2024: Hədəflər və gözləntilər
Siyasət

2024: Hədəflər və gözləntilər

Bu il də müstəqil Azərbaycanın həyatında mühüm tarixi hadisələrlə zəngin olacaq

Yeni ilin gəlişi ilə hədəf və gözləntilər də dəyişir. Ölkədaxili siyasi proseslərdə və digər sahələrdə yeniliklərin olacağı ilə bağlı bəzi fikirlər səsləndirilir. Müstəqil siyasət yürüdən Azərbaycanın 2024-cü ildə iqtisadi gücü daha da artacaq, siyasi nüfuzu yüksələn ölkəmiz regionda yenə də əsas güc mərkəzlərindən biri olaraq enerji layihələrini davam etdirəcək, bir çox mötəbər tədbirlərə evsahibliyi edəcək. Soydaşlarımızın Qarabağa böyük qayıdışı sürətlənəcək. Bir sözlə, uğurlu bir il olacaq.

"Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq, bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində yer alır.

Bu il iqtisadi sahədə öz siyasətimizi uğurla apardığımızı vurğulayan ölkə başçısı qeyd edib: "Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik".

Möhtəşəm uğurlarla qədəm qoyduğumuz 2024-cü ildə müstəqil Azərbaycan dövlətçiliyi tarixində mühüm bir hadisə baş verəcək. Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək və Azərbaycan xalqı öz prezidentini seçəcək. Azərbaycan xalqı, seçicisi özünün seçmək hüququnu ilk dəfə Azərbaycanın bütün ərazilərində yerinə yetirəcək. 20 illik fəaliyyəti dövründə xalqımıza verdiyi bütün vədləri yerinə yetirən müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs bayrağımızı işğaldan azad edilmiş bütün bölgələrimizdə dalğalandırdıqdan sonra keçiriləcək bu seçkiləri Zəfər seçkisidə adlandırmaq olar. Şuşadan, Xankəndidən, Laçından, Kəlbəcərdən, Xocavənddən, Xocalıdan, Ağdərədən və digər işğaldan azad edilmiş rayonlarımızdan olan vətəndaşlarımız öz ata-baba yurdlarında siyasi iradələrini sərbəst şəkildə ifadə edə biləcəklər. Bu seçki eyni zamanda qalib Prezidentin özünəinamının və xalqın siyasi dəstəyinə əminliyinin ifadəsi, ölkəmizdə növbəti islahatların aparılması üçün yeni bir başlanğıc olacaq.

Növbədənkənar seçkilərin zərurətinə gəlincə, Azərbaycanın İlham Əliyevin Ali Baş Komandanlığı sayəsində işğala və təcavüzə, separatizmə son qoyması ilə bütövlükdə regionda yeni reallıq yaranıb. Son üç ildə Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində uğurları qəbul edilir, bir örnək kimi qeyd olunur.

Ölkəmizin növbəti illərdə də demokratiyanın, yaxşı idarəetmənin, açıq hökumət təşəbbüsünün və şəffaflığın bərqərar olması, iqtisadi, sosial və sair sahələrdə əldə edəcəyi daha böyük uğurlarla həm postsovet məkanında, həm də Şərqi Avropada müsbət təcrübə kimi diqqət mərkəzində olması önəmlidir. Bu gün Azərbaycan beynəlxalq arenada və regionda söz sahibinə çevrilib. Məlumdur ki, yeni reallıqlar yeni çağırışlar doğurur. Belə bir mürəkkəb şəraitdə verilən bu tarixi qərar cənab Prezidentin müdrikliyinin növbəti təzahürüdür. Qalib xalqımız hər zaman olduğu kimi, öz liderinin ətrafında sıx birləşəcək və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən qüdrətli dövrünə qədəm qoyacaq.

2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müvafiq dövlət qurumları tərəfindən yüksək səviyyədə keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə COP29-a ilk hazırlıq iclasının keçirilməsi müvafiq dövlət qurumları tərəfindən bu mötəbər tədbirin də beynəlxalq standartlara uyğun şəkildə təşkil ediləcəyinə əminlik yaradır. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfəsini verir. Dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma, COP29-un Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir. "Yaşıl" iqtisadiyyata keçid və "yaşıl" enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik İli" elan edilməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin hədəfidir.

İkinci Qarabağ müharibəsindən sonra 30 ilə yaxın ermənilər tərəfindən viran qoyulan, daşı-daş üstə saxlanılmayan, ekologiyası məhv edilən Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasını xatırladır. Artıq şəhərlərimiz, kəndlərimiz yenidən qurulur. Bunun nəticəsi olaraq 2023-cü ildə 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Soydaşlarımız artıq öz doğma yurdlarında bayram edir. Laçın, Füzuli şəhərinə, Zabuxa, Talış kəndinə Ağalıya və digər bərpa edilmiş yaşayış məntəqələrimizə keçmiş məcburi köçkünlərin geri dönüşü təmin edilib. Ermənilərin viran qoyduğu torpaqlarımıza həyat qayıdır. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq bütün keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına dönüşü təmin ediləcək. Prezident İlham Əliyev 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacağı ilə də bağlı müjdə verdi. Ölkəmizin başçısı bu il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcəyini, eyni zamanda Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqlarını bildirdi. Bu, olduqca qürurverici və tarixi bir müjdə idi.

Mustafa KAMAL,

"Respublika".