Nazir müavini: Azərbaycanda boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi qəbul edilməlidir
Səhiyyə

Nazir müavini: Azərbaycanda boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi qəbul edilməlidir

Ölkəmizdə boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi qəbul edilməli, sirkə essensiyanın sərbəst satışı qadağan olunmalıdır. Həmçinin pestisidlər kəskin və xroniki zəhərlənmələrin qarşısının alınması məqsədilə təhlükəli kimyəvi maddələrin və dərman vasitələrinin uşaqlara əlçatanlığın qarşısını almaq, habelə onların təhlükəsiz utilizasiyanı hazırlamaq lazımdır.

"Respublika" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini İlqar Qasımov aprelin 17-də parlamentdə keçirilən “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda birgə ictimai dinləmədə deyib.

Aidiyyəti qurumlarla birlikdə ölkəmizdə uşaq və yeniyetmələr arasında artma dinamikası qeyd edilən xəstəliklərin ətraf mühit amilləri ilə əlaqəsinin araşdırılmalı olduğunu vurğulayan nazir müavini bildirib: “Qapalı məkanlarda, uşaq bağçalarında və məktəblərdə havanın çirklənmə göstəricilərinə nəzarət gücləndirilməlidir. Yəni, həmin müəssisələrə detektorlar da qoyula bilər”.

İ.Qasımov, eyni zamanda, deyib ki, Səhiyyə Nazirliyi UNICEF-in dəstəyi ilə bütün istiqamətlərdə uşaqların sağlamlığı ilə bağlı ötən ilin təhlilini aparıb. “Azərbaycan Tibb Universitetinin kafedraları elmi tədqiqat mərkəzləri ilə birlikdə ətraf mühitin uşaqların sağlamlığına təsirini araşdırma proqramları üzərində iş aparır”, - deyə o əlavə edib.