Böyük Qayıdış
Siyasət

Böyük Qayıdış

Soydaşlarımız qürurla, həyəcanla ata-baba yurdlarına dönüşün sevincini yaşayırlar

2023-cü ili uğurlarla yekunlaşdıran Azərbaycan yeni ilə də sevindirici xəbərlərlə başlayıb. Belə ki, azad olunan ərazilərə bu ilin ilk köçü yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürülüb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Ümumilikdə, indiyədək Füzuli şəhərində 410 ailənin (1519 nəfər) daimi məskunlaşması təmin edilib. Uzun illər Füzulinin həsrəti ilə yaşadıqlarını qeyd edən sakinlərin sevincinin həddi-hüdudu olmayıb. Onlar qəhrəman Azərbaycan Ordusuna öz təşəkkürlərini ifadə ediblər.

Bəşər tarixi boyunca məcburi köçün ağrısını əks etdirən çox hadisələr baş verib. Lakin dünyanın heç bir yerində 30 illik işğala son qoyub, bu qədər qısa müddət ərzində bərpa-quruculuq işləri görmüş və əzəli sakinlərin qayıdışını təmin etmiş bir ölkə nümunəsi olmayıb. Bir zamanlar zorla qovulduqları öz doğma torpaqlarına qayıdan soydaşlarımız qürurla, həyəcanla ata-baba yurdlarına qayıdışın sevincini yaşayırlar. Məcburi köçkünlərin illər sonra doğma yurda köçü insanların kökündən qoparıldığı yerlərə qayıdışdır. Əzəli torpaqlarından qovulmağın acısı ilə yaşamış insanlar bu gün öz kökünə qovuşur. Doğma torpağa ilk addımını atan keçmiş məcburi köçkünlərin həsrətində olduqları o yerlərə sevgisi yenidən alovlandırır.

Tanış yerləri gəzərkən köhnə yaralar yenidən təzələnir. Amma bu həm də Azərbaycan xalqının dözümlülüyünün, səbrinin, gücünün sübutudur. Torpağın qoxusu, yarpaqların xışıltısı illərin həsrət hissini oyadır. Ailələr, nəsillər yenidən birləşir.

Bunun müqabilində geri dönülməz dəyişikliklər də var. Ola bilsin ki, landşaft inkişaf edib, üzlər yadlaşıb amma yerin ruhu sarsılmaz olaraq qalır. Qayıdanlar həm özlərinin, həm də torpağın təkamülünə şahid olur, keçmişlə indi arasında körpü yaradırlar.

Qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı zəfər ölkəmizin inkişafına güclü təkan olub. 30 illik işğala son qoyan, öz ərazi bütövlüyünü təmin edən ölkəmizdə bərpa-quruculuq işləri başlayıb, həyat öz axarına düşüb. Qısa müddət ərzində, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri geniş vüsət alıb. Hazırda burada ən yeni tələblərə, həmçinin milli arxitektura qaydalarına uyğun yeni yaşayış sahələri qurulur. Dəmir və quru yol infrastrukturu yenidən yaradılır. Bildiyimiz kimi, qısa vaxtda Füzuli və Zəngilan rayonlarında beynəlxalq hava limanları istifadəyə verilib, Laçın şəhərində isə hava limanının tikintisi davam edir. Azərbaycanın incisi Şuşa şəhəri də yenidən qurulur. Qarabağdakı tarixi abidələr, milli mədəniyyət nümunələri bərpa olunur.

Azərbaycanın əsas prioritet məsələlərindən biri də 2030-cu ilədək işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı yekunlaşdırmaqdır. Bu prioritet məsələ ilə bağlı Azərbaycan Respublikasının dövlət büdcəsindən bu günə qədər, təxminən, 11 milyard manat vəsait xərclənib. Bu il isə dövlət büdcəsində 4 milyard manat vəsaitin Qarabağa xərclənməsi nəzərdə tutulur, həmçinin daha böyük sayda keçmiş köçkün öz dədə-baba torpaqlarına qaytarılacaq və onların qayıdacaqları şəhərlər arasında beş yeni şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri də olacaq.

Bu gün ölkəmizin qarşıya qoyduğu məqsədlərə təhlükəsizlik problemlərinin həlli, ərazilərin minalardan təmizlənməsi, yeni iş yerlərinin yaradılması, iqtisadiyyatın bərpası, insanların sosial müdafiəsinin gücləndirilməsi və s. daxildir. İkinci Qarabağ müharibəsindən sonra sürətlə davam edən bərpa-quruculuq işləri sübut edir ki, Azərbaycan öz hədəflərinə doğru qətiyyətlə irəliləyir. Bir zamanlar Azərbaycan xalqının yaralı yeri olan Qarabağ bu gün bərpa olunur, beynəlxalq səviyyədə əhəmiyyətli bir bölgəyə çevrilir. Xalqımızın arzusu artıq reallaşır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".