İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Azərbaycan badmintonçusu ən güclü "dördlük"də

İsveçin Uppsala şəhərində keçirilən "VICTOR Swedish Open" turnirində Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra uğurlu çıxış edib. O, qadınların şəxsi yarışında ən güclü "dördlük"də yer alıb. Əsas mərhələdən başlayaraq mübarizə aparan idmançı ilk görüşündə isveçli rəqibini 2:0 (21-14,21-19) hesabı ilə məğlub edib. Finala yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Leonis Hyueyə (13-21,14-21) uduzub. Olimpiya təsnifat dövründə keçirilən yarışdan Keişa Fatimə Zəhra 1750 reytinq xal qazanıb.

Güləş üzrə ilin ilk yerli yarışı keçiriləcək

Yanvarın 29-dan fevralın 1-dək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Çempionatda 20 yaşadək gənclər iştirak edəcəklər. Gənclər və İdman Nazirliyi ilə birgə keçiriləcək yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Basketbol Liqasında növbəti turun oyunları

Azərbaycan Basketbol Liqasında XII turun növbəti oyunu keçirilib. Günün ilk matçında "Xəzri" "Cəlilabad"a 100:81 hesabı ilə qalib gəlib. İkinci görüş "Sabah" və "Xırdalan" komandaları arasında baş tutub. Oyun "Xırdalan" komandasının 107:103 hesablı qələbəsi ilə yekunlaşıb. Turun digər görüşləri yanvarın 26-28-də reallaşacaq. "Sumqayıt" "Sərhədçi"ni, "Gəncə" "NTD-İndiqo"nu, "Şəki" isə "Neftçi"ni qəbul edəcək. Turnir cədvəlinə 22 xalla "Xəzri" başçılıq edir. "Sabah" 21 xalla 2-ci, "NTD-İndiqo" 20 xalla 3-cü, "Xırdalan" isə 19 xalla dördüncü pillədə qərarlaşıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".