ABŞ-ın qərəzinin arxasında erməni lobbisi dayanır
Gündəm

ABŞ-ın qərəzinin arxasında erməni lobbisi dayanır

Son dövrlərdə ABŞ-ın atdığı addımlar ölkəmizə qarşı qərəzli siyasətin əyani sübutudur. Bu ilin 15 noyabr tarixində ölkənin Nümayəndələr Palatasında keçirilən dinləmələr və daha sonra ABŞ Senatı tərəfindən Azərbaycana "907-ci düzəliş"in təxirə salınmasından imtinanı nəzərdə tutan qanunun qəbul edilməsi rəsmi Vaşinqtonun ölkəmizin İkinci Qarabağ müharibəsindən sonra yaratdığı yeni geosiyasi düzəni qısqandığının göstəricisidir. Bu gün Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını və sülhün əldə edilməsini istəməyən qüvvələrdən biri də Ağ Evdir. Hazırda erməni diasporu və lobbi təşkilatlarının təsiri altında olan qüvvələrin aktivliyi ABŞ-da özünü daha çox büruzə verir.

Əslində, rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlər normal idi. Amma bəzi qüvvələr bu prosesə təsir göstərməyə nail oldular. "907-ci düzəliş"ə gəldikdə isə 1992-ci ildən qəbul edilmiş bu bədnam sənəd əslində Sovetlər İttifaqı süquta uğradıqdan sonra yaranmış müstəqil dövlətlərə "Azadlığa Dəstək Aktı" adı altında ABŞ tərəfindən yardımların göstərilməsi ilə bağlı idi. Həmin proqramda yalnız ölkəmizə yardımların dayandırılması nəzərdə tutulurdu. "907-ci düzəliş" əslində 2001-ci il 11 sentyabr hadisələrindən sonra bütün dünyada qlobal səviyyədə Amerika Birləşmiş Ştatlarının terrorizmlə apardığı mübarizədə Azərbaycanın bu prosesə verdiyi dəstəyə görə ABŞ Konqresi tərəfindən Prezidentə düzəliş hüququ qüvvəsini dayandırmaq səlahiyyəti verib. Beləliklə, ABŞ prezidenti bu qərarı təxirə sala bilmək və yaxud onun ləğvini həyata keçirə biləcək səlahiyyətinə malik oldu. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. Amma çox təəssüflər olsun ki, bu günədək həmin düzəliş bizim üçün tam ləğv edilməyib. Düzdür, hər il qeyd etdiyimiz tarixdən başlayaraq ABŞ liderləri tərəfindən təxirə salınır, amma tam ləğv olunmur.

Qeyd etmək lazımdır ki, ABŞ-ın "yardımının" əslində maddi baxımdan bizə heç bir əhəmiyyəti yoxdur. Azərbaycan artıq özü donor ölkə kimi fəaliyyət göstərir. Məqsəd tam başqadır. Bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizə münasibəti ümumilikdə Cənubi Qafqaz regionunda diktə edən, aparıcı mövqe tutan Azərbaycanın maraqlarına ziddir. Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" adlı dinləmələrin keçirilməsi ölkəmizə qarşı növbəti qərəzli addımdır. Azərbaycan dəfələrlə bəyan edib ki, "Dağlıq Qarabağ" adlı hər hansı bir inzibati rayon yoxdur. Bizim ərazilərimizdə inzibati ərazi vahidləri var və bu iqtisadi bölgüyə görə Azərbaycanda Şərqi Zəngəzur və Qarabağ mövcuddur. Bunu nəzərə alaraq, dinləmələrin adının özü-özlüyündə belə bunun hansı niyyətlə ortaya atıldığından xəbər verir.

Şübhəsiz, Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi ölkəmizin əhəmiyyətini bir daha artırır. Bu səbəbdən, ABŞ-ın Azərbaycanla münasibətlərinin normallaşdırılması Vaşinqtonun özünə də lazımdır. Əgər Ağ Ev bu gün bunu nəzərə alıb addım atırsa, o zaman biz də onlara adekvat münasibət sərgiləyəcəyik.

Yaxşı olar ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla münasibətlərin inkişafında maraqlı olsun. Düşünürəm ki, gələcəkdə erməni diasporu və lobbi təşkilatlarının təsiri altında atılan bu addıma düzəlişlər ediləcək və ümumilikdə bu prosesə müsbət töhfə verə biləcək siyasət reallaşdırılacaq.                                                                

Xəyal BƏŞİROV,

politoloq.