İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Boksçularımızın turnirdə uğurlu çıxışı

Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında "Drakula" beynəlxalq turniri başa çatıb. Yarışda ölkəmizi təmsil edən milli komandamız 6 qızıl, 3 gümüş, 5 bürünc olmaqla, ümumilikdə 14 medal əldə edib. Yeniyetmə boksçularımız 11 medal qazanıb. Bağır Əmirxanlı (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Rza Rzayev (70 kiloqram) və Səftər Məmmədzadə (+80 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Zakir Həsənzadə (48 kiloqram), Kənan Aslanlı (63 kiloqram), Valeh Eyvazlı (66 kiloqram) ikinci, Əli Məmmədov (46 kiloqram), Raul Heydərli (52 kiloqram), Haqverdi Həsənov (57 kiloqram) və Nurlan Abışov (60 kiloqram) üçüncü yeri tutublar. Qızıl medal qazanan Sübhan Babayev turnirin ən yaxşı boksçusu seçilib. Azərbaycan yığması komanda hesabında 1-ci yeri tutub. Gənclərdən ibarət milli komandada Bilalhəbəşi Nəzərov (48 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) yarışı birinci yerdə bitiriblər. Tağı Nəsibov (57 kiloqram) isə bürünc medala yiyələnib. Məhəmmədəli Qasımzadə turnirin ən yaxşı boksçusu adına layiq görülüb. Bu yaş qrupunda mübarizə aparan millimiz isə komanda hesabında 3-cü olub.

Təmsilçimiz 3 qızıl medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli 3 qızıl medal qazanıb. 109 kiloqram çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionu olub. O, təkanla qaldırma hərəkətində də uğur əldə edib. 212 kiloqramı qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. Toplamda 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, yarışda 43 ölkədən 402 atlet (202 kişi + 200 qadın) mübarizə aparır.

Ölkə çempionatı başa çatıb

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub. 7 turun nəticələrinə əsasən 5,5 xal toplayan Ayan Allahverdiyeva ilk dəfə Azərbaycan çempionatının qalibi olub. 5 xala sahib olan Nərmin Abdinova ikinci yerdə, Səbinə İbrahimova isə  üçüncü pillədə qərarlaşıb. 4,5 xal toplayan Ləman Hacıyeva və onunla eyni xalı paylaşan  Səbinə Rzalı çempionatı müvafiq olaraq 4-5-ci pillələrdə başa vurublar. Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Mükafat fondu ilk beşlikdə yer alan şahmatçılar arasında bölünür. Qalib şahmatçı 6 min manat əldə edir. Çempionatda ilk iki yeri tutan şahmatçılar Ayan Allahverdiyeva ilə Nərmin Abdinova Avropa çempionatına ezam olunacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".