyətdəki qüvvələrin bizə hansı təzyiqlər göstərdiyi, hansı qeyri-qanuni addımlar atıldığı çoxumuza məlumdur. Bütün bunlara Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə son qoyuldu. Digər təsisatlar kimi, həmkarlar ittifaqlarının hüquqları beynəlxalq normalara uyğun bərpa olundu, sosial tərəfdaşlıq institutları formalaşmağa başladı. Bu siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Odur ki, 2003-cü ildən başlayaraq bütün Prezident seçkilərində həmkarlar ittifaqlarının vahid namizədi cənab  İlham Əliyev olub.

Əminəm ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində həmişə olduğu kimi, demokratiya zəfər çalacaq, çünki Azərbaycan cəmiyyəti sivil və kamildir, vətəndaşlarımız yüksək siyasi mədəniyyətə sahibdirlər. Xalqımız sarsılmaz birliyini, həmrəyliyini qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək, hakimiyyəti sınanmış və etibarlı əllərdə saxlayacaq". 

Səttar Möhbalıyev həmkarlar ittifaqlarının ötən 20 ildə qazandığı nailiyyətlərdə Prezident İlham Əliyevin böyük dəstəyini qeyd edərək bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı həm də həmkarlar ittifaqlarının tərəqqisi deməkdir. Bütün bu xidmətlərə görə Prezident İlham Əliyev hər bir ittifaq üzvünün dərin hörmətini və sevgisini qazanıb. Odur ki, konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittifaqı üzvü Prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edirlər. Biz xalqımızın parlaq gələcəyini, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamını cənab  İlham Əliyevin ölkəmizə rəhbərliyində görürük.

Sonra AHİK-ə üzv təşkilatların sədrləri çıxış edərək İlham Əliyevin ölkəmizə müdrik rəhbərliyini qeyd edib və namizədliyinin dəstəklənməsinin zəruriliyini bildiriblər.

Qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub və İlham Heydər oğlu Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in Bəyanatı oxunub.

"AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti" ilə bağlı çıxış edən millət vəkili  Səttar Möhbalıyev bildirib ki, 2018-2023-cü illərdə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətlərinin təşkilinə 154 658 000 manat vəsait xərclənib, 391 836 nəfər müalicə alıb və istirahət edib.  Eyni zamanda AHİK tərəfindən 2015-ci ildə "İlin peşəkar gənci" fəxri adı təsis edilib və indiyədək 27 sahə həmkarlar ittifaqı təşkilatından 400 nəfərə yaxın gənc əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək bu fəxri ada layiq görülüb. 700 nəfər tələbəyə 300 000 manata yaxın adlı təqaüd verilib, 180 nəfərə yaxın tələbənin təhsil haqqı ödənilib. Bundan əlavə, hər il 230 nəfər tələbənin qidalanma xərcləri ödənilir.

Qeyd olunub ki, ötən 5 il ərzində gender məsələlərinin həlli üzrə beynəlxalq təşkilatlarla, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə bir sıra tədbirlər həyata keçirilib. Pandemiya dövründə koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 20 milyon manatadək vəsait xərclənib. Vətən müharibəsi və ondan sonrakı dövrdə Konfederasiya başda olmaqla üzv təşkilatlar və onların xidmətində olan həmkarlar ittifaqı təşkilatları qəbul olunmuş qərarlarla Azərbaycan Silahlı Qüvvələrinə yardım fonduna 1 041 890 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə 2 329 954 manat, şəhid və qazi ailələrinə 4 700 000 manat maddi yardım göstərib. Həmçinin 4 000 nəfərdən artıq şəhid ailəsi və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin sanatoriya kurort müalicəsi təmin edilib. Bununla yanaşı, 51 915 şəhid, qazi və aztəminatlı ailələrə 4 840 000 manat dəyərində ərzaq yardımları göndərilib, "Yaşat" və "Dirçəliş" fondlarının hesabına ümumilikdə 1 921 046 manat vəsait köçürülüb.

AHİK-in 2018-2023-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi ətrafında çıxışlarda qurumun işi qənaətbəxş hesab olunub və qərar səs çoxluğu ilə qəbul olunub. Eləcə də Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qoyularaq təsdiqlənib.

Gündəlikdəki "AHİK sədrinin seçilməsi" ilə bağlı çıxışlarda sədr vəzifəsinə Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi irəli sürülüb. Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.

Səttar Möhbalıyev ona etimad göstərən qurultay iştirakçılarına təşəkkür edib, bundan sonra da Azərbaycan həmkarlar ittifaqının inkişafı, üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində səylə çalışacağını vurğulayıb.

Bununla da AHİK-in VI Qurultayı işini başa çatdırıb.

Mehparə ƏLİYEVA,

"Respublika".