600-dən yuxarı bal toplayaraq BMU-ya qəbul olan tələbələrlə görüş
Elm və təhsil

600-dən yuxarı bal toplayaraq BMU-ya qəbul olan tələbələrlə görüş

2022-2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq Bakı Mühəndislik Universitetinə daxil olan tələbələrlə görüş keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi yad edilib.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BMU-nun rektoru, professor Havar Məmmədov tələbələri qazandıqları yüksək nailiyyətlər münasibətilə səmimi-qəlbdən təbrik edib və BMU-ya qəbulun nəticələrinin uğurlu olduğunu bildirib. Rektor ötən tədris ili ilə müqayisədə BMU-ya qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların sayının 53 nəfərdən 127 nəfərə, 500-dən çox bal toplayanların sayının isə 219 nəfərdən 314 nəfərə yüksəldiyini, eyni zamanda 127 nəfər arasında 49 nəfərin BMU-nun Cənubi Koreyanın İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramına (İDP) daxil olduğunu söyləyib.

Görüşdə BMU-ya 2022-2023-cü tədris ilində ən yüksək nəticə - 691.3 bal ilə daxil olan, universitetin Mühəndislik fakültəsinin Kompüter elmləri ixtisasını (tədris ingilis dilində) seçən Leyla Məmmədli, 643.5 balla BMU-İNHA ikili diplom proqramının Elektrik və Elektronika mühəndisliyi ixtisasına qəbul olan Zərifə Daşdəmirli çıxış edərək qarşıya qoyduqları hədəflərdən danışıblar.

Daha sonra rektor tələbələrin suallarını cavablandırıb.

                                               M.MİRZƏ,

                                   "Respublika".