İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Güləş üzrə millimiz turniri 10 medalla başa vurub

Türkiyənin Antalya şəhərində keçirilən "Çempionlar" turnirində ölkə millimiz 10 medal qazanıb.  U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil ediblər.

Sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyev, Sadiq Mustafazadə gümüş, Ruslan Abdullayev, Ramik Heybətov, Anar Cəfərli və Yusif Dursunov isə bürünc medal qazanıblar. Qadınlardan ibarət millimizin 4 üzvü medal əldə edib. Əsmər Cankurtaran və Ruzanna Məmmədova yarışı birinci yerdə başa vurublar. Elvina Kərimzadə və Nərgiz Səmədova isə bürünc medala sahib olublar. Həm sərbəst, həm də qadın güləşi üzrə yığmamız komanda hesabında üçüncü olub.

Gimnastlarımız beynəlxalq yarışda

Niderlandın Alkmaar şəhərində keçirilən "Dutch Trampoline Open" beynəlxalq turnirdə ölkəmizi təmsil edən gimnastika millimizin çıxışı uğurlu olub.

Batut gimnastikası üzrə dörd idmançımız yarışın fərdi proqramında qızıl və gümüş medal qazanıb. Belə ki, Selcan Mahsudova, Ömər Qasımlı qızıl, Ammar Baxşaliyev və Samirə Hüseynova isə gümüş medal əldə edib. Sinxron proqramda qüvvəsini sınayan Əli Niftəliyev və Ammar Baxşaliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yığmanın digər üzvləri - Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal qazanıblar.

Stolüstü tennisçilərimizin çıxışı uğurlu olub

Türkiyənin Nevşehir şəhərində keçirilən stolüstü tennis "Avropa Gənclər Seriyası 2024" beynəlxalq yarışda idmançılarımız 10 medal qazanıblar.

Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb. Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub. Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yeri tutub. Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Daha əvvəl U-13 milli 2-ci, U-15 yığma isə 3-cü yer tutub. Beləliklə, komandamız "Avropa Gənclər Seriyası 2024" yarışını ümumilikdə 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub.

Nərgiz İSMAYILOVA,

"Respublika".