İQTİSADİYYAT

"Abşeron" yatağı hesabına qaz ixracının həcmi ildən-ilə artacaq

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft və qaz kəmərləri Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya və Avropa bazarlarına çıxarır. Bir zamanlar neft ölkəsi kimi tanınan Azərbaycan artıq qlobal miqyasda qaz ixrac edən ölkəyə çevrilib. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması ilə ölkəmiz regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir.

Bu günlərdə ölkəmiz üçün təbii qaz sahəsində tarixi hadisə baş verdi. Belə ki, 2020-ci il sentyabrın 19-da Prezident İlham Əliyev  tərəfindən təməli qoyulan "Abşeron" yatağından ilkin qaz çıxarılmışdır. Dövlət başçısı  iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu mövzuya toxunaraq bildirib: "...Bir məsələni də qeyd etməliyəm. Bu da bu günlərdə "Abşeron" qaz-kondensat yatağından çıxarılan ilkin qazın əhəmiyyəti ilə bağlıdır. Bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz "Şahdəniz" qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. "Abşeron" qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, "Abşeron" qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan "Şahdəniz" qaz yatağından da daha çox qaz və kondensat hasil edilir...".

Geoloqların ilkin hesablamalarına görə, "Abşeron" qaz-kondensat yatağında təqribən üç yüz milyard kubmetr təbii qaz var. Lakin bu, hələ ki, ilkin proqnozlardır, ola bilsin, yataqda olan qaz rezervləri daha yüksək rəqəmlərə ifadə edilsin. Beləliklə, bu yataqdan çıxarılan təbii qaz hesabına həm ixrac üçün ayrılan qazın həcmində artım baş verəcək, həm də enerji təhlükəsizliyimizin təminatçısına çevriləcək.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Xalid Cəfərli vurğulayır ki, bu xəbər çox sevindiricidir: "Belə bir rezervin olması hər kəsə məlum idi. Artıq bu istiqamətdə müqavilə imzalanıb investisiya qoyuluşu da edilmişdi. İndi isə məhsulumuzun barını görürük, artıq qaz çıxarılıb borulara vurulur".

Daha sonra ekspert "Abşeron" qaz yatağından çıxarılan qazın əhəmiyyətindən danışıb: "Azərbaycanın təsdiq edilmiş qaz yataqlarının həcmi 2,2 trilyon kubmetrdir. Yəni bu təsdiq edilmiş kommersiya əhəmiyyətli qaz ehtiyatıdır. Bu günə qədər 2,2 trilyon kubmetr olan qaz yataqlarının içərisində əsas yeri "Şahdəniz" qaz yatağı tuturdu və 2018-ci ildən istismara verilmişdi. "Şahdəniz"dən sonra isə həcminə görə, ikinci ən böyük qaz yatağı "Abşeron" hesab edilir. Burada da təxminən 350 milyard kubmetr qaz, 45 milyon ton kondensat ehtiyatı var. İkinci əhəmiyyətli "Abşeron" yatağından ilkin mərhələdə gündəlik 4 milyon kubmetr qaz çıxarılır. Tam gücü ilə işləyəndən sonra bu rəqəm 1,5 milyard kubmetr səviyyəsinə qalxacaq. Əvvəllər ixrac zamanı "Şahdəniz" yatağından asılı qalmışdıq. İndi isə əlavə ikinci ən böyük yatağımız işə salındı. Qeyd etmək lazımdır ki, "Abşeron" yatağı XX əsrin 60-70-ci illərində tapılmışdı, yəni çoxdan bizə bəlli idi. Lakin istismara verilməsi XXI əsrdə oldu. Əvvəllər kəşfiyyat quyusunun işlənilməsində iki fransız şirkəti və "SOCAR" birgə çalışırdı. Sonra qazılan kəşfiyyat quyusunun boş çıxması nəticəsində şirkətin biri fəaliyyətini dayandırdı və payları 10 faiz "SOCAR" və 10 faiz "Total" şirkəti arasında bölüşdürüldü. Beləliklə, paylar "SOCAR" və "Total" arasında 50 faiz olaraq müəyyən olundu. "Abşeron" Azərbaycan və fransız şirkətinin birgə istismar etdiyi qaz yatağıdır. Əhəmiyyətinə gəlincə isə deyə bilərik ki, ilk növbədə, ölkəmizin qaz ixracını artıracaq. Əvvəllər "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli"dən çıxarılan qaz-kondensatından asılı olsaq da, indi müstəqil böyük qaz rezervinə sahib olduq. Axtarışlar hələ də davam etdiyindən ola bilsin ki, yeni qaz yataqları tapılıb istismara veriləcək. Ehtiyatlar 2,2 trilyon kubmetr təsdiq edilsə də, ancaq axtarışlar davam edir. Hazırda ölkəmiz qaz ixracını TANAP vasitəsilə 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər və TAP-la isə 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi nəzərdən keçirir. Burada da "Abşeron" qaz yatağının müstəsna əhəmiyyəti olacaq. Biz, eyni zamanda paralel olaraq alternativ enerji mənbələrindən istifadə etməyə çalışırıq. Bunun nəticəsində daxili qaz istehlakını azaldıb ixraca üstünlük verə bilərik və belə planlarımız da var. Son vaxtlar "Yaşıl enerji" stansiyalarının yaradılmasında əsas məqsəd də budur".

Xatırladaq ki, "Abşeron" yatağının dəniz əməliyyatlarının təməli 2020-ci il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. "Abşeron" yatağında quraşdırılan dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. "Abşeron" layihəsi üzərində iş zamanı "BOS Şelf" şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni "Neft Daşları"nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. "Abşeron" layihəsində Xəzərdə ilk dəfə "boru içində boru" texnologiyası tətbiq olunacaq.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən "Abşeron" yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Təməlqoyma mərasimində jurnalistlərə açıqlama verən ölkə başçısı bildirmişdi ki, bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu gün faktiki olaraq "Abşeron" qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında daha bir uğura imza atacaqdır.

Musa BAĞIRLI,

"Respublika".