Yeni dövrün başlanğıcı
Siyasət

Yeni dövrün başlanğıcı

İkinci Qarabağ müharibəsində torpaqlarını işğaldan azad edən ölkəmiz 2023-cü il 23 aprel tarixində Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratmaqla ərazi bütövlüyünü tamamilə bərpa etdi. Ötən il sentyabr ayının 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində bölgədəki qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edilməsi, qondarma rejimin özünü buraxması ilə bütün ərazilərində suverenliyinin bərpa olunması dövlətimizin çoxəsrlik tarixində möhtəşəm qələbə oldu.

Cəmi 23 saat ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda separatizmin kökünün kəsilməsi müasir tariximizə ən parlaq qələbə kimi yazıldı. Bu tarixi Zəfərlə müstəqil dövlətimiz yeni bir dövrə qədəm qoydu. Ərazilərimizin 30 illik işğalı, bu müddət ərzində Azərbaycanın haqq-ədalət uğrunda mücadiləsi, düşmən ölkənin ardı-arası kəsilməyən təxribatları nəticəsində səngiməyən münaqişə və öz ərazilərimizdə əks-hücum əməliyyatının başlanması ilə xarakterizə olunan tarixi mərhələnin sonu, yeni dövrün başlanğıcıdır.

Fevralın 7-də işğaldan azad olunan ərazilər də daxil olmaqla ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Xalqımız müstəqil, suveren ölkəmizin hər guşəsində demokratik, şəffaf şəkildə öz namizədinə, onun xoş gələcəyinin təminatçısına, güclü dövlət quruluşuna səs verəcək. 30 ildən sonra doğma torpaqlarına geri dönən keçmiş məcburi köçkünlərimiz artıq müvəqqəti məskunlaşdıqları ərazilərdə deyil, əzəli torpaqlarının əsl sahibləri olaraq seçkilərdə iştirak edəcəklər ki, bu da ilk növbədə vətəndaşlarımızın təməl hüquqlarının bərpasıdır. Bu baxımdan, fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə başlayan yeni dövr uğurların, nailiyyətlərin müjdəçisi olacaq.

İkinci Qarabağ müharibəsindən sonra dövlətimizin düşünülmüş siyasəti, iqtisadi gücü nəticəsində düşməndən geri alınmış əzəli yurd yerlərimizin bərpasına başlandı. Yer üzündən silinmiş şəhərləri, viran qoyulmuş kəndləri ən yüksək səviyyədə, müasir formada yenidən qurmaq, minlərlə kvadratkilometr ərazilərdə infrastruktur, nəqliyyat, logistika layihələri reallaşdırmaq, kənd təssərrüfatı sahələrini bərpa etmək, xidmət sektorları yaratmaq, yurd yerlərinə geri qayıtmış keçmiş köçkünlərin normal həyat şəraitini təmin etmək üçün genişmiqyaslı tədbirlərə start verildi. Bu gün həmin ərazilərdə xəstəxana, məktəb, məscid, yaşayış binaları, mədəniyyət obyektləri və s. bərpa edilir, muzeylər, hava limanları, dəmir yolları, tunellər inşa olunur. Vətəndaşlarımızın doğma torpaqlarına tez bir zamanda qayıdışı üçün əzm, qətiyyət, iradə nümayiş etdirilir, Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Bütün iqtisadi gücünü səfərbər edən Azərbaycan bu yerlərin abadlaşdırılması, vətəndaşlarının rahat, firavan yaşayışı, tarixi ərazilərimizin qədimliklə müasirliyin vəhdətində inkişaf etdirilməsi üçün böyük layihələr reallaşdırır.

Düşmənin minalarla çirkləndirdiyi ərazilərin yenidən qurulması, bu yerlərin doğma sakinlərinə qucaq açması hər dəfə toy-büsata çevrilir. 30 il öncə isti yuvalarından, ata-baba ocaqlarından didərgin düşmüş vətəndaşlarımız indi sevinclə geri dönürlər, xalqımızın üzü gülür, mənfur düşmənin çirkin əməlləri sayəsində xarabalığa çevrilmiş əzəli yurd yerlərimiz gülüstana çevrilir. Bu yerlərin əsl sahibləri qürurla dalğalanan üçrəngli bayrağımızın altında firavan günlərinə qovuşurlar. Artıq işğaldan azad olunmuş 8 şəhər, 22 qəsəbə və kəndin təməli qoyulub. Baş planları təsdiqlənmiş yaşayış məntəqələrində sürətli bərpa-quruculuq işləri aparılır. Şəhər və kəndlərin gələcək inkişafı istiqamətində mühüm addımlar atılır. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan, doğma evlərinə qayıdan soydaşlarımız ölkəmizin, xalqımızın müasir tarixinin şərəfli səhifəsi olacaq növbədənkənar prezident seçkilərini böyük səbirsizliklə gözləyirlər. Artıq işğaldan azad edilmiş ərazilərdə - Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndidə seçki məntəqələri yaradılıb, seçki siyahıları hazırlanıb.

Respublikamızın hər yerində seçkilərə hazırlıq işləri aparılır, məntəqələr lazımi avadanlıqlarla təchiz olunub, maarifləndirici plakatlar asılıb, səsvermə kabinələri hazır vəziyyətə gətirilib. Seçki məntəqələrində namizədlərin təşviqat xarakterli materiallarının yerləşdirilməsi üçün lövhələr quraşdırılıb, seçki komissiyasının üzvləri ilə lazımi iş aparılıb, maarifləndirici seminarlar təşkil olunub. Seçki bülletenlərinin paylanılması prosesi davam edir.

Bütöv Azərbaycanın hər bölgəsində keçiriləcək 7 fevral növbədənkənar prezident seçkilərində xalqımız növbəti dəfə öz iradəsini, qətiyyətini nümayiş etdirəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".