Növbəti
Siyasət

Növbəti "Ukrayna", "Suriya" planı

Aprelin 5-də Nikol Paşinyan, Ursula Fon der Lyayen və Antoni Blinken arasında Brüsseldə keçiriləcək görüşdə Ermənistana siyasi, iqtisadi, hərbi və humanitar yardım planının təsdiqlənməsi gözlənilir. Artıq rəsmi Bakı bir neçə müddətdir ki, bu görüş barədə narahatlığını dilə gətirir. Səbəb isə çox aydın və sadədir: 30 il regionda işğalçı siyasət yürüdən, bir milyona yaxın azərbaycanlını etnik kimliyinə görə öz dədə-baba yurdlarından didərgin salan Ermənistana dünyanın siyasi mərkəzləri tərəfindən müxtəlif sahələrdə, ələlxüsus da hərbi sahədə dəstək verilərsə, bu, Cənubi Qafqazın təhlükəsizliyini sual altına qoya bilər.

Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Ağ Ev rəsmisi aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. A.Blinken sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını bildirib.

ABŞ Dövlət katibi Brüssel görüşünün Azərbaycana qarşı olmadığını bəyan etsə də, Ermənistana veriləcək hər cür dəstək dolayı yolla da olsa belə ölkəmiz əleyinə olan işbirliyi hesab olunur.  Dövlət başçısının A.Blinkenə bildirdiyi məlumatlar da işğalçı ölkəyə veriləcək dəstəyin Azərbaycan üçün yarada biləcəyi təhlükəni daha açıq şəkildə göstərir. Görüşdə yalnız iqtisadi və humanitar məsələlərin müzakirə ediləcəyinə inanmaq bir qədər çətindir. Rəsmi açıqlanmasa belə, bu gün heç kəsə sirr deyil ki, Brüsseldə təhlükəsizlik məsələləri və regiondakı son vəziyyətlə bağlı müzakirələr aparılacaq və hər hansısa qərarlar ola bilər. Məlum olduğu kimi, hazırkı məqamda ABŞ-ın və Avropa İttifaqının Ermənistanı Qərbin çətiri altına salmaq strateji hədəfləri sırasındadır.

N.Paşinyan hökumətinin bir neçə il çalışsa da, KTMT-dən istədiyini ala bilməməsi onu Qərbə daha da yaxınlaşdırıb. Kollektiv Qərb ilə yaxınlaşmanın  açıq-aydın şəkildə Azərbaycana qarşı olduğu birmənalıdır.  Əgər görüş iddia edilən kimi, iqtisadi xarakter daşıyırsa, Qərb təsisatları bölgədə sülh mühiti yaratmaq istəyirlərsə, o zaman Ermənistanın Azərbaycana vurduğu ziyan əsas müzakirə mövzusu olmalıdır. Yox, əgər həmin toplantıda regiondakı reallıqları dəyişmək cəhdi planlaşdırılacaqsa, bunun mümkün olmayacağını bilməlidirlər.

Çünki Prezident İlham Əliyev Qərbin regionla bağlı bütün planlarını hələ 2020-ci ildə Vətən müharibəsində pozub. Amma görünən odur ki, Qərb və Ermənistanın havadarları İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqlarla barışmaq istəmir. Təkcə, 44 günlük müharibədə deyil, ondan sonra baş verən sərhəd toqquşmalarında və 23 saatlıq antiterror tədbirlərində də məğlub olan Ermənistan anlamalıdır ki, bundan sonra da baş verəcək hər hansısa döyüşlərdə onlara köməyə gələn olmayacaq.

Artıq bu gedişlə Ermənistan Ukrayna, Suriya kimi ölkələrin aqibətini yaşamağa çox yaxındır.  Amma təcrübə göstərir ki, Qərb onun xilaskarı olmayacaq. Çünki bu günə kimi Qərbin dəstəklədiyi dövlətlər sonda heç bir zəfər əldə edə bilməyib. Buna görə də Ermənistanın Fransa başda olmaqla arxalandığı digər ölkələr onu düşdüyü bataqlıqdan çəkib çıxara bilməyəcək.

Brüsseldə keçiriləcək görüşlə bağlı Türkiyə də narahatlığını ifadə edib. Türkiyə XİN-in yaydığı bəyanatda bildirilir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra regionda daimi sülhün və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb.

Nəzərə alsaq ki, bu il ABŞ-da keçirilən seçkilərdə Tramp Prezident seçilərsə, yerləşdiyimiz regiondakı məsələlər Ağ Ev üçün öz mahiyyətini itirəcək.  Belə olan halda Fransanın da əli boşda qalacaq, Ermənistan Əfqanıstan və Suriyadan olan  terrorçuların, narkotrafikin cəmləşdiyi məkana çevriləcək.

Musa BAĞIRLI,

"Respublika".