DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

10 ÖLKƏDƏN HUSİLƏRİN MÖVQELƏRİNƏ ZƏRBƏLƏRLƏ BAĞLI BİRGƏ BƏYANAT

Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ hökumətləri insanların həyatını və ticarətin sərbəst axınını qorumaqdan çəkinməyəcəklər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə həmin ölkələrin Yəmənin husilərdən ibarət “Ənsarallah” qruplaşmasının Qırmızı dənizdə hücumlarının qarşısının alınması ilə bağlı birgə bəyanatında deyilir.

Bəyanatda bunun özünümüdafiə hüququna və BMT Nizamnaməsinə uyğun olaraq həyata keçirildiyi bildirilir: “Məqsədimiz gərginliyin azaldılması və Qırmızı dənizdə sabitliyin bərpası olaraq qalır”.

Eyni zamanda, bəyanatda bildirilir ki, əvvəlki xəbərdarlıqlara baxmayaraq, Qırmızı dənizdə hücumlar səngiməyib. Ölkələr Qırmızı dənizdə ticarət yollarını qorumağa davam edəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, yanvarın 12-də gəmilərə davamlı hücumlara cavab olaraq, ABŞ və Böyük Britaniya silahlı qüvvələri Niderland, Kanada, Bəhreyn və Avstraliyanın dəstəyi ilə husilərin Yəməndəki mövqelərinə zərbələr endirməyə başlayıb.

İSRAİL-FƏLƏSTİN DİPLOMATİK ƏLAQƏLƏRİ NƏ VAXT QURULA BİLƏR?

Yaxın Şərqdəki münaqişə səbəbindən münasibətləri kəskin şəkildə pisləşən İsrail və Səudiyyə Ərəbistanı müstəqil Fələstin dövlətinin yaradılması planlarının hazırlanması və həyata keçirilməsi ilə paralel olaraq yaxın illərdə ikitərəfli əlaqələri normallaşdıra biləcək. “Financial Times” qəzetinin xəbərinə görə, oxşar proqnozu Atlantik Şurada rəyi soruşulan  ekspertlər bildiriblər.

Məlumata əsasən, sülhə olan ümidlər uzaq perspektiv kimi görünür və nəticədə bu, İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həlli çağırışlarını canlandıra bilər: “300 respondentin 20 faizi hesab edir ki, İsraillə dinc yanaşı yaşayacaq Fələstin dövlətinin yaradılması cəhdləri dəfələrlə uğursuzluğa düçar olandan sonra növbəti on il ərzində reallığa çevriləcək”.

Ekspertlərin 60 faizi düşünür ki, yaxın onillikdə Qəzza zolağında münaqişə nəticəsində regionda yaranmış vəziyyətə baxmayaraq, hərtərəfli sülh sazişi formasında irəliləyiş mümkündür. Eyni zamanda, Vaşinqton analitik mərkəzinin apardığı araşdırmada hər beş iştirakçıdan biri İsrailin 2034-cü ilə qədər suveren Fələstin dövləti ilə diplomatik əlaqələr quracağına dair fikir bildirib.

ŞİMALİ KOREYANIN BMT-DƏKİ DAİMİ NÜMAYƏNDƏSİ BƏYANATLA ÇIXIŞ EDİB

Şimali Koreya Rusiyanın onlardan aldığı raketləri Ukraynada istifadə etdiyinə dair iddiaları qəti şəkildə rədd edib. Bu barədə “TRT” telekanalı Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonqun açıqlamasına istinadən məlumat yayıb.

Verilən xəbərə görə, Kim Sonq BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə Rusiya arasında silah transferini pisləyən qərarından sonra yazılı açıqlama verib.

ABŞ-ın silah transferi ilə bağlı verdiyi açıqlamalara işarə edən Kim Sonq deyib: “ABŞ iki müstəqil suveren dövlət arasında legitim münasibətləri qeyri-qanuni etməyə çalışır. Şimali Koreya ABŞ-ın hər bir əsassız bəyanatına münasibət bildirmək məcburiyyətində deyil”.

QƏZAYA UĞRAYAN HƏRBİ TƏYYARƏ 8 İLDƏN SONRA TAPILDI

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “An-32” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğradıqdan 8 il sonra Benqal körfəzində Hind okeanının dibində tapılıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamaya əsasən, 2016-cı ildə itkin düşən və içərisində 29 nəfərin olduğu təyyarənin qalıqları Milli Okean Texnologiyaları İnstitutunun dərin dəniz tədqiqatları zamanı tapılıb.

Tədqiqatlar 3400 metr dərinlikdə, avtonom sualtı aparatın vasitəsilə həyata keçirilib. Məhz bu aparatın çəkdiyi şəkillər nəticəsində təyyarənin son dəfə radarlarda olduğu yerin okean dərinliklərində təyyarənin görüntüləri çəkilib.

Xatırladaq ki, 2016-cı il iyulun 22-də “An-32” təyyarəsi “Tambaran” aviabazasından havaya qalxaraq Andaman adalarındakı Port-Bleyrə eniş etməli idi. Təyyarədə 21 hərbçi və 8 mülki şəxs olub. Havaya qalxdıqdan 16 dəqiqə sonra pilotdan hər şeyin normal olduğu xəbəri alınsa da, bu mesaj təyyarədən gələn sonuncu mesaj olub.

Daha sonra genişmiqyaslı əməliyyat-axtarış tədbirləri keçirilsə də, təyyarəni aşkar etmək mümkün olmayıb.

UKRAYNA VƏ BRİTANİYA ARASINDA TƏHLÜKƏSİZLİK SAZİŞİ İMZALANIB

Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak yanvarın 12-də təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıblar. “Report” agentliyinin Şərqi Avropa Bürosunun məlumatına görə, “Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” Kiyevdə keçirilən danışıqlardan sonra iki ölkə liderləri tərəfindən imzalanıb.

Bildirilir ki, sənədlərə əsasən, rəsmi London Kiyevlə kəşfiyyat məlumatlarını mübadilə edəcək, kibertəhlükəsizlik, hərbi təlimlərə kömək edəcək və müdafiə-sənaye əməkdaşlığını gücləndirəcək. Bu saziş NATO-nun Vilnüs sammitində Ukrayna, “Yeddilik” qrupunun üzvləri və onlara qoşulan dövlətlər arasındakı razılaşmaları həyata keçirən təhlükəsizlik müqavilələri arasında ilkdir.

Məlumata görə, Böyük Britaniyanın bu sənəd üzrə təhlükəsizlik öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq. Lakin Ukrayna NATO-ya müddət bitməmiş üzv olarsa, təhlükəsizlik öhdəlikləri sona çatacaq və NATO sisteminə daxil ediləcək.

BLİNKEN BU ÖLKƏLƏRI KOALİSİYAYA QOŞULMAĞA RAZI SALA BİLMƏDİ

ABŞ dövlət katibi Entoni Blinken Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da daxil olmaqla region ölkələrini Yəməndəki “Ənsarallah” Hərəkatının yaratdığı təhlükəyə qarşı beynəlxalq koalisiyaya qoşulmağa inandıra bilməyib. “Teleqraf.com” xəbər verir ki, ABŞ-ın baş diplomatının Yaxın Şərq turu çərçivəsində bu məsələni müzakirə etdiyini bildirib.

Məlumata əsasən, husilərə qarşı mübarizədə xüsusilə mühüm tərəfdaşlar kimi qəbul edilən BƏƏ və Səudiyyə Ərəbistanı hərbi əməliyyatlara dəstək verməkdə maraqlı deyil. Misir və Qətərin də əməliyyatlara qoşulmaq niyyəti yoxdur.

Verilən xəbərə görə, bu, Qəzzada davam edən münaqişədə İsrail və Qərb müttəfiqlərinin tərəfində olmaq kimi qəbul edilə bilər.

Bununla yanaşı qeyd edilir ki, regional tərəfdaşların dəstəyinin olmaması ABŞ-ın husilərə qarşı həm döyüş meydanında, həm də ritorika baxımından planlarını poza bilər.

İSPANİYAYA SİYASİ SIĞINACAQ ÜÇÜN REKORD SAYDA MÜRACİƏT OLUNUB

İspaniyaya 2023-cü ildə rekord sayda siyasi sığınacaqla bağlı müraciət edilib. “TRT” telekanalının xəbərinə görə, İspaniya Daxili İşlər Nazirliyinin Qaçqınlar və Sığınacaq İdarəsindən mətbuata verilən məlumata əsasən, idarə 1992-ci ildən bəri  ən çox siyasi sığınacaq müraciəti qəbul edib.

Ötən il ölkəyə 163 min 218 müraciət olunub ki, bu da 2022-ci ilə nisbətən siyasi sığınacaq müraciətlərində 37 faiz artım deməkdir.

Siyasi sığınacaq üçün edilən müraciətlərin 60 min 534-ü Venesuela, 53 min 564-ü Kolumbiya və 14 min 306-sı Peru vətəndaşlarına məxsus olmaqla, 78,6 faiz təşkil edib.

2023-cü ildə İspaniyada qaçqın statusu verilənlərin sayı 7521 nəfər olub ki, onların əksəriyyəti əfqanıstanlılar, suriyalılar, nikaraqualılar, kolumbiyalılar və honduraslılardır.

Eyni zamanda, idarə Rusiya ilə müharibədən qaçan ukraynalılardan 33 min 928-nə ötən il “Müvəqqəti qoruma statusu” verildiyi və hazırda İspaniyada bu hüquqdan yararlanan ukraynalıların sayının təxminən 195 minə yüksəldiyi məlumatını da paylaşıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.